Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Kaspar”da pul qalmaqalı böyüyür – İTTİHAM

“Kaspar”da pul qalmaqalı böyüyür – İTTİHAM

Bir neçə gün bundan əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlaması ilə bağlı məlumat dərc etmişdik. Xatırladaq ki, AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan araşdırmanın səbəbi idarədəki yeyinti şübhəsi idi. Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər – təchizat departamentinin rəisi Elman Qasımov və müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılmışdı. Onlar işdən çıxarıldıqdan sonra diqqət onların kimin tapşırığı ilə qanunsuz işlərlə məşğul olduğunu üzə çıxartmağa yönəlib. Həmin şəxsin AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudlu olduğu müəyyənləşmişdir. Ümidvarıq ki, aparılan daxili yoxlamalar Cəbrayıl Mahmudlunun vəsait yeyintisindəki rolunu aşkara çıxaracaq. Qeyd edək ki, Cəbrayıl İdris oğlu Mahmudlu 1990-1993-cü illərdə “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərlikdə baş verən dəyişikliklə bağlı bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər. Amma əsas məsələ gizlədilir. Cəbrayıl Mahmudlunun qanunsuz əməlləri, Elman Qasımovun kimin himayəsində olması, onların nə qədər dövlət vəsaitlərini hansı üsullarla mənimsəmələri deyilmir.
Məsələn, ARDNŞ-in vitse-prezidentinin yerlisi olan Elman Qasımov elə onun himayəsindədir və demək olar ki, yetirməsidir. Bu adam təchizat şöbəsinin müdiri olana qədər çox kasıb olub, qohum-əqrəbasının köməyi ilə dolanıb. Lakin təchizat şöbəsinin müdiri vəzifəsinə keçəndən sonra əsl oliqarxa çevrilib.Əvvəllər neft kəmərləri ilə məşğul olub, deyilənlərə görə, boru kəmərlərini məhz E.Qasımovun nəzarəti altında kəsib-doğrayır və qara bazarda satırmışlar. Nəticəsi də pis deyil. E.Qasımov özünə saraylar ucaldıb, bahalı maşınlar alıb. Üstəlik bütün yaxın qohumlarını həmin şöbədə işə düzəldib… Cəbrayıl Mahmudlu da Elman Qasımova oxşar əməlləri ilə məşhurdur.
Redaksiyamıza yeni daxil olan məlumatları tam araşdırdıqdan sonra daha geniş məqaləni dərc edəcəyik. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …