Ana səhifə / İqtisadiyyat / Kreditlərə əlavə 5 faiz gəlir: Şərtlər kimin xeyrinə dəyişir? – ŞƏRH

Kreditlərə əlavə 5 faiz gəlir: Şərtlər kimin xeyrinə dəyişir? – ŞƏRH

Azərbaycanın bank sektorunda kredit faizlərinin yüksək olduğu reallıqdır.

Hətta bu faiz Avropa ölkələri ilə müqayisəyə gəlməyəcək dərəcədə yüksəkdir. Hazırda Azərbaycanda kredit faizləri 26-36 faiz aralığında dəyişir. Bu da götürən kreditlərin geri qaytarılmasında əlavə problemlərə səbəb olur. Ümumiyyətlə, ekspertlər ölkədə biznesin və digər sahələrin, eləcə də vətəndaşların kreditə maraq göstərməsini məhz faizlərin yüksək olması ilə əlaqələndirirlər

Kredit sahəsindəki digər  problem isə bank və ya kredit təşkilatı ilə vətəndaş arasında bağlanan kredit müqavilələridir. Çox zaman problemli kreditlərin məhkəmə çəkişmələrində bu amillərə rast gəlinir.

Vətəndaş kredit götürdüyü zaman ona şərtlərin düzgün izah olunmadığını iddia edir. Ancaq bank bütün bəndlərin müqavilədə göstərildiyini müdafiə edir.
Bu günlərdə isə Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarından biri, daha dəqiq desək “TBC kredit Bank” təmir üçün götürlən kreditlərin müqaviləsində dəyişiklik etdiyini açıqlayıb. Belə ki, təşkilatın yeni müqavilə şərtinə görə təmir üçün götürülən pulun aidiyyatı üzrə xərclənmədiyi halda kredit faizlərinin üzərinə 5 faiz də əlavə olunacaq. Onsuz da yüksək olan kredit faizlərinə 5 faiz də əlavə olunacağı müştəri üçün heç də cəlbedici görünə bilməz.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bu məsələdə yaşanan bir sıra problemlərə toxunub. N.Cəfərli həmçinin bildirib ki, bankların faiz artımına heç bir qadağa yoxdur: “Əslində kredit təşkilat və ya banklar bu cür şərtləri müqavilədə çox xırda şriftlə və əsasən özlərinə sərf edən şəkildə qeyd edirlər. Vətəndaşlar isə çox zaman heç o müqavilələri oxumadan imzalayırlar. Qanunvericiliyə uyğun olaraq bütün bunlar ikitərəfli razılaşma ilə təsdiq olunur. Bankların faiz dərəcəsi ilə bağlı Qanunvericilikdə heç bir məhdudiyyət tətbiq olunmur.

Əgər müştəri şərtləri qəbul edib, imzalayırsa, avtomatik olaraq cavabdehlik daşıyır. Azərbaycanda isə çox zaman vətəndaşlar 7-8 səhifəlik müqavilələri oxumadan imzalayır. Sonradan problemlər yaşananda və iş məhkəməyə çıxanda vətəndaş günahkar çıxır. Çünki öhdəlikləri üzərinə götürüb. Ona görə də vətəndaşlar bu cür müqavilələri imzalayarkən ya hüquqşünasla məsləhətləşməli, ya da ən azı  baza biliklərinə malik olub həmin şərtləri sona qədər oxumalıdır. Və uyğun olmayan bəndlərin düzəldilməsinə çalışmalıdır. Çünki bu müqavilələr çox zaman standart olur və əksər hallarda bankların, kredit təşkilatlarının xeyrinə tərtib olunur”.

N.Cəfərli kredit götürmək istəyən vətəndaşlara xəbərdarlıq da edib: “Əslində qanunda belə bir qayda yoxdur ki, müqavilədə hansısa faiz dəyişikliyinə imkan yaratmasın. Bu məsələ qanunun qaydalarına uyğun olaraq vətəndaşla bank arasındakı müqavilə ilə tənzimlənir. Yaxşı olardı ki, vətəndaşlar bu cür müqavilələri imzalayarkən daha diqqətli olsunlar”.

Natiq Cəfərli sonda vurğulayıb ki, götürülən kreditin təmirə xərcləndiyini sübut etmək mümkün deyil: “Əslində təmirlə bağlı bu məsələnin problemli tərəfi də var. Problemli tərəfi isə odur ki, bunu heç bir halda sübut etmək mümkün deyil. Çünki çox zaman tikinti materialları bazardan alınır. Onların isə çox zaman sənədləşdirilməsi aparılmır. Hətta bunu istəsən belə, banka və ya kredit təşkilatına götürülən pulun təmirə xərcləndiyini sübut etmək mümkün olmayacaq. Belə olduğu halda isə əlavə 5 faizi ödəmək məcburiyyətində qalacaqlar. Məsələn, təmir üçün daş almışam və onu da satıcı karyerdən gətirib, heç bir sənədi də yoxdur. Mən banka necə sübut edim ki, həmin pulla bu daşı almışam və təmir üçün istifadə etmişəm? Yəni, bu məsələdə də kifayət qədər texniki problemlər mövcuddur”.

Həmçinin oxuyun

Moody’s:”Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək”

Davam edən vergi islahatları Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək. Trend-in məlumatına görə, bu …