Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / İqtisadiyyat / Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov həmkarlarının dollar krediti qərarına etiraz etdi

Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov həmkarlarının dollar krediti qərarına etiraz etdi

Konstitusiya Məhkəməsi öz rəsmi saytında manatın devalvasiyasından qabaq banklardan dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmalı olduğu barədə bu günlərdə qəbul etdiyi qərarın tam mətnini açıqlayıb. Və belə məlum olur ki, vətəndaşın devalvasiyadan qabaq dollarla götürdüyü kreditin indiki məzənnə ilə ödənilməli olduğu haqda qərarı Konstitusiya Məhkəməsində heç də yekdilliklə qəbul etməyiblər. Baş prokurorun keçmiş müavini, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu qərarın əleyhinə çıxıb və mövqeyini xüsusi rəylə əsaslandırıb.

Virtualaz.org xəbər verir ki, İsa Nəcəfovun rəyi Konstitusiya Məhkəməsinin saytında dərc edilib.

Konstitusiya Məhkəməsi əvvəlcə dollar kreditləri ilə bağlı məsələyə hansı zərurətdən baxılması barədə məlumat verir. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək   Mülki Məcəllənin 422-ci maddəsinin şərh olunmasını xahiş edib. Müraciətdən görünür ki,vətəndaş Gülnarə Rzayeva “Expressbank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Expressbank” ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək bankla aralarında bağlanmış 2015-ci il 9 fevral tarixli kredit müqaviləsinin və həmin müqavilənin icrasının təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsini istəyib.

G.Rzayeva iddia ərizəsini onunla əsaslandırıb ki, “Expressbank” ASC ilə onun arasında 2015-ci il 9 fevral tarixində kredit müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən o, bankdan illik 19 faiz olmaqla, 48 ay müddətinə 102.000 ABŞ dolları kredit götürüb. Kredit müqaviləsi bağlanarkən 1 ABŞ dollarının məzənnəsi 0,78 manat olub, sonradan ABŞ dollarının məzənnəsi Azərbaycan manatına nisbətdə dəyişərək artıb.

G.Rzayeva Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (manatın devalvasiyası) ilə əlaqədar müqavilənin ləğv edilməsini xahiş edib.Nərimanov Rayon Məhkəməsi 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin etməyib. G.Rzayeva apellyasiya şikayəti verib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən Mülki Məcəllənin 422-ci maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə müxtəlif yanaşmaların olmasının və fərqli məhkəmə aktlarının qəbul edilməsinin məhkəmə təcrübəsinin formalaşmasına maneələr yaratmasını nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib.

Və Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edib ki, manatın məzənnəsinin dəyişməsi şəraitin kəskin dəyişməsi kimi dəyərləndirilə bilməz və deməli vətəndaş bankdan krediti dollarla alıbsa onu indiki məzənnə ilə ödəməlidir.

Hakimlərdən  İsa Nəcəfov isə qərarla  razı deyil. “Plenumun qərarına hörmətlə yanaşaraq, təsviri-əsaslandırıcı hissəsi ilə qismən razıyam, nəticə hissəsi ilə isə razı deyiləm. Buna görə də xüsusi rəyimi bildirirəm”-hakim belə yazıb.

Hakim rəyində xarici valyutada kredit götürülməsindən təsirlənən vətəndaşın işi haqda məlumat verir. Rəydə vurğulanır ki, vətəndaş mənzil almaq məqsədilə bankla kredit müqaviləsi bağlayaraq, illik 19 faizlə, 48 aya 102 min dollar kredit götürüb. Vətəndaş borc aldığı vaxt 1 dolların manata nisbəti 0.78, cəmi 12 gün sonra 1.05, bir müddət sonra 1.50, daha sonra isə 1.75 manat olub.

Habelə Isa Nəcəfov bildirir ki, vətəndaşın bu halla bağlı vəziyyəti pisləşib, bağladığı müqavilənin şərtlərinin dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə banka müraciət edib. Lakin razılığa gəlmədiklərindən Mülki Məcəllənin «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi» adlı 422-ci maddəsini əsas göstərərək bankla bağladığı müqavilənin ləğvini və ya dəyişdirilməsini məhkəmədən istəyib.

Sözügedən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılarkən həmin məhkəmə Konstitusiya Məhkəməsinə müraciət edib və Mülki Məcəllənin bu münasibətləri tənzimləyən 422-ci maddəsinin şərh edilməsini xahiş edib.

İsa Nəcəfov xüsusi rəyində yazır ki, 102 min dollar kredit götürən vətəndaş manatın devalvasiyası nəticəsində banka 190 min manat əsas kredit və 30 min manatadək bank faizi verməlidir.

Ödəmə müddətinin də 4 il olmasını nəzərə alsaq, onda başa düşmək olar ki, kreditorun maliyyə vəziyyəti necə olacaqdır», – o bildirir. Hakim Konstitusiyaya istinad edərək vurğulayıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. İ.Nəcəfov yazıb ki, onun fikrincə, məhz belə konstitusion müddəalar nəzərə alınaraq, Mülki Məcəlləyə 422-ci maddə daxil edilib.

“Sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kredit borclarını ipoteka borclarından fərqləndirmək lazımdır. Sahibkar daşınmaz kapitala sahib olduğu halda, mənzil almaq üçün ipoteka borc müqaviləsinə girənin daşınmaz kapitalı yoxdur. Kredit münasibətləri bazar iqtisadiyyatında gündəlik iqtisadi münasibətlərdə hakim yer tutan münasibətlərdir. Pul vahidinin məzənnəsinin sabitliyi, eləcə də iqtisadiyyatı inkişaf etmiş ölkələrdə mütəmadi qalxıb düşməsi maliyyə şəraitin göstəricisidir. İnsanların həyat səviyyəsi bundan çox asılıdır. Milli valyutanın kəskin düşməsi həyat səviyyəsinin aşağı düşməsidir», – xüsusi rəydə qeyd edilir.

Xüsusi rəydə 12 bank şəbəkəsinin müflisləşmədən bağlanması, əməkdaşlarının işsiz qalması, on milyardlarla bank kapitalının geri qaytarılmaması xatırlanır. İ.Nəcəfov vurğulayır ki, manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir.

«Vətəndaş bu halda bağladığı ipoteka müqaviləsinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllənin 422-ci maddəsinə əsasən məhkəməyə müraciət etməkdə haqlıdır», – İ.Nəcəfov rəyin sonunda yazır.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycan hərbi məhsul ixracını 9,2 faiz artırıb

2017-ci il ilə müqayisədə Azərbaycan ölkə daxilində istehsal olunan hərbi təyinatlı məhsulların xarici dövlətlərə ixracını …