Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / İstehsalda yaranmış fasilə pomidor ixracını azaldıb

İstehsalda yaranmış fasilə pomidor ixracını azaldıb

İyul ayında Azərbaycandan pomidor ixracı 2019-cu ilin minimum səviyyəsinə düşüb. 

2019-cu ilin 7 ayı ərzində Azərbaycandan 141 milyon 209 min dollar dəyərində 132 min 796 ton pomidor ixrac edilib. İlk 6 ayda Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 min 293 ton pomidor ixrac edilmişdi. Beləliklə, iyulda pomidor ixracı məbləğ ifadəsində 3 milyon 153 min dollar, miqdar ifadəsində isə 3503 ton təşkil edib.

Ən çox pomidor mayda ixrac edilib. Azərbaycana pomidor ixracından yanvarda 10 milyon 490 min dollar, fevralda 7 milyon 318 min dollar, martda 7 milyon 648 min dollar, apreldə 24 milyon 188 min dollar, mayda 54 milyon 595 min dollar, iyunda 33 milyon 817 min dollar valyuta daxil olub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli pomidor ixracının kəskin azalmasının səbəblərini Cebhe.info-ya açıqlayıb. 

O bildirib ki, ölkəmizdə sentyabr ayında istixanalar fəaliyyətə başlayır: “Avqust ayının sonu şitillər köçürülür, sentyabr ayının axırı, oktyabrın əvvəllərində istixanalar istehsala başlayır. İyun ayının sonu və iyulun birinci ongünlüyünədək davam edən proses zamanı istixanalarda istehsal müddətdə başa çatır. Azərbaycanda pomidor ixracı əsasən qapalı sahələrdən gedir. Proses elə qurulub ki, açıq sahə pomidoru ixraca az gedir. Doğrusu, Rusiya da bu məsələyə bir qədər həssas yanaşır və açıq sahə pomidorunu az qəbul etməyə çalışır. Çünki açıq sahədə bitkinin qorunması, ziyanverici xəstəliklərdən mühafizə məsələləri çətindir. Bu, azalma deyil, sadəcə olaraq, istixanalar fəaliyyətin dayandırdığı üçün statistikada belə görünür. Sentyabrdan sonra ixracda pomidorun artdığını görəcəyik. Adətən açıq sahədən pomidor ixrac olunmadığına görə, iyuldan sentyabra qədər ixracda bu rəqəmlər görünmür. Bunun izahı istehsalda yaranmış fasilə ilə bağlıdır”.

Ekspert Azərbaycandan Rusiyaya ixrac olunan pomidorların qaytarılması məsələsinə də toxunub. 

O deyib ki, ixrac məhsullarının geri qaytarılması ilə bağlı faktlar bir neçə dəfə olub, güman ki, bundan sonra da olacaq: “Ümumiyyətlə, güvə və digər zərərvericilər pomidorda olur. Əslində, Rusiya məhsula yox, güvənin karantin zərərvericisi olduğuna görə, öz ərazisinə yayılmasına etiraz edib məhsulu geri qaytarmışdı. Sporlar vasitəsilə yayılan güvə sonrakı dövrlərdə inkişaf fazasına keçir. Yəni Rusiya ölkədə bitki karantini və mühafizəsini qorumaq üçün bu addımı atmışdı. Azərbaycana əsasən qonşu İrandan tərəvəz məhsulları gəlir. Ola bilər ki, bu zərərvericilər ölkəmizə həmin məhsulların içərisində gəlir və sporlar vasitəsilə yayılır.

Cari ilin statistik təhlilləri göstərir ki, qlobal bazarlarda ixrac trendində pomidor yenə üstünlük təşkil edir. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ixracın strukturunda pomidor lider məhsul olacaq. Yəqin ilin sonuna doğru bu rəqəmləri görəcəyik. Son illər 3-4 məhsulun ixracının artdığını müşahidə edirik. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor, xurma və pambıq daxildir. Bu, sevindirici prosesdir”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …