Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “İxtisarlar qənaət rejiminə keçmək üçün ən asan qərardır” – EKSPERT

“İxtisarlar qənaət rejiminə keçmək üçün ən asan qərardır” – EKSPERT

Koronavirus pandemiyası fonunda neftin qiyməti və bu xammala olan tələbatın azalması, həmin sektorda çalışanlar üçün ciddi təhlükə yaradır.
Dünyanın 200-dən çox ölkəsində yayılan koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən təcridolma siyasəti dünya iqtisadiyyatını böhranlı vəziyyətə salıb. Bu isə dünya üzrə məşğulluğa böyük təhdid yaradır və işsizlik səviyyəsinin artmasına gətirə bilər.
İqtisadçı-ekspert Azər Mehdiyev bununla bağlı bildirib ki, bütün böhranlı dövrlərdə ölkələrdə iş yerləri bağlanır və bu, Azərbaycanda da istisna deyil.
O deyib ki, bu gün ümumbəşəri bəlaya çevrilən kononavirus pandemiyası faktiki olaraq dünya iqtisadiyyatını iflic vəziyyətə salıb: “Sərhədlər bağlanıb, qlobal təchizat zəncirləri qırılıb. Əksər ölkələrdə karantin rejimi səbəbindən iş yerləri fəaliyyətini dayandırıb, iqtisadi fəallıq heçə enib. Belə şəraitdə bir çox ölkənin hökumətləri insanlara yardım etmək və biznesə dəstək olmaq missiyasını üzərinə götürüb. Lakin burada diqqət yetiriləsi vacib bir məqam var və bu, karantin dövrünün müddəti ilə əlaqədardır. Belə ki, müddət uzandıqca dövlətin üzərinə düşən maliyyə yükü artır və bu milli iqtisadiyyat üzərində əlavə təzyiq yaradır”.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institurlarının proqnozlarından da göründüyü kimi, bu ilin sonunadək dünya iqtisadiyatında əhəmiyyətli azalma olacaq.
“Korporativ sosial məsuliyyət məsələsini kənara qoysaq, biznes ilk növbədə gəlir üçün çalışır və bütün böhran dövrlərində itkilərlə üzləşəndə iş yerlərinin ixtisarı qaçılmaz amilə çevrilir. Yəni bütün böhranlar dövründə ölkələrdə iş yerləri bağlanır və bu, Azərbaycanda da istisna deyil. Bizim hökumət karantin dövrünün mənfi təsirlərini azaltmaq üçün vətəndaşlara, biznesə dəstək yönündə oxşar tədbirlər həyata keçirir. Hökumətlərin səyləri təqdirəlayiq olsa da, sadəcə, işsizliyin daha da dərinləşməsinin qarşısını ala bilər, lakin işsizliyin səviyyəsinin artmasının qarşısını ala bilməyəcək”, – iqtisadçı vurğulayıb.
A.Mehdiyev fikrini belə tamamlayıb: “İndi ABŞ və Avropadan gələn məlumatlar onu göstərir ki, işsizlik bütün tədbirlərə baxmayaraq artır və böyük ehtimalla belə də davam edəcək. Çünki mövcud durumdan çıxış edərək, biznes dairələrinin bir çoxunun postpandemiya dövründə fəaliyətlərini bərpa edəcəyi böyük sual altındadır”.
Koronavirus pandemiyası fonunda neftin qiyməti və bu xammala olan tələbatın azalması, həmin sektorda çalışanlar üçün ciddi təhlükə yaradır. Bu əsnada Norveçin tanınmış “Rystad Energy” konsaltinq şirkətinin verdiyi proqnoza görə, bu ilin sonuna kimi neft sektorunda çalışan beş işçidən biri işini itirəcək. Söhbət, təxminən, 1 milyon insandangedir. Bəs Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ixtisarlara gedəcəkmi?
İqtisadçı-ekspert Natiq Cəfərli bununla bağlı açıqlamasında deyib ki, SOCAR dövlət şirkəti olduğu üçün starteji qərar veriləcək və ən azı ilin sonuna qədər ixtisarlar olmayacaq.

“Təbii ki, ixtisarlar qənaət rejiminə keçmək üçün ən asan və tez reallaşdırıla bilən qərardır. Nəzərə alaq ki, dünyadakı neft şirkətlərinin əksəriyyəti özəldir və onlar xərclərini optimallaşdırmaq üçün buna gedəcəklər. Ancaq SOCAR-la bağlı bunu demək mümkün deyil. Bu, dövlət şirkəti olduğu üçün hər şey dövlətin verəcəyi strateji qərardan asılı olacaq”, – ekspert vurğulayıb.
Onun sözlərinə görə, ölkəmizdə tətbiq olunan sosial izolyasiya tədbirləri ilə bağlı artıq işsizliklə bağlı problem yaranıb: “Bildiyim qədər SOCAR-da bütün strukturları nəzərə alsaq cəmi 70 minə yaxın işçi çalışır. “Rystad Energy”nin proqnozunu SOCAR-a proyeksiya etsək, onda söhbət 15 minə yaxın adamın işsiz qalmasından gedir. Bu, cəmiyyətdə ciddi sosial problem yarada bilər”.
“Ona görə də, düşünmürəm ki, dövlət tərəfindən belə qərar qəbul olunsun. Düzdür, bu, SOCAR-a əlavə maliyyə yükü gətirəcək, amma, dövlət şirkəti olduğu üçün ona daim vergi güzəştləri və ya müxtəlif investisiyalar şəklində dövlət dəstəyi verilir. Ona görə, çox güman ki, SOCAR-ın itkilərinin dövlət tərəfindən qarşılanması mexanizmi yaradılacaq”, – iqtisadçı diqqətə çatdırıb. mediapost.az

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …