Ana səhifə / İqtisadiyyat / Mənfəət vergisinin dərəcəsi dəyişdirilməlidir

Mənfəət vergisinin dərəcəsi dəyişdirilməlidir

Bakıda mənzil tikintisi faəliyyəti ilə məşğul olan hüquqi şəxslərə münasibətdə mənfəət vergisinin faiz dərəcəsi 20 faizdən 40 faizə qaldırılmalıdır.

Qoyulan problem cəmiyyətin ümumi maraqlarını əks etdirən , ətraf mühitə və vətəndaşlara vurulan zərərin kompensasiyası məqsədini daşıyır.

Bakını yaşayış üçün yararsız hala salan , şəhərin ağ ciyərlərini məhv edən, yaşayış sıxlığı və tıxacların yaranmasına səbəb olan bu sahənin vurduğu zərərlər vergi münasibətlərində hökmən nəzərə alınmalıdır. Çünki şəhərin çirklənməsi, floranın məhv edilməsi, ekoloji təhlükənin artması Bakı şəhərinin bir sıra infrastrukturlarının işini də artırır. Təhsil , yol və nəqliyyat infrasturukturlarının demək olar ki, mövcud insan sıxlığına cavab verə biməməsi, tikinti şirkətlərinin isə belə bir tələbdən kənarda qalması onların yalnız gəlir əldə etmək kimi məqsədlərə fokuslandığını nəzərə alsaq nə üçün də ətraf mühitə vurduqları zərərləri vergi yolu ilə kompensasiya etməməliyik. Ağır tonajlı beton daşıyan yük maşınlarının və onların ətrafa dağıtdıqları beton qalıqlarının yolları vaxtından əvvəl sıradan çıxarması, sıxlıqdan yaranan yol çökmələri, aşınmaları, havanın kəskin çirklənməsi, floranın sıradan çıxması, küçələrin çirklənməsi, zibil tullantılarının artması və s vurulan zərərlər əgər özəl tikinti sektorunun hesabına qarşılanarsa , bu həm onların məsuliyyətinə , həm də şəhərin təmizliyinə və ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edər. Həmin vəsaitin bir hissəsi xüsusi fonda yönəldilməli yaşıllıqların , parkların bərpasına, şəhərin təmizliyinə xərclənməlidir. Əslində isə ümumiyyətlə Bakı şəhərində tikintiyə icazə tamamilə dayandırılsa daha yaxşı olar. Bu eyni zamanda aidiyyətli qurumlardan alınan qanunsuz icazələrin də qarşısını almış olar.

Məsələdən bir qədər kənara çıxaraq qeyd etməliyəm ki,. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində nələr baş verdiyinə özüm şahidəm. Bir məsələ ilə bağlı mənim özüm də bu quruma müraciət etmişdim. Orada özbaşnalığı və qanunsuzluğu çox tanınmış və mənim çox hörmət etdiyim nazirin adı ilə əlaqələndirmişdilər. Guya ki, “X” layihənin arxasında həmin nazir dayanır. Əlbətdə bu qurumdan gələn sədanı mən qeyri -ciddi hesab etdim , çünki öz qanunsuz əməllərini , bəlkə də korrupsiya hüquqpozmaları ilə müşahidə olunan hərəkətlərini gizlətmək üçün belə bir məlumat verdiklərinə əmin idim. Diqqətə çatdırma istərdim ki, növbəti dəfə işi görən qurumun təmsilçisi, şirkət barədə ölkə Prezidentinə, adından sui istifadə olunan nazirə və ictimaiətə məlumat veriləcək.

Bütün yuxarıdakı məsələləri nəzərə alaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin ( IX fəsil Hüquqi şəxslərin mənfəət vergisi) 105-ci maddəsinə aşağıdakı redaksiyada əlavənin (dəyişikliyin) edilməsini məqsədəuyğun hesab edir və bütün müvafiq qurumların diqqətinə təqdim edirəm.

Maddə 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur . Bakı şəhərində mənzillərin tikintisi və satışı , habelə yalnız satışı fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mənfəətindən 40 faiz dərəcə ilə vergi tutulur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə yuxarıdakı redaksiyada təklif olunan dəyişiklik qəbul olunarsa istisna hal kimi bir il müddətində geriyə qüvvəsinin olduğu tanınmaqla mövcud problemlərin bir hissəsi qismən həllini tapmış olar.

Elçin QURBANOV,
İqtisadçı

Həmçinin oxuyun

Bir neçə ay ərzində 100 minlik tenderləri udan Vüsalə Sultanova kimdir? – Faktlar

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Dəyəri 58 min …