Ana səhifə / İqtisadiyyat / Məmurlar utanmadan deyir ki, süni qiymət artımı var…

Məmurlar utanmadan deyir ki, süni qiymət artımı var…

Klassik iqtisadi nəzəriyyələrdə deyilir ki, qiyməti formalaşdıran əsas amil tələb və təklif arasında olan münasibətlərdir – tələb çox, təklif az olanda qiymətlər qalxır, təklif çox, tələb az olanda isə qiymətlər enir. Amma bu klassik nəzəriyyənin müxtəlif izahı, əlavələri və şərtləri var.

Qiymətin arxasında əvvəl maya dəyəri dayanır – hər hansı bir mal-məhsula nə qədər əmək, xammal, resurs xərclənməsi qiymətin formalaşmasında öz əksini tapır.

Sizləri Aristoteldən Marksa və ya günümüzə qədər qiymətin formalaşdırılması nəzəriyyələri ilə yormaq istəmirəm, sadəcə Azərbaycan reallığında qiymətin formalaşmasında iqtisadi olmayan, sistemdən qaynaqlanan nə qədər problemlərin olduğunu göstərməyə çalışacağam.

Marks deyirdi ki, məsələn, meşədə yabanı bitən meyvə-giləmeyvənin qiyməti olmur, amma onu insan övladı dərib, qablaşdırıb bazara çıxarırsa, o zaman dəyər qazanır – yəni, arxasında duran əmək qiymətin formalaşmasında önəmli rol oynayır.

Bunun əksini söyləyənlər də var, onlar deyir ki, hətta meşədə yabanı bitən meyvələrin də öz dəyəri var, bu dəyər mülkiyyətçinin hüququndan tutmuş vasitəçilərin xidmətinə qədər, özündə ehtiva etməlidir.
Məsələni qəlizləşdirmədən gəlin addım-addım gedək: Hər hansı bir malın satış qiyməti ona çəkilən bütün xərclər (maya dəyəri) və satıcının gəliri ilə formalaşır. Amma zaman, məkan, şərtlər də önəmlidir: Siz bu gün 1 litr suya normal şərtlərdə 50 qəpik-1 manat arasından artıq pul verməyə hazır deyilsiz, amma, məsələn, səhrada 3 gün susuz qalsanız və sizə 1 litr suyu cibinizdə olan qədər pula, hətta 10000 manata da satmaq mümkün olar.

Bir də var alıcılıq qabiliyyəti, yəni bir mala siz qiymət qoyarkən mütləq toplumun alıcılıq qabiliyyətini və ya satış həcmini də nəzərə almalısınız. Toplumda rifah halı yüksəldikcə, alıcılıq qabiliyyəti artdıqca qiymətlər də artır.

Gələk Azərbaycana: İdxal malları – Bu kateqoriyaya aid edilən malların maya dəyərinə xaricdə alınmış qiymət, yol xərcləri, gömrük rüsumları və vergilər, sahibkarın qazancə daxildir. Normalda nə baş verməlidir: sahibkar, məsələn, 5 manata mal alır, 1 manat yola, 2 manat rüsum-vergilərə xərcləyir, 1-2 manat da öz qazancını üzərinə qoyur, nəticədə 5 manata aldığı malı 9 manata topdan, 10 manata isə pərakəndə satışa çıxarır. Sahibkar mütləq tələb-təklif qanununu da nəzərə alır ki, ziyana düşməsin, toplumda ehtiyac olan malları alıb-gətirsin. Yəni normalda xaricdə 5 manata alınan mal Azərbaycan bazarında 10 manata satılır.
Dövlətin burada rolu və funksiyası nə olmalıdır: Dövlət görür ki, bir məhsulun qiyməti artır, o zaman iki yol var – ya daxili istehsalı stumullaşdırır, ya da gömrük rüsumlarını və vergiləri azaldır. Ədalətli və seçkili hökumətlər daxili istehsalı stimullaşdırmaq üçün nə edir? İstehsalçılara dəstək olur, ucuz və uzunmüddətli kreditlərə çıxışı təmin edir, istehsalçılara vergi güzəştləri tədbiq edir. Yerli istehsalı mümkün olmayan, ya da çox az olan mallar üçün isə rüsumları sıfırlayır, vergiləri azaldır ki, bazara ucuz mal daxil ola bilsin.

