Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Komandante Fidel: İnqilabçının həyatı

Komandante Fidel: İnqilabçının həyatı

Kubanın sabiq lideri Fidel Castro 90 yaşında vəfat edib. O, müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olub.

Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, Fidel Castronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib

Tərəfdarlarının “Komandante” kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır.

Fidel 1926-cı ildə varlı mülkədar ailəsində anadan olmuşdu, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanın rejiminə qarşı mübarizə aparıb.

Varlı pleyboylar üçün sığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindən idarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarəti çiçəklənirdi.

Fidel Castro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestra dağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib. Batista qaçıb.

Kubada argentinalı Ernesto Che Guevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqa qaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.

Şərqə təkan

Fidel israr edirdi ki, onun ideologiyası ilk növbədə Kuba iodeologiyasıdır. “Bu nə kommunizm, nə də marksizmdir.

Bu, planlı iqtisadiyyat şəraitində təmsilçi demokratiya və sosial ədalətdir” deyirdi Castro həmin günlərdə.

Tezliklə Fideli ABŞ prezidenti Dwight Eisenhower sıxışdırmağa başladı və Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.

Kuba Soyuq müharibənin meydanına çevrilmişdi.

1961-ci ilin aprelində ABŞ Castro rejimini “Azadlıq adası”nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilə devirməyə çalışdı.

Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü.

Beləliklə Fidel superdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləni heç vaxt bağışlamadı.

Bir il sonra Amerika kəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planların üstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə “Karib böhranı” adı ilə daxil olub.

“Həbsxanaya çevrilmiş bu adada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, – deyirdi o vaxt ABŞ prezidenti John Kennedy, – bu bazaların yeganə məqsədi Qərb yarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər”.

ABŞ və SSRİ sərt qarşıdurma vəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadan çıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahları Türkiyədən çıxarmalı oldular.

Afrika və yenidənqurma

Buna baxmayaraq, Fidel Castro Amerikanın bir nömrəli düşməninə çevrilmişdi.

Mərkəzi Kəşfiyyat İdarəsi ona qarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqar da vardı.

Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlar da müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onu gülüş obyektinə çevirməli idi.

Öz növbəsində Sovet İttifaqı Kubanı pula tutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı.

Əvəzində Havana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altında yaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər.

Moskvadan asılı olmasına baxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış “bloklara qoşulmayan ölkələr hərəkatı”na liderlik edirdi.

Afrikada gedən çoxsaylı münaqişələrdə isə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn o, öz əsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi.

Daha sonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı.

Komandante və onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkər qamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyi dayandırmışdı.

Amerika embarqosu hələ də qüvvədə idi və Sovet İttifaqından gələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığı başlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi.

Növbələr uzanır, səbir kasası daşırdı.

Didərginlik

Beləliklə, Fidel Castronun dünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarının zəmanəsinə qayıtmışdı.

1990-cı illərin ortalarına yaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalı Florida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdılar.

Onların çoxları okeanda boğulurdu və bu özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığın göstəricisi idi.

Lakin hətta belə vaxtlarda da kommunist rejimi qələbələr çalırdı. Anası Florida sahillərində batmış gəmidə həlak olan Elian Gonsales uzun sürən çəkişmələrdən sonra Havanaya qayıtmışdı.

Bu prosesdə onun həm Kuba, həm də ABŞ-ın Miami ştatındakı qohumları iştirak edirdilər.

Fidel daxili cəbhədə də az uğurlar qazanmırdı. Gözəl Kuba səhiyyəsi yenə də havayı xidmət göstərirdi.

Uşaq ölümlərinin səviyyəsinə görə Kubanın göstəriciləri bir çox inkişaf etmiş ölkələri geridə qoyurdu.

20 və 21-ci əsrin hüdudlarında komandante mövqeyini bir qədər yumşaltmışdı. 1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi. Həmin hadisədən beşcə il əvvəl belə bir şey heç ağla da gəlməzdi.

Müqəddəs ata səfər zamanı Kuba hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmiş, Fideli dünya mətbuatı qarşısında qibtəolunmaz vəziyyətə salmışdı.

Biz “Fidel” deyəndə…

Lakin özünün bütün aşkar uğursuzluqlarına baxmayaraq, Fidel Castro Karib kommunizminin təkrarsız brendini yarada bilmişdi.

İnqilabın ölməsinə imkan verməmək üçün adada yavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı.

Və o, ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidel neftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Hugo Chavez Kuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir, ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinə çağırırdı.

Fidelin səhhəti və bununla əlaqədar onun varisi ilə bağlı şaiyələr 2004-cü ildən başlanmışdı.

Həmin vaxt komandante yıxılmış, diz qapağını və əlini sındırmışdı. Adı çəkilən varislərin arasında Fidelin qardaşı Raul da vardı.

2006-cı il, iyulun 31-də təcili cərrahiyyə əməliyyatından əvvəl Fidel Castro hakimiyyəti qardaşına təhvil verdi.

Bütün bu hadisələr zamanı Kuba hakimiyyət orqanları Fidelin ağır xərçəng xəstəliyinə tutulduğu barədə iddiaları qızğın şəkildə rədd edirdi.

2007-ci ilin fevralında Raul elan etdi ki, prezidentin durumu yaxşılaşır. Buna baxmayaraq, bir il sonra Milli Assambleyanın iclasında Fidel elan etdi ki, ölkənin və silahlı qüvvələrin başçısı postunda qalmaq istəmir.

“Mən hərəkilik və tam qüvvə tələb edən səlahiyyətləri öz üzərimə götürsəydim, vicdanımın xilafına getmiş olardım” – yazırdı komandante rəsmi Kuba qəzetində dərc edilmiş naməsində.

Fidel Castro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə çıxıb.

Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.

Ona pərəstiş edənlər “yankilərin təcavüzünə” sinə gərən Castronu Ameirka Qoliafına qarşı döyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlar idi. (Virtualaz.org)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın