Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / “Məhsul bolluğu həm daxili tələbatı ödəməyə, həm də ixraca imkan verir”

“Məhsul bolluğu həm daxili tələbatı ödəməyə, həm də ixraca imkan verir”

Kənd təsərrüfatı üçün 2020-ci il uğurlu il ola bilər. Belə ki, aparılan islahatların nəticəsi olaraq bir çox rayonlarda əkilən sahələrin həcmi artıb və bir çox məhsullarla bağlı uğurlu nəticələrin əldə ediləcəyi gözlənilir.

Bəs görəsən, Kənd Təsərrüfat Nazirliyi hazırda hansı sahələrdə iş aparır? Taxılçılıqda, tərəvəzçilikdə vəziyyət necədir?

Bu suallarla bağlı “Yeni Müsavat”a açıqlama verən Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov vurğuladı ki, ölkədə yetərincə əkin aparılıb: “Kənd təsərrüfatında görülən işlərlə bağlı işıqlandırılan kadrlardan da bəlli olur ki, ölkədə taxıl əkimi kifayət qədərdir. Bundan  başqa, faraş kartof və soğanın yığımı gedir. Həm daxil bazara yönləndirilir, həm də xaricə ixrac edilir. Mövsüm meyvələrindən çiyələk ixrac olunur.

May ayının 25-dən etibarən taxıl biçininə start veriləcək. Ötən il texnikanı tələbata uyğun olaraq çox dəqiq böldük və biçilməmiş sahə qalmadı, vaxtından əvvəl hamısı biçildi. Ötən il əsas problemimiz dağlıq ərazilərdə, relyefi maili olan  əkin sahələri var ki, oraya indiki texnikanın çıxması mümkün deyildi. Buna görə də fermerlərin narazılığı var idi. Həmin ərazilərdə taxılı köhnə sovet kombaynları ilə biçirdilər. Bu problemlərin həlli üçün bu il 25 ədəd xüsusi təyinatlı, dağ şəraitində biçin apara biləcək kombaynlar gətirilib. İndi ona tələbatın olduğu ərazilər müəyyən edilir ki, dislokasiya düzgün aparılsın. İyulun əvvəlinə qədər işimiz əsasən taxıl biçini olacaq. Məhsul kifayət qədər boldur”.

V.Hüseynovun sözlərinə görə, aprelin soyuq keçməsi belə məhsuldarlığa ciddi təsir etməyib: “Bu il aprel ayı bir qədər soyuq keçdi. Ənənəvi aprel şaxtası deyilən bir anlayış var. Ancaq bu il həmin soyuqların bir mənfi təsiri olmadı. Bir qədər qarın yağması dağlıq ərazilərdə çətinlik yaratdı, ancaq ciddi mənfi təsirlər olmadı. Fermerlərin gübrə ilə təminatı yüksək səviyyədədir. Karantin dövründə səyyar satışlar həyata keçirilib. Gübrə satışı ilə məşğul olan bütün şirkətlərə müraciət etmişdik, onlar özləri fermerlərin qapısına qədər malı aparıblar ki, bir narazılıq olmasın”.

Nazirlik sözçüsü bildirdi ki, karantin dövründə də aqrar sahədə intensiv iş davam edib: “Bu günə qədər fermerlərin sahələrə çıxıb işləməsində problem yox idi. Nazirlər Kabineti bununla bağlı aprelin 4-də xüsusi qərar qəbul elədi. Biz həm də o qərarın icrasına nəzarət etdik və şikayətləri araşdırdıq, məlumatsızlıqdan doğan məsələləri həll etdik. Karantin dövründə də kənd təsərrüfatında intensiv iş aparıldı”.

Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi təyin ...

İxrac əməliyyatlarına gəlincə, Vüqar Hüseynov bildirdi ki, burada problem daşıma ilə yox, qonşu ölkələrdə karantin səbəbindən aqrar məhsullara tələbin azalması ilə bağlıdır: “Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlarda göstərilir ki, fermerlərin təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. 4 apreldə olan qərarda isə ətraflı izah olunur ki, öz kəndindəki sahəyə necə gedə bilər, qonşu kənddə olan sahəyə necə gedə bilər, bir rayondan digər rayona necə gedə bilər və sair. Biz bu prosesi çox yaxşı tənzimləyə bildik. İxraca gəlincə, qərarda qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının satış məqsədilə daşınmasında heç bir məhdudiyyət yoxdur. Ölkə daxilindədirsə, rayon icra hakimiyyətindən alınan arayışla orta və iri tonajlı maşınlarla Bakıya, Gəncəyə və digər böyük şəhərlərə apara bilirlər. Karantin dövründə də gördünüz ki, bazarlarda aqrar məhsullarla bağlı heç bir qıtlıq yaşanmadı. İxracda  bir qədər çətinlik var idi. Çünki bildiyiniz kimi, bizimlə sərhəd olan ölkələrdə də koronavirus səbəbindən  karantin rejimi tətbiq olunur.  Bu, bizdə olduğu kimi, həmin ölkələrdə də kənd təsərrüfatı məhsullarına tələbatı azaldıb. Bizdə olduğu kimi, həmin ölkələrdə də restoran və kafelərin, turizm obyektlərinin, hotellərin işləməməsi ilə bağlı tələbat azalıb.

Fermerlər də bildirirdilər ki, daşımada problem yoxdur, problem bazarlarda tələbin aşağı düşməsi ilə bağlıdır. Ancaq bir müddət keçdikdən sonra həmin bazarlarda da müəyyən canlanma müşahidə olundu. Bu da Azərbaycanda faraş tərəvəzin yığıldığı dövrə təsadüf etdi. Məsələn, ölkənin əsas faraş tərəvəzçilik rayonlarından  olan Cəlilabaddan və Şəmkirdən xaricə məhsul ixrac olunur. Bərdədən xaricə soğan ixrac olunur, fermerlər Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Polşa və başqa ölkələrdən çoxlu sifarişlər alırlar. Digər tərəfdən, Cəlilabaddan Qazaxıstana çiyələk ixrac olunur. Artıq ərəb ölkələrindən belə soğanla bağlı sifarişlər var. İxracda heç bir problem yoxdur. Bu gün məhsul bolluğu həm daxili bazardakı tələbatı ödəməyə, həm də xaricə məhsul ixrac etməyə imkan verir”.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …