Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Kərə yağı yenə bahalaşacaq – səbəb…

Kərə yağı yenə bahalaşacaq – səbəb…

Yeni Zelandiyada və Avropa ölkələrində bu məhsulun dəyəri durmadan bahalaşır

Kərə yağının qiymətindəki kəskin artım bu məhsulun ölkəyə idxalında və bazarda satışında iştirak edən bütün tərəflərin açıqlamalarına səbəb oldu. Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyindən sonra dünən kərə yağı idxalçıları da açıqlama ilə çıxış etdilər.

Ölkənin 7 ən iri kərə yağı idxalçısının birgə açıqlamasından aydın oldu ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsinin gətirildiyi Yeni Zelandiyada bu məhsul 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30 faizdən çox bahalaşaraq hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. İdxalçılar bildirirlər ki, artım tendensiyası davam edir və hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınaraq Azərbaycana idxal olunmuş mallardır.

Şirkətlərin açıqlamasına görə, yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsinin nəqliyyat xərcləri, 36 faiz təşkil edən vergi və gömrük rüsumları, ticarət şəbəkələrinə çatdırılma, əmək haqqı və sair xərclərlə birlikdə Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdan satış qiyməti 15.02-15.97 manat, pərakəndə satış qiyməti isə 15.90-17.10 manat arasında dəyişir.

“Yeni Müsavat”ın apardığı araşdırma göstərir ki, yalnız Yeni Zelandiyada deyil, idxalımızda ikinci yeri tutan Avropa ölkələrində də kərə yağının qiyməti bahalaşıb. Hazırda Avropa istehsallı kərə yağlarının orta topdansatış qiyməti 6-7 avro aralığında dəyişir. Beynəlxalq tədqiqat mərkəzlərinin hesablamalarına görə, bu bahalaşma nisbətən zəif sürətlə də olsa, ən azı yaxın 1 il müddətində davam edəcək. Nəzərə alsaq ki, hazırda Azərbaycan bazarında 1-2 ay əvvəlki qiymətlərlə alınan məhsul satılır, onda indiki və bundan sonrakı qiymətlərlə alınaraq gətirilən yağın daha baha olacağını söyləmək olar.

Onu da qeyd edək ki, yerli istehsal Azərbaycanın kərə yağına olan tələbatını qarşılamaq imkanında deyil. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 25,6 min ton kərə yağı istehsal olunub. Bununla da ölkənin kərə yağına olan tələbatının 75,3 faizi təmin edilib. Bu tələbatı ödəmək üçün xaricdən 8357.09 ton kərə yağı gətirilib ki, buna da 28 milyon 377.94 min dollar sərf olunub. Bu ilin 9 ayında isə Azərbaycana 35 998149.22 dollar dəyərində 8 391,526 ton yağ idxal edilıb. Göründüyü kimi, bu il kərə yağı idxalında ciddi artım var. Bu isə bu məhsulun qiymətinin indiki səviyyədə qalmayaraq artacağını göstərən amillərdən daha biridir.

Baş verən proseslər əhalinin qida rasionunda mühüm yer tutan məhsulun bahalaşmasının qarşısını almaq üçün ciddi addımlar atılmasını zəruri edir. Xatırladaq ki, ötən gün qəzetimizə açıqlama verən Milli Məclisin üzvü Vahid Əhmədov bahalaşmanın qarşısını almaq üçün yağ idxalına gömrük rüsumlarının azaldılmasını təklif edib. Onun fikrincə, bu addım idxal edilən yağın və yağ istehsalı üçün zəruri olan xammalın qiymətini stabil saxlamağa imkan verər.

Image result for Azər Mehtiyev

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, hazırda atılmalı olan ilk addım Azərbaycanın yağ bazarının hərtərəfli analiz edilərək, qiymətləri formalaşdıran amillər və onların bazara təsir gücünün müəyyənləşdirilməsi olmalıdır: “Bu gün Azərbaycanda kərə yağının qiymətini hansı amillərin, hansı dərəcədə formalaşdırdığını araşdırmaq lazımdır. Vəziyyət elədir ki, bunu edə biləcək vətəndaş cəmiyyətinin belə imkanı yoxdur. Hökumət qurumlarından bu işi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti həyata keçirə bilər və keçirməlidir də. Çünki ölkədə yağ istehsalı, idxalı, ixracı, daxili tələbatı təmin etmə vəziyyətinə dair ərzaq balansında verilən rəqəmlərdə uyğunsuzluqlar var. Eyni zamanda həm idxal, həm də istehsal edilən yağın tərkibinə nəzarət edən konkret qurum yoxdur. Keyfiyyətə nəzarəti bu və ya başqa dərəcədə həyata keçirməli olan qurumların işi koordinasiya olunmur. Buna görə də kərə yağının tərkibinə, keyfiyyətinə dair ən müxtəlif məlumatlar yayılmaqdadır. Bazarın hərtərəfli analizi bu kimi problemlərin hamısına cavab tapmağa imkan verər”.

Ekspert hesab edir ki, son günlərdə verilən rəsmi açıqlamalar yağ idxalı və satışında inhisarçılığın olmasını istisna etmir: “Yağ idxal edən şirkətlərin sayının çox olması heç də inhisarçılığın olmaması demək deyil. Araşdırmaq lazımdır, bu şirkətlərin neçəsi qiymətlə bağlı özü qərar verə bilir? Əgər o şirkətlərin hamısının gətirdiyi yağ eyni qiymətə satılırsa, demək, ortada kartel sövdələşməsi var. Yerli istehsalın qiymətini heyvan yeminin, otun bahalaşması ilə əsaslandırırlar. Bunun səbəbini isə açıqlamırlar. Halbuki son illərdə heyvandarlıq üçün yem bazası olan sahələr əkinçiliyə verilir. Bu isə yem və otun qiymətinin qalxmasına səbəb olur. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti araşdırma aparıb belə problemləri müəyyənləşdirməli, eyni zamanda onların aradan qaldırılması üçün zəruri olan addımları atmalıdır. Bu tədbirlərdən sonra qiymətlərin artmasını obyektiv hesab edərək əlavə nələrsə etmək olar. Söhbət vergi, gömrük və sair güzəştlərin tətbiqindən gedir”.

Image result for Vüqar Bayramov

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə “Yeni Müsavat”a bildirib ki, kərə yağının qiymətindəki bahalaşmanın qarşısını almaq üçün hökumət qısa və uzunmüddətli dövrə hesablanmış addımlar atmalıdır: “Kərə yağı strateji məhsuldur, ölkə əhalisinin ən çox istifadə etdiyi ərzaqlardan biridir. Buna görə də onun bahalaşmasının qarşısını almaq məqsədilə qısamüddətli dövr üçün vergi və gömrük rüsumlarında güzəştlər tətbiq oluna bilər. Bura idxalın gömrük rüsumlarından tamamilə azad olunması, yaxud ciddi güzəştlərin tətbiqi, satışın ƏDV-dən tam və ya qismən azad edilməsi daxildir. Bu addımlar yaxın dövrdə qiymətləri stabil saxlamağa imkan verəcək. Orta və uzunmüddətli dövr üçünsə daxili tələbatın yerli istehsal hesabına təmin olunması, həmçinin daxili istehsalın xammal baxımından idxaldan asılılığının aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Subsidiyalaşma kimi tədbirlər bu sahədə ciddi effekt verə bilməz”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …