Prezident
İlham Əliyevin dollar kreditləri iə bağlı fərmanı böyük bir insan
qrupunu (500 mindən çox) əhatə etdiyindən sənədi “kredit aministiyası”
kimi dəyərləndirmək olar. 2015 devalvasiyasından sonra gözlənilən fərman
nəhayət ki, verildi.
Fərmanda nəzərdə tutulan kompensasiyalar üçün 700 milyon manata
yaxın vəsait ayrılacaq. Təbii ki, balaca məbləğ deyil və bu il üçün
nəzərə tutulan minimum əmək haqqı və pensiyanın, təqaüd və
müavinətlərin artırılmasının maliyyə tutumuna (882 milyon manatdır)
yaxın bir məbləğdir.
MDB ölkələrində devalvasiyadan sonra hökumətlərin verdiyi təzminat
təcrübəsini təhlil etsək, Azərbaycan variantının daha çox sosial və
iqtisadi tutumlu olması üzə çıxır.
Birincisi, MDB məkanında devalvasiya ziyanları bank, müştəri və
dövlər arsında bölüşdürülürdü. Şərti olaraq, müştəri devalvasiya
nəticəsində banka müqavilədən 150 dollar artıq ödəniş etmişdisə, bu
ziyanın 50 dollarını bank, 50 dollarını müştəri, 50 dollarını isə dövlət
qarşılayırdı. Ancaq Azərbaycan variantında bu zərərin hamısını dövlət
öz üzərinə götürdü. Konkret desək, dollar kreditləri devalvasiyadan
əvvəl mövcud olmuş 1 dollar=78 qəpik məzənnəsi ilə hesablanacaq.
İkincisi, bankların maliyyə imkanları yaxşılaşdı. Çünki dövlət
vətəndaşlar qədər banklara da dəstək verdi. Bu devalvasiyadan sonra
maliyyə çətinlikləri yaşayan bankların maliyyə göstəricilərini
yaxşılaşdırmaq üçün yeni maliyyə resursları qazandılar. Bu Beynəlxalq
Bank əməliyyatından sonra bu hökumətin bank sektorunun fəaliyyətindən
dolayı 2-ci ən böyük yardım paketidir.
Üçüncüsü, devalvasiyadan sonra bank sisteminin kredit seqmenti
kəskin zəifləmişdi. Devalvasiya şokunu yaşamış insanlar bank
kreditlərindən qaçırdılar. Bu banklar normal fəaliyyəti üçün çətinliklər
yaradırdı. Bu fərman həm də bu psixoloji diskomfortu aradan qaldırdı.
Güman ki, yaxın vaxtlarda kredit bazarı yenidən canlanacaq. Bu həm kiçik
biznesin inkişafına müyyən stimullar verəcək.
Gözləntilərin əksinə olaraq , prezident fərmanında kredit
təzminatlarının ödənilməsi üçün maliyyə mənbəyi kimi Dövlət Neft Fondu
və ya Prezidentin Ehtiyat Fondu yox, dövlət büdcəsi göstərilir. Buna
qədər minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin
artırılması ilə bağlı prezident sərəncamları olmuşdu. Bu sərəncamların
maliyyə tutumu 882 milyon manatdır və avtomatik olaraq dövlət büdcəsinə
bağılanır.
Deməli, bu qərarların icrası üçün zərurui olan 1,5 milyard manat
dövlət büdcəsi hesabına ödəniləcək. Bu, 2019-cu ilin dövlət büdcəsi
xərclərinin (25,2 milyard manat) 6 faiz artımı deməkdir. Yəni ya dövlət
büdcəsinin xərclərinə yenidən baxılmalı, ya da büdcənin indiki
xərclərinin strukturu dəyişməlidir.
Maliyyə naziri Samir Şərifov KİV-ə açıqlamasında bildirib ki,
Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə
görülən tədbirlərin – minimum əmək haqqı və pensiyanın, təqaüd və
müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır: Bu
vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin
ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur.
Yəqin ki, nazirin məlum çıxışı zamanı büdcə və maliyyə məsələləri
ilə bağlı açıqlamalarının məntiqi nəticəsi olaraq konkret əlavə rəsmi
məlumatlar da veriləcəkdir. Bu prizmadan yanaşdıqda qeyd etmək olar ki,
aparılan sosial islahatların əsas maliyyə mənbəyi büdcədə islahatlarla
bağlı nəzərdə tutulan ehtiyat vəsaitlər olacaqdır.
Bundan başqa, 2019-cu ilin yanvar ayında büdcəyə vergi və gömrük
daxilolmalarından əlavə 105 milyon manat vəsait toplanıb. Hesab edirəm
ki, faktiki olaraq qarşıdakı aylarda da gözlənilən vergi və gömrük
daxilolamlarından proqnozdan artıq yığılan vəsaitlər ehtiyat məbnə
rolunu oynaya bilər. Bu baxımdan fikrimcə, büdcə xərclərinin 6 faiz
artımını, yəni 1,5 milyardlıq yeni xərcləri qarşılamaq qeyd etdiyim
mənbələr hesabına mümkündür.
Bəzi ekspertlər belə hesab edir ki, bu artımlardan sonra dövlət
büdcəsinə yenidən baxılması barədə qərar qəbul edilməlidir. Ancaq
fikrimcə, buna hüquqi zəmin yoxdur. Büdcə sistemi haqqında” qanunun
23-cu maddəsinin (Dövlət büdcəsinə yenidən baxılma və xərclərə sekvestr
tətbiq olunmas) 4-cü maddəsinə əsasən, “Dövlət büdcəsinin icrası
prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin
maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük
göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən
olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş
transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz
az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun
gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda
və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı
maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan
qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən
baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq
olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə
qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü
qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan
Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ
qaldırır”.
İndiki halda dövlət büdcəsinin gəlirlərinin azalmasından söhbət
getmir. 2019-cu ildə büdcə gəlirləri 22,4 milyard manat nəzərdə tutulub.
Ortalama hər ayın gəlir proqnozu 1,9 milyarda manatdır. Yanvarda isə
aylıq proqnoz 5,5 faiz çox icra edilib. Yəni bu epizod üzrə büdcə
gəlirlərində azalma yox, artım tendensiyası var. Düzdür, bu hələ rüblük
göstərici deyil. Elə ona görə də rüb başa çatmamış hansısa rəy
bildirmək düzgün deyil.
Maliyyə nazirinin açıqlamasındakı başqa bir nüans da, diqqəti cəlb
edir. Bu, son zamanlar bəzi şəxslər tərəfindən hökumətin hansısa maraq
xatirinə bu islahtlara getdiyi ilə bağlı səsləndirdiyi fikirlərlə
bağlıdır. Bu kökündən yanlışdır. Bu barədə maliyyə nazirinin vurğuladığı
kimi “Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar
edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət
sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət
başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına
maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu”.
Maliyyə nazirinin açıqlamasını struktur islahatlarını davam
edəcəyinin anonsu kimi də dəyərləndirmək olar. Böyük miqyaslı sosial
layihələrin büdcə xərclərinin optimallaşdırılması hesabına həyata
keçirmək təbii ki, yaxşıdır və büdcənin izafi yüklənməsinin qarşısını
alır.
Prezidentin sözügedən fərmanı devalvasiyaya qədər 10.000 dollara
qədər kredit götürən fiziki şəxslərə şamil edilib. Yaxşı olardı ki,
10.000 dollardan yuxarı kredit götürən fiziki şəxslər və dollarla biznes
krediti götürən hüquqi şəxslərin də devalvasiya ziyanların qarşılanması
ilə qərarlar qəbul edilsin. Bu həm də ölkədə kiçik biznesin inkişafına
dəstək olardı. Ümid edək ki, hökumət bununla da bağlı qərarlar qəbul
edəcək.
Qadir İbrahimli
Həmçinin oxuyun
“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …