Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İslahatlar SOCAR-ı dirçəldəcəkmi…

İslahatlar SOCAR-ı dirçəldəcəkmi…

SOCAR-da kadr islahatları davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Xatırladaq ki, bu ilin iyul ayında SOCAR-ın 4 vitse-prezidenti (Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov) vəzifədən azad edilmