Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / İqtisadiyyat / “Kanal İstanbul” – iqtisadi-ekoloji, yoxsa hərbi-siyasi layihə

“Kanal İstanbul” – iqtisadi-ekoloji, yoxsa hərbi-siyasi layihə

Türkiyənin həyata keçirməyə hazırlaşdığı bir layihə dünyanın, dünya mediasının diqqət mərkəzindədir. “Kanal İstanbul” adlı layihənin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğandır. O, ilk dəfə 2011-ci ildə layihə barədə açıqlama verərək onu “dəlicəsinə bir layihə” adlandırıb. 2018-ci ildə Türkiyə hökuməti kanalın marşrutunu təsdiqləyib.

Bu il martın sonlarında isə Türkiyə hökuməti kanalın tikintisinə dair razılıq qərarlarını qəbul edib. Aprelin əvvəlində Türkiyənin istefada olan 100-dən artıq admiralı kanalın tikintisinin əleyhinə olan bəyanatla çıxış edib. Onlar layihənin  Türkiyənin strateji təhlükəsizliyinə təhdid yaradacağını düşünürlər. Layihəyə etirazçılar arasında ekoloqlarla yanaşı, İstanbul meri Əkrəm İmamoğlu da var.

Türkiyə hökuməti isə kanalın tikintisinə ən qısa müddətdə başlamağı planlaşdırır.

Qara dənizlə Mərmərə dənizlərini birləşdirəcək kanalın işə salınması ilə İstanbulun Bosfor boğazının gəmilərlə yüklənməsinin qarşısı alınacaq. Bosfordan keçən marşrut əsrlərdir Avropanın əsas nəqliyyat arteriyalarından biri hesab olunur.

Yeni kanalın uzunluğu 45 km, eni 150 metr olacaq. Kanal İstanbulun qərb kənarlarından başlayacaq. Layihənin təxmini dəyərinin 10-15 milyard dollar olacağı gözlənilir.

Ulaştırma ve Altyapı Bakanı Adil Karaismailoğlu: Milletimiz, Türkiye'de  artık darbeler defterinin kapandığını tüm dünyada gösterdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlunun sözlərinə görə, kanalın tikintisində əsas məqsəd Bosfordakı yüklənməni aradan qaldırmaq, bununla da ətraf mühitə dəyən zərəri minimuma endirməkdir: “Bosforla daşımaların kəskin azalması nəticəsində təhlükəli yüklərin daşınmasının yaratdığı təhdidlər minimuma endiriləcək”. Nazir martın 23-29-da Süveyş kanalında bir gəminin milə oturması nəticəsində  yaranan böyük problemləri misal gətirərək, Bosfor boğazına alternativin yaradılması ilə belə hallardan yayınmağın mümkün olacağını qeyd edib.

Katar'dan Kanal İstanbul ilgisi - Yeni Şafak

Türkiyə hökuməti son 5 ildə Bosforun yüklənmə səviyyəsinin kəskin artdığını bildirir. Bu illər ərzində kanaldan keçən illik gəmi sayı 40-50 min arasında dəyişib. Bu, Süveyşin göstəricisindən 3 dəfə, Panamanın göstəricisindən isə 4 dəfə yüksək göstəricidir. Bundan əlavə, Bosforla təhlükəli yük daşımaları son 10 ildə 25 faizdən 35 faizə qədər artıb.

Bosforla bağlı Türkiyə hökumətinin əsas başağrısı əsasən Rusiyadan olmaqla oradan keçən təhlükəli yüklərdir. Təkcə bu ölkədən boğazdan keçməklə il ərzində 4 milyon ton maye qaz, 3 milyon tona yaxın kimyəvi maddələr, 150 milyon ton neft daşınır. Türkiyə bu axını yeni kanala yönəltməkə İstanbulun üzərindən əsas təhlükə mənbəyini uzaqlaşdırmaq, eyni zamanda Bosfor boğazını turizmin daha yüksək inkişaf etdiyi daxili əraziyə çevirməyi planlaşdırır. Bu isə ölkəyə əlavə çoxmilyonluq gəlirin gələcəyi deməkdir.

Layihəyə əsasən yeni tikiləcək kanaldan gün ərzində 118-125-i Bosfordan keçənlər olmaqla 185 gəmi keçə biləcək. İlk əvvəl kanalın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, sonradan bu tarix 2025-2026-cı illərə keçirilmişdi. Tikintinin hələ də başlamaması bu tarixin daha da geri atılacağından xəbər verir.

Xəritədə Marmara dənizi. Marmara dənizi - dünyanın ən kiçik dənizidir

Ekoloqlar etirazlarını Qara və Mərmərə dənizlərinin biomüxtəlifliyinin fərqli olması ilə əsaslandırırlar. Belə ki, Qara dənizin suyu Mərmərəyə nisbətən daha azduzlu, biomüxtəlifliyi isə daha zəngindir. Qara dənizin səviyyəsi də Mərmərədən 50 sm yüksəkdir. Lakin Qara dənizin suyu Mərmərə ilə müqayisədə daha çox çirklənməyə məruz qalıb. Bosforda bu dənizlər arasında balans müxtəlif axınlarla təbii qaydada tənzimlənir.  Yeni kanalda belə axınlar olmadığına görə tənzimləmə də olmayacaq ki, nəticədə Qara dənizin çirkli suyu Mərmərəyə axacaq ki, bu da birincinin suyunun kəskin azalmasına, ikincidə bioloji müxtəlifliyin kəskin pozulmasına gətirib çıxaracaq.

Bundan əlavə, ekoloqlar hesab edirlər ki, kanalın çəkilməsi İstanbulun əsasən Avropa kənarlarından reallaşdırılan şirin su təchizatına zərbə vura bilər. Belə ki, kanal İstanbula şirin su gətirilən Sazlıdərə su anbarından keçəcək, anbarın tamamilə ləğv olunması nəzərdə tutulur. Eyni zamanda duzlu suyun torpağın dərinliklərinə hopması bu ərazidəki digər şirin su mənbələrinin də şoranlaşmasına səbəb ola bilər. Bu baş verərsə İstanbulun şirin su təchizatının ölkənin Asiya hissəsindən təmin edilməsi yeganə çıxış yolu olacaq: Türkiyənin Asiya hissəsi isə şirin su ehtiyatları baxımından çox məhduddur.

Ə.İmamoğlu bildirir ki, yeni kanalın tikintisi ilə İstanbul faktiki olaraq adaya çevriləcək, bu isə orada zəlzələ ehtimalını kəskin artıracaq. Ə.İmamoğlu kanala xərclənəcək vəsaitlərin İstanbulda zəlzələyə dözümsüz binaların sökülüb yenidən tikilməsinə sərf olunmasını daha məqsədəuyğun hesab edir.

Müxalifət isə Ərdoğan ailəsinin kanalın keçəcəyi ərazilərdə indidən böyük əraziləri satın almaqda ittiham edir. Bu prosesdə Ərdoğanın kürəkəni Berat Albayrak, həmçinin onun yaxın müttəfiqi olan Qatar əmirinin ailəsinin xüsusi aktivlik göstərdiyi deyilir.

Türkiyə Rusiya üçün Bosfor və Dardanel boğazlarını bağlayır

Maraqlıdır ki, ilk baxışdan adi layihə təsiri bağışlayan “Kanal İstanbul” reallaşma ərəfəsində geopolitik qarşıdurma predmetinə çevrilmək üzrədir. Belə ki, etirazçı admiralların fikrincə, kanal 1936-cı ildə Möntrö şəhərində imzalanmış, Bosfor və Dardanel boğazlarının statusuna dair beynəlxalq konvensiyaya təhdid yaradır. Bu sənədə əsasən Türkiyənin hər iki boğaz üzərində suveren hüquqları tanınır, ona boğazlarda hərbi donanma saxlamaq imkanı yaradır. Əvəzində Türkiyə bütün kommersiya gəmilərinə simvolik xarakter daşıyan rüsum ödəməklə boğazlardan sərbəst keçidi təmin etməyi üzərinə götürüb. Hərbi gəmilər üçünsə xüsusi rejim müəyyənləşdirilib: adi vaxtlarda Qara dəniz ətrafındakı dövlətlər bütün növ hərbi gəmiləri Türkiyə qurumlarını xəbərdar etməklə boğazlardan keçirə bilərlər. Hərbi əməliyyatlarda iştirak edərsə, yaxud Türkiyə hiss edərsə ki, hər hansı müharibə ona birbaşa təhlükə yaradır, bu zaman hərbi gəmilər üçün  istənilən məhdudiyyəti tətbiq etmək hüququna sahibdir.

Çox maraqlıdır ki, Rusiya Türkiyənin layihəsini özü üçün böyük təhdid hesab etməkdədir. Belə ki, kanalın tikilməsi ilə bərabər onun da Montrö sazişinin tələblərinə tabe olub-olmaması sualı yaranır. Prezident Ərdoğan birmənalı şəkildə yeni kanalın sazişin hüquqi qüvvəsi çevrəsinə düşməyəcəyini bəyan edib. Bu isə Rusiya üçün qətiyyən arzuolunan deyil. Belə ki, Montrö sazişindən kənarda qalan kanalla istənilən növ hərbi gəmilərin keçidinə Türkiyə qərar verəcək. Bu isə Montrö sazişinin faktiki olaraq öz əhəmiyyətini itirməsi deməkdir ki, bu da Qara dənizi öz mülkiyyəti hesab edən Rusiyanın maraqlarına ziddir. Əvvəla, ona görə ki, Türkiyə Qara dənizdəki hərbi qüvvələr balansına yüksək təsir imkanı qazanacaq: istənilən zaman hansısa ölkələrin hərbi gəmilərinin kanaldan keçidini məhdudlaşdırmaqla. Digər tərəfdən, Türkiyə hər nə qədər indiki mərhələdə Rusiya ilə münasibətləri saxlamağa çalışsa da, son nəticədə bir NATO ölkəsi, ABŞ-ın regionda əsas müttəfiqlərindən biridir. Ruslar hesab edirlər ki, yeni kanala çıxmaq üçün gəmilərin Montrö sazişi keçərli olan Dardaneldən keçməsi lazım gəlsə belə, türklər Dardanelə də alternativ çəkmək fikrinə düşə bilərlər. Buna görə də Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov bəyan edib ki, ölkəsi yeni kanalın tikilib-tikilməməsindən asılı olmayaraq, Montrö sazişinin hüquqi qüvvəsinin saxlanmasını istəyir.

Kanalla bağlı qaranlıq qalan məsələlərdən biri də oradan keçid üçün gəmilərin rüsum ödəyib-ödəməyəcəyidir. Belə ki, Bosfordan keçid üçün ticarət gəmiləri simvolik rüsum ödəyirlər. Kanalda keçiddə bundan artıq rüsum olacaqsa, gəmilərin Bosforu qoyub oradan keçməyəcəkləri aydın məsələdir. Yox, əgər rüsum Bosfora bərabər və ya ondan aşağı olacaqsa, Türkiyənin belə bahalı layihəyə yatırdığı vəsaitləri geri qaytarmaq imkanı olmayacaq. Belədə, Türkiyə hökuməti niyə iqtisadi baxımdan heç bir dvident gətirməyən layihəyə vəsait yatırsın ki? Elə bu suala cavab axtaran rus politoloqlar Ərdoğan hökumətinin əsas məqsədinin Montrö sazişindən çıxmaq olduğu qənaətinə gəlirlər. Nə qədər qəribə də olsa, etirazçı admirallar da hakimiyyəti Türkiyənin xeyrinə olduğunu dedikləri bu sazişdən çıxmaq niyyətində suçlayırlar. Onların fikrincə, kanalın işə düşməsi ilə Avropanın cənubunda hərbi-siyasi vəziyyət Rusiyanın ziyanına kəskin dəyişəcək. ABŞ kanalın mövcudluğundan istifadə edərək Qara dənizdə öz hərbi iştirakını genişləndirməyə çalışacaq. Nəticədə məhz ABŞ-ın dəstəyi ilə Türkiyə Montrö sazişinin hüquqi qüvvəsini heçə endirəcək. Bu, həm də Türkiyənin bölgədə siyasi rolunu kəskin yüksəldəcək ki, Rusiya bunu da özünə qarşı təhdid hesab edir.

Kanal bütün növ gəmilərin keçidinə imkan verəcək ölçüdə inşa olunacaq. Bura supertankerlər, kreyserlər, aviadaşıyıcılar da aiddir. Bu məqsədlə kanalın eninin 150 metr, dərinliyinin 25 metrə bərabər olması nəzərdə tutulur.

Montrö sazişinə əsasən Qara dənizdə ərazi suları olmayan ölkələrin hərbi gəmiləri Bosfordan keçməklə orada yalnız 21 gün qala bilərlər. Rusiya politoloqları əmindirlər ki, bu saziş olmasaydı, Moskva 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Krıma hərbi müdaxilə edə bilməyəcəkdi. Bu baxımdan da onlar layihəni Rusiyanın maraqların böyük zərbə kimi dəyərləndirirlər. Bildirirlər ki, Ərdoğan Türkiyədə əbədi hakimiyyət deyil. Bu isə o deməkdir ki, ondan sonrakı hakimiyyətin Rusiya ilə münasibətlərə indiki qədər önəm verməyəcəyi, yenidən Ankaranın ABŞ-la yaxınlaşmayacağına heç kim zəmanət vermir – yəni Türkiyədə hakimiyyətlər gəldi-gedərdir, amma kanal yüzillər boyu qalacaq.

Son olaraq qeyd edək ki, Ukrayna-Rusiya münasibətlərində son həftələrdə yaranan gərginlik fonunda “Kanal İstanbul” layihəsi daha çox müzakirə olunur. Belə ki, bu həftə ABŞ hərbi gəmilərini Qara dənizə göndərəcək. CNN Türkün verdiyi xəbərə görə, ABŞ iki hərbi gəmisinin İstanbul boğazından Qara dənizə çıxışı üçün Türkiyəni məlumatlandırıb. Bildirilib ki, gəmilər Montrö sazişinin tələbləri çərçivəsində may ayının 4-nə qədər Qara dənizdə qalacaq. Bu, Rusiyanı Ukraynaya mümkün hərbi müdaxilədən çəkindirmək məqsədi daşıyan bir addımdır. Amma ABŞ hərbi gəmilərinin Qara dənizdə olma müddəti və sayını Montrö sazişi məhdudlaşdırır. Bu isə o deməkdir ki, ABŞ həqiqətən də Kanal İstanbulun əsas dəstəkçilərindən birinə çevrilə bilər… Musavat.com

Həmçinin oxuyun

Azərbaycan buğdanın idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 92 milyon 994.34 min dollarlıq 365 min 348.68 ton …