Azinforum.az xəbər verir ki, bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında deyib.

T.Qaraşov bildirib ki, dövlət başçısının tapşırığı ilə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi potensialı araşdırılıb, inkişafı daha vacib olan sahələr müəyyən edilərək, özəl investisiyanın cəlb olunması istiqamətində konkret işlər görülüb: “Nəticədə özəl investisiya hesabına rayonda ümumi dəyəri 62,3 milyon manat olan 16 obyektin, o cümlədən iri çəltikçilik təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, sitrus meyvə bağlarının, istixana kompleksinin, turizm, istirahət və əyləncə mərkəzlərinin yaradılmasına başlanılıb, artıq 41,8 milyon manat vəsait xərclənib, 1380 yeni iş yeri açılıb. Ümumilikdə isə ötən il rayona 124,6 milyon manat özəl investisiya cəlb edilib, 3700 yeni iş yeri açılıb”.

O qeyd edib ki, 2017-ci ildə çayçılığın inkişafına 7,7 milyon manat investisiya yönəldilib, əkin sahələri 604 hektara, işləyənlərin sayı 2 min nəfərə çatdırılıb. Dövlət başçısının tapşırığına əsasən, istifadəsiz qalan torpaqlarda, eləcə də dağətəyi ərazilərdə, yamaclarda növbəti illərdə terras üsulu ilə yeni çay plantasiyalarının salınması nəzərdə tutulub:

“Ötən il respublikada, ilk dəfə olaraq, bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilmiş ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Bununla məqsədimiz Sizin tövsiyələrinizi əldə rəhbər tutaraq ənənəvi çəltik sortlarından qiymətli ərzaq olan düyü istehsal edib ölkəmizin ərzaq təhlükəsizliyi proqramına töhfəmizi verməkdir. 2017-ci ildə 526 hektarda çəltik əkilib, 1815 ton məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib. Cari ildə bu gəlirli sahələrin iki dəfə artırılması nəzərdə tutulur. Ekoloji cəhətdən təmiz, dadına görə idxal edilən düyülərdən daha keyfiyyətli olan yerli düyü bu gün daxili bazarda “Lənkəran düyüsü” adı ilə tanınır. Onun daxili bazarda satış rəqabətini təmin etməklə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə satılması istiqamətində də işlər davam etdirilir”.Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, ötən il rayonda sitrus meyvəçiliyinin inkişafı istiqamətində də işlər davam etdirilib, xaricdən gətirilmiş məhsuldar sitrus növlərindən yeni bağlar salınıb. Həmçinin rayon üçün ənənəvi olmayan baramaçılığa da insanlarımızda böyük həvəs yaranıb. Cari ildə rayonda ilk dəfə olaraq barama istehsalına başlanılacaq.

T.Qaraşov vurğulayıb ki, ötən il turizm sahəsinə 25,1 milyon manat investisiya qoyulub, 800 yeni iş yeri açılıb. Dövlət başçısının tapşırığına əsasən, yaxın aylarda istifadəyə veriləcək Lənkəran İstisu və Sağlamlıq Mərkəzi rayonda turizmin inkişafına yeni təkan verəcək.