Bizim hökumət nə edir: Rəqabətli mühit təmin etmir, sosialyönlü mallara rüsumları sıfırlamır, ölkədə istehsalı az və ya heç olmayan mallara ƏDV-ni ləğv etmir və ya azaltmır – nəticədə qiymətlər şişir, sonra da məmurlar ağıllı sifətlə TV-lərə çıxıb utanmadan “süni qiymət artımı var” deyirlər. Anlamırlar ki, normal çalışan iqtisadi sistemdə, bazar iqtisadiyyatında süni qiymət artımı olmur – ola bilməz!

Sonra nə edirlər: Gömrük Komitəsi və Vergilər İdarəsi tez-tez bəyan edirlər ki, biz plandan artıq rüsum-vergi yığdıq, elə bil böyük iş görüblər, hələ də etiraf etmək istəmirlər ki, ödənilən hər manat rüsum-vergi sonda MÜTLƏQ bizim, alıcının, vətəndaşın cibindən çıxır.
Yaxşı, dövlət niyə rüsum-vergilərdə israrlıdır?! İzah edəcəklər ki, dövlət büdcəsi var, xərclər var, dövlətin çalışması, təhlükəsizliyi və digər ödənişlər var, rüsum-vergi yığmasaq, bəs nə ilə bu xərcləri qarşılayaq?!
Məsələnin pik nöqtəsi də məhz budur: Birincisi, ölkə büdcəsinin 50%-i birbaşa Neft Fondundan transfertdir, yəni xalqa məxsus olan neftin puludur, 10-12%-i neft şirkətlərinin ödədiyi vergilərdir – bu da neftin puludur, qalan 40%-ə yaxın vəsaitin mənbəyində də dolayı neft pulu var: Neftin pulu büdcəyə, sonradan 915 min büdcədən maaş alan insanlara gedir – onlar həmin pulun 14%-ni büdcəyə, 3%-ni isə Sosial Müdafiə Fonduna vergi kimi geri qaytarırlar. Sonra büdcə vəsaiti təmir-tikintiyə gedir (korrupsiyanı saymasaq) və bir hissəsi (ən azı 20%-ə yaxını) müxtəlif yollarla vergi şəklində yenə büdcəyə qayıdır. Deməli, büdcənin neftdən asılılığı birbaşa və dolayı yolla 75% civarındadır.

Bəs deyəcəksən qalan 25%, onlar da toplanmalıdır axı?!

Əlbəttə toplanmalıdır, ümumiyyətlə vergilər də ödənilməli, rüsumlar da olmalıdır, büdcəyə vəsait gəlməlidir – amma bir incə məsələ var: Vergi həmişə seçkiyə bağlıdır, yəni seçkili institutlar yoxdursa, verginin, vergi yoxdursa, seçkili institutların önəmi olmur. Qısası, vergi alırsınızsa, seçkini də təmin etməlisiniz, seçki və vergi lap qədimdən vətəndaşı dövlətə bağlayan iki ana xətt, dövlətin varolmasını təmin edən iki magistraldır: Ola bilməz ki, dövlət vergi, rüsum, cərimə yığsın, amma seçkili institutların formalaşmasına mane olsun – bu, mümkün və işlək model deyil…

Natiq Cəfərli, ekspert

Həmçinin oxuyun

Cənub Qaz Dəhlizi ilə Avropaya qaz ixracı maksimum həddə çatmaq üzrədir

Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü demək olar ki, layihə ilə nəzərdə …