Çərşənbə , Avqust 21 2019
Ana səhifə / İqtisadiyyat / Kor dalanda təklənən Türkiyə:Məzhəbçi siyasətin gətirdiyi yalnızlıq – Təhlil

Kor dalanda təklənən Türkiyə:Məzhəbçi siyasətin gətirdiyi yalnızlıq – Təhlil

“Suriya hava sahəsinə girən istənilən türk hərbi təyyarəsi vurulacaq”.

Strateq.az-ın bildirdiyinə görə, bu ultimativ bəyanatı Suriya ordusu verib.

Xatırladaq ki, həmin ultimatumdan bir gün əvvəl Türk Hava Qüvvələri Hələb şəhərinin şimalında hərbi əməliyyatlar keçirmiş və 200-ə yaxın PYD yaraqlısını bombalayaraq öldürmüşdü. Dəməşq isə Ankaranın bu iddiasını qəbul etməmiş, sözügedən əməliyyatda öldürülənlərin hansısa terrorçu dəstə mənsubları deyil, sivil vətəndaşlar olduğunu bildirmişdi. Suriya ordusu tərəfindən yayılan bəyanat da bu cür halların qarşısının alınması məqsədilə verilib.

Maraqlıdır ki, Türkiyənin başqa ölkə ərazisində terrorçulara qarşı hərbi müdaxilə cəhdinə İraqdan da bənzər etiraz sədaları yüksəlir. Bir müddət əvvəl rəsmi Bağdad da İraqın şimalında təlim bazası quran və daha sonra bu bazaya 2000 əsgərini yerləşdirən Ankaranı ciddi tənqid etmiş, bu təşəbbüsü işğal cəhdi kimi qiymətləndirmişdi.

Ümumiyyətlə, Türkiyənin son zamanlar Yaxın Şərqdə təkləndiyi müşahidə olunur. Müttəfiqləri ABŞ, Səudiyyə Ərəbistanı və körfəz dövlətləri tərəfindən tamamilə tərk edilən Ankara Rusiya ilə münasibətlərini düzəldərək, vəziyyətdən çıxmağa çalışır. Amma deyəsən, istər İraqda, istərsə də Suriyada son zamanlar Türkiyənin dövlət maraqlarını təhdid edən proseslərin qarşısını almaq düşünüldüyü qədər asan olmayacaq. Nədən ki, bu zamana qədər Ankara qonşu dövlətlərin ənənəvi xarakterini dəyişmək yolunda hər kəsdən daha aktiv mövqe sərgiləyir, məzhəbçi yanaşmalarla problemin həllinə çalışırdı. Uzun illərdən bəri yürüdülən bu siyasət, istər-istəməz, Türkiyəni yaxın qonşularıyla düşmənə çevirib. Məzhəbçi yanaşmalarla Yaxın Şərq problemini həll etməyə çalışan Ankara təkcə yaxın qonşularını yox, həm də indiyə qədərki müttəfiqlərini itirib.

Uzun illərdən bəri heç bir nəticə vermədiyindən və Yaxın Şərqdə axan qanı durdurmaq mümkün olmadığından, ABŞ milyardlarla dollara başa gələn bu militarist siyasətindən geri çəkilməyə məcbur oldu. Yaxın Şərqdə estafeti Rusiya və İranın ixtiyarına buraxıb gözləmə mövqeyi sərgiləmək yolunu tutdu. Səudiyyə Ərəbistanı və körfəz ölkələri isə qaynar nöqtələrin öz sərhədlərindən uzaqda olduğunu düşünüb “ağrımayan başlarına duz bağlamaq” istəmədilər və əllərini yandıran atəş topunu Türkiyənin qucağına atıb aradan çıxdılar. Nəticədə Türkiyə öz torpaq bütövlüyünü təhdid edən kürd separatizmi təhlükəsiylə üz-üzə qaldı. Üstəlik, dünənin müttəfiqi olan ABŞ da hazırda İŞİD-ə qarşı effektiv mübarizə aparır deyə, həmin separatçılarını dəstəklədi və dəstəkləməkdədir.

Bu vəziyyətdə Türkiyənin proseslərdə aktiv yer almaq zərurəti yaranıb. Di gəl ki, beynəlxalq hüquqa görə, bunun üçün xarici ölkələrin razılığı alınaraq ərazilərinə girilməlidir. Əvvəlki düşmənçiliklər aradakı münasibətləri pozduğundan, həmin dövlətlər ona bu haqqı vermək niyyətində deyillər. Zəruri addımları təkbaşına atmaq isə Ankaranı, hüquqən, işğalçı vəziyyətə düşürür və əks tərəfə hərbi çəkindirmək gücündən istifadə etmək haqqı verir.

Məzhəb savaşlarının cəhənnəmə çevirdiyi Yaxın Şərq bataqlığından yalnız ortaq dəyərlərə söykənilərək çıxılacağı halda, Türkiyənin hələ də məzhəbçi ritorikasını davam etdirməsi vəziyyəti daha da tündləşdirir. Ərdoğanın bu yaxınlarda Mosulla bağlı verdiyi aşağıdakı bəyanat da Ankaranın məzhəbçi-militarist siyasət apardığının ən bariz etiraflarından biridir: “30 min adamla Haşdi Şabi gəlir deyirlər. Gələcəyi varsa, görəcəyi də var. Mosulda 2 milyon sünni ərəb və türkmən var. Biz onlara Başikada təlim keçdik. Biz bunları İraq mərkəzi hakimiyyətindən gələn müraciət əsasında həyata keçirdik. İndi nə oldu bu İraq mərkəzi hakimiyyətinə? Hava dəyişdi. İndi biz Amerikalı dostlarımıza deyirik: bizi bu tələyə sala bilməzsiniz”.

Ərdoğanın, nə qədər ABŞ tərəfindən tələyə salınmaq istəndiyini bildirsə belə, hələ də eyni yolla hərəkət etməsi israrla tələnin üstünə getməsindən başqa bir şey deyil. Ən azı ona görə ki, regionun digər dövlətlərini özündən uzaqlaşdıran bu mövqe, istər-istəməz, onunla yeni “müttəfiqi” Rusiya arasında da qopma yaradır: Moskva ya indiyə qədər eyni cizgidə olduğu ölkələrdən, ya da çiçəyi burnunda müttəfiqə çevrilən Türkiyədən vaz keçməlidir.

Regiondakı güc balansı isə ənənəvi cizginin xeyrinədir, üstəlik, Türkiyənin geopolitik mövqeyi, dövlət xarakteri, siyasi-mədəni dünyagörüşü Qərbə yönəlik olduğundan, bu durum Rusiyayla uzunmüddətli ittifaq qurmasını da mümkünsüzləşdirir. Sözsüz ki, Moskva belə vəziyyətdə kimin yanında yer almaq seçimi qarşısında qalmaz və qardaş ölkədən rahatlıqla üz döndərər. Qərblə körpüləri yandıran AKP hakimiyyətinin asanlıqla əvvəlki əlaqələrini bərpa etməsi də mümkün görünmür. Əslində Türkiyəni zəiflədən əsas səbəblərdən biri də ətrafında baş verən hadisələrə tərəfsiz yanaşa bilməməsindədir. Ankara yanğını uzaqda durub söndürmək əvəzinə, özünü onun tam mərkəzinə atır, atəş çəmbərinin içərisində gah o tərəfə, gah bu tərəfə qaça-qaça var-gəl edir.

Türkiyənin bu qədər çətin vəziyyətə düşməsi Rusiyaya meylləndiyi üçün ondan üz döndərən ABŞ-a da, sanksiyalar nəticəsində pisləşmiş iqtisadi vəziyyətini düzəltmək istəyən, bunun üçün isə səmərəli sövdələşmə fürsəti axtaran Rusiyaya da, mövcud vəziyyətdən yararlanıb mövqeyini möhkəmlətməyə çalışan regional qüvvələrə də sərf edir. Tez-tez dəyişilən maraqlar balansında Yaxın Şərqdə hazırda Türkiyənin yanında yer alan yeganə qüvvə Şimali İraq kürdləridir ki, nə onların özünü ciddi fiqur saymaq mümkündür, nə də bu müttəfiqliyin sağlam əsasları var. Beynəlxalq güclərdən azacıq dəstək alarsa, Ərbilin də Ankarayla yollarını ayırması təəccüblü olmayacaq.

Təklənən Türkiyəni vəziyyətdən çıxaracaq yeganə yol indiyə qədər yürüdülən siyasətdən tamamilə imtina etmək, məzhəbçi duyğuları xüsusilə xarici siyasət doktrinasından uzaq tutmaq, regional problemlərə yalnız və yalnız insani aspektlərdən baxmaqdır. Ərdoğan isə uzun illər oturuşmuş siyasi xarakterindən vaz keçmək iqtidarında deyil. Çünki get-gedə mühafizəkarlaşan dini kimliyi onun söykəndiyi sosial bazanı da məhdudlaşdırıb, yalnız sünnilik nöqteyi-nəzərindən dünyaya baxanların liderinə çevirib. Bu sosial bazanı itirmək AKP-ni daxilən də yalnızlaşdıra bilər. Məhz buna görə də indiyədək vətəndaşların dini-məzhəbçi duyğularından faydalanaraq, öz mövqeyini möhkəmləndirmək siyasəti Ərdoğanı qarşısında keçilməz divar dayanan kor dalana dirəyib.

Heydər Oğuz

Həmçinin oxuyun

“Nazirlik onları kimliyindən asılı olmayaraq çəzalandırılmalıdır” – Ekspert

““Relax” İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta …

Bir cavab yazın