Şənbə , Sentyabr 19 2020
Ana səhifə / İqtisadiyyat / İşsizlik sığortası alanların əhatə dairəsi genişləndirilir – ŞƏRH

İşsizlik sığortası alanların əhatə dairəsi genişləndirilir – ŞƏRH

Azərbaycanda işsizliyə görə sığorta haqqı alacaq şəxslərin dairəsi genişləndirilir. Bununla bağlı qanun layihəsi avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunub.

Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə bu qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.

Qanunla minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni mühüm müsbət addım kimi dəyərləndirib: “Bu qanunun qəbulu ilə əlavə 40-50 min nəfərə işsizlikdən sığorta pulu vermək imkanı yaranacaq”.O bildirib ki, işsizlikdən sığorta təyin olunması üçün tələb olunan 3 illik müddət də qanun layihəsinə təklif edilən dəyişikliklə 1 ilə endirilir: “Bütün dəyişikliklər vətəndaşlar üçün müsbət yöndədir”(APA).

Anar Əliyev: "Azərbaycanda ciddi sosial müdafiə sistemi qurulub"

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 520 mindən çox vətəndaş müddətli əmək müqaviləsi ilə çalışır: “Yəni potensial olaraq bu vətəndaşlar bizə müraciət edə bilər. Buna görə də hazırlıqlı olmaq, vətəndaş məşğulluğunun təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Şəxsin fərdi məşğulluğu təmin olunanadək işlər davam etdiriləcək. Burada əsas məqsəd işsiz vətəndaşların işlə təmin olunmasıdır. İşsizlikdən sığorta haqqında qanunda fondun vəsaitlərinin hansı istiqamətdə xərclənəcəyi göstərilir”.

Sahib Məmmədov (ictimai-siyasi xadim) — Vikipediya

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu dəyişiklik zəruri idi: “2018-ci ildən qüvvəyə minən ”İşsilikdən sığrta haqqında” Qanun Konstitusiyanın 35 və 38-ci maddələrinə ziddir. Konstitusiyaya görə, işsilərin dövlətdən müavinət almaq hüququ əks olunsa da qanunla yalnız müəssisənin ləğvi və ştatların ixtisarı zamanı əmək müqaviləsinə xitam verilən şəxslər, o da müəyyən şərtlərlə (sığorta stajı və sair) işsizlikdən sığorta haqqına iddia edə bilərdi (idda etmək də hələ sığorta müavinəti almaq demək deyil). Hətta dövlət qulluğunda olan şəxslər ümumiyyətlə işsiz kimi müavinət ala bilməzdi. Çünki qanunda dövlət orqanının ləğvi və ya dövlət orqanında ştatların ləğvi nəticəsində əmək müqaviləsinə xitam verilənlər, ümumiyyətlə, nəzərdə tutulmurdu. Nəhayət, indi qərara gəliblər ki, qanuna dəyişiklik etsinlər. İşsizlik halında dövlətdən müavinət almaq hüququna indi dövlət orqanının ləğvi və ya dövlət orqanında ixtisar zamanı əmək müqaviləsinə xitam verilənlər də iddia edə biləcəklər. İkinci əlavə isə müddətli əmək müqaviləsi başa çatanlardır (Əmək Məcəlləsi, 68.2. b). Layihə qəbul olunsa onlar da idda edə biləcəklər”.

Hüquq müdafiəçisi bildirir ki, dəyişiklikdən sonra da bir sıra kateqoriyaya daxil olan şəxslər yenə də işsiz olsa belə, dövlət onlara heç bir müavinət verməyəcək: “Bura daxildir, ilk dəfə iş axtaranlar, seksual təhrikə məruz qalma səbəbinə görə iş yerini tərk edənlər, işəgötürənin təşəbbüsü ilə əmək funksiyalarını yerinə yetirmədiyinə görə (Əmək Məcəlləsi 70 ç maddəsi) əmək müqaviləsinə xitam verilənlər, öz ərizəsi əsasında (Əmək Məcəlləsi 69.1.) əmək müqaviləsinə xitam verilənlər, attestasiyadan keçməyərək əmək müqaviləsinə xitam verilənlər (Əmək Məcəlləsi 70 c), əmək şəraitinin şərtlərinin dəyişməsi nəticəsində əmək müqaviləsinə xitam verilənlər (Əmək Məcəlləsi 68.2. c), sınaq müddətini keçməyənlər (ƏM 70 d), mülki-hüquqi müqavilə əsasında işləri və xidmətləri yerinə yetirənlər, əvvəllər uzun müddət işi olmayan işaxtaranlar və qeyri-rəsmi məşğul şəxslər.

Bu ölkədə kim mənə izah edə bilərsə, buyursun. Hörmətli Musa Urud, aidiyyəti dövlət orqanları və s. Sual belədir:

-Niyə işlədiyi dövrdə işsizlikdən sığorta fonduna aybaay ödəniş edən, amma seksual qısnama səbəbindən iş yerini tərk etməyə məcbur olmuş şəxs işsiz qaldıqda dövlətdən müavinət ala bilməsin?

-Niyə işlədiyi dövrdə işsizlikdən sığorta fonduna aybaay ödəniş edən, amma attestasiyadan keçə bilməyib ƏM 70 c maddəsi ilə əmək müqaviləsinə xitam verilən şəxs belə müavinətə idda edə bilməsin?

-Niyə işlədiyi dövrdə işsizlikdən sığorta fonduna aybay ödəniş edən, amma əmək şəraitinin şərtlərinin dəyişməsi səbəbinə görə (ƏM 68.2.c) əmək müqaviləsinə xitam verilənlər idda edə bilməsin?

Ümumiyyətlə, insan əmək qabiliyyətlidirsə, işləmək istəyirsə və buna görə məşğulluq mərkəzində uçota durubsa və dövlət onu işlə təmin edə bilmirsə, ona niyə müavinət verilməli deyil”?

Maraqlıdır ki, “İşsizlikdən sığorta haqqında” qanun fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərən şəxslərin muzdlu işə cəlb etdiyi işçilərin işsizlikdən sığorta haqqı almasına imkan vermir. S.Məmmədov bildirir ki, bu, qanunun ciddi çatışmazlıqlarından biridir: “Məsələ burasındadır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkar fəaliyyəti göstərən şəxslərin muzdlu işə cəlb etdiyi şəxslərin əmək haqqından işsizlikdə sığorta haqqı tutulur. Amma Əmək Məcəlləsində bu şəxslərlə bağlı heç nə yoxdur deyə, ”İşsizlikdə sığorta haqqında” qanunda da onlar nəzərə alınmır. Biz bu məsələni dəfələrlə qaldırmışıq, Milli Məclisin Əmək və sosial siyasət komitəsinə, müvafiq dövlət orqanına da təkliflərimizi vermişik, lakin təəssüf ki, nəticəsiz qalıb”. Musavat.com

Həmçinin oxuyun

Maliyyə amnistiyası niyə düyünə düşüb? – ŞƏRH

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın təsirlərindən tez çıxmaq, ölkə iqtisadiyyatını mümkün qədər qısa müddətdə bərpa …