Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank hansı təhlükənin anonsunu verir – Sonra “demədi” deməyin

Mərkəzi Bank hansı təhlükənin anonsunu verir – Sonra “demədi” deməyin

Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev deyib ki, Rusiyaya qarşı sanksiyaların ölkəmizə də təsiri olacaq. O, bunu Azərbaycanla Rusiyanın qonşu olması ilə əlaqələndirib: “Həmin təsirlərin nə qədər və hansı müddətdə olacağını təxmin etmək zaman məsələsidir. Bu prosesləri ətraflı, dərindən monitorinq və qiymətləndirmə edirik”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Rusiyaya qarşı misli görünməmiş sanksiyalar tətbiq edib. Şimal qonşumuz ağır maliyyə, iqtisadi və siyasi sanksiyalarla üzləşib və bunun region dövlətlərinə, o cümlədən Azərbaycana da təsiri qaçılmazdır.

Lakin AMB rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi ciddi müzakirələrə səbəb olub. Çünki Mərkəzi Bank adətən bu cür məsələlərdə daha ehtiyatlı davranır. Bu səbəbdən bəzi ekspertlər hesab edirlər ki, Z.Əliyevin son açıqlaması ictimai hazırlıq prosesinin tərkib hissəsidir.

“MBA konsaltinq” şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov AYNA-ya şərhində bildirib ki, Rusiyaya qarşı sanksiyalar Azərbaycana da təsirsiz ötüşməyəcək: “Bu sanksiyaların nəinki Azərbaycana, həmin sanksiyaları tətbiq edən ölkələrə də təsiri mövcuddur. Hətta ABŞ Prezidenti Cozef Bayden Rusiya nefti və qazının idxalına sanksiyalar qoyduqları zaman bildirdi ki, bu, Amerika əhalisinin rifahına mənfi təsir göstərəcək. Təbii ki, Rusiya dünyanın əhəmiyyətli ölkələrindən biridir və ona qarşı maliyyə, iqtisadi sanksiyalar bütün dünyada böhrana səbəb olacaq”.

“Azərbaycana gəldikdə isə, baxmayaraq ki, sanksiyalar yenidir, artıq müəyyən təsirləri hiss olunmağa başlayıb. Rusiyada və Ukraynada yaşayan soydaşlarımızdan bəziləri artıq ölkəmizə dönüb. Onlar qeyd edirlər ki, mövcud şərtlər daxilində orada yaşamaq əlverişli deyil və vəziyyətin yenidən öz məcrasına qayıdacağı dövrü gözləyirlər. Gələcəkdə onların sayının artacağı, əhəmiyyətli bir hissəsinin Azərbaycana qayıtması istisna olunmur. Nəzərə alsaq ki, milyonlarla soydaşımız adıçəkilən ölkələrdə yaşayır, bu, ciddi sosial-iqtisadi problemlərə yol açacaq”, – deyə həmsöhbətimiz söyləyib.

Onun sözlərinə görə, qiymət artımları bütün sahələrdə baş verəcək: “Rusiya dünyanın ən böyük neft-qaz istehsalçılarındandır. Avropanın enerji bazarını təmin edən əsas ölkədir. Rusiyaya qarşı və hər gün artmaqda olan sanksiyalar enerji daşıyıcılarının qiymətlərini artıracaq. Nəticədə qolbal inflyasiya baş verəcək. Hansı ki, bu ilin əvvəlindən start götürüb və bundan sonra da artım tempi ilə davam edəcək. Digər yandan hər iki dövlət – həm Rusiya, həm də Ukrayna əsas taxıl idxalçılarıdır. Hətta ehtimallar mövcuddur ki, bu böhranla əlaqədar dünyada taxıl qıtlığı yaranacaq. Tikinti məhsulları da bahalaşacaq və bu, Azərbaycanın daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək”.

“Rusiyada yaşayan soydaşlarımızın sosial durumunun pisləşməsi də daşınmaz əmlak sektorunda alıcılıq qabiliyyətini aşağı salacaq. Bütün hallarda bu sanksiyalar Rusiya üçün sarsıdıcı olmaqla yanaşı, bütün dünyaya, əsasən də bizim regiona ciddi təsir göstərəcək. Əmtəə bazarında yaşanan təlatüm son 40 ildə rekord göstərici sayılır. Bu, artıq həyəcan siqnalıdır və növbəti bahalaşma dalğasına və dünya boyu növbəti iqtisadi böhrana hazır olmalıyıq”, – deyə İbrahimov vurğulayıb.

AMB Baş direktorunun son açıqlamasının psixoloji hazırlıq prosesinin tərkib hissəsi olması ilə bağlı iddiaları bölüşməyən müsahibimiz qeyd edib ki, vəziyyət doğrudan da mürəkkəbdir: “Bir çoxları ümid edir ki, Rusiyaya qarşı sanksiyaların təsiri ciddi olmayacaq və bundan yayına biləcəyik. Əslində isə belə deyil. Təsirlər sərt və qaçılmaz olacaq. Azərbaycanda növbəti devalvasiya barədə ehtimallara gəldikdə bunlar gözlənilmir. Çünki hazırda neftin qiymətləri yüksəkdir və hökumət bununla manatın sabitliyini kompensasiya edə bilir. Digər yandan belə bir həssas məqamda bu cür qərarın verilməsi inandırıcı görünmür. Təbii ki, gələcəkdə neftin qiyməti kəskin düşərsə – hansı ki, indiki halda bu inandırıcı deyil – hər şey ola bilər”.

Azərbaycan Milli Məclisinin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli də AYNA-ya açıqlamasında deyib ki, Rusiyaya qarşı sanksiyaların Azərbaycana ciddi təsirləri qaçılmazdır: “Azərbaycan bu sanksiyalardan yan keçə bilməyəcək. Çünki Rusiyadan iqtisadi asılılıq böyükdür. Hətta dünya iqtisadiyyatından məlumatı olmayan istənilən şəxs də başa düşür ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində beynəlxalq sanksiyalar ölkəmizə çox ciddi təsir göstərəcək. Bundan təsirlənən sahələrdən biri bank sektoru olacaq. Azərbaycanın əsas idxalçılarından biri Rusiyadır və idxal məhsullarının 15-ə qədəri onun payına düşür, eyni zamanda ixrac səviyyəsi də 3,7 faiz həddindədir, bu, kifayət qədər ciddi rəqəmlərdir”.

“Bundan sonra ixrac onsuz da cəlbedici olmayacaq. Çünki Rusiya rublunun devalvasiyaya uğraması, Qərbin sanksiyalarından ehtiyatlılıq bu vəziyyəti şərtləndirəcək. Digər yandan Azərbaycanda gömrük və loqistik problemlərin olması da buna təsirsiz ötüşməyəcək. Bütün hallarda Azərbaycan bu sanksiyalardan ciddi şəkildə təsirlənəcək və növbəti bahalaşma dalğası baş verəcək”, – deyə mütəxəssis diqqətə çatdırıb.

Onun fikrincə, Rusiyadakı böhran sahibkarları alternativ bazarlar axtarmağa sövq edir: “Baxmayaraq ki, sanksiyalar yenidir, artıq müəyyən təsirləri hiss olunmaqdadır. Təbii ki, qarşıdakı dövrlərdə bu təsirlər daha da artacaq və ciddi sosial-iqtisadi problemlərə yol açacaq. Hökumət bunun qarşısını almaq üçün səylərini gücləndirməli, onsuz da ağır sosial şərtlər altında yaşayan əhalinin növbəti “sürprizlərlə” üzləşməsinə imkan verməməlidir”.

“Mərkəzi Bankın Baş direktoru Ziya Əliyevin Rusiyaya qarşı beynəlxalq sanksiyaların ölkəmizə təsirləri barədə açıqlaması onu göstərir ki, Azərbaycanda bank sektoru və bütövlükdə ölkə iqtisadiyyatı müstəqil deyil. Hökumətdən daha çox asılıdır və onun qərarlarına uyğun olaraq hərəkət edir. Halbuki banklar pul-kredit siyasətində daha müstəqil olmalıdır. Bu, bütün dünyada belədir. Hökumət deyərkən burada Nazirlər Kabineti və icraedici hakimiyyət nəzərdə tutulur. Hazırkı həssas şəraitdə belə bir açıqlama ciddi çaşqınlıq yaradır və ölkə iqtisadiyyatına müsbət heç nə vəd etmir. Nəticədə daha çox şayiələr və problemlər ortaya çıxarır. Yaxşı olardı ki, bundansa real vəziyyəti açıqlayıb, yerli sahibkarlara alternativ bazarlar tapmaqda kömək etsinlər”, – deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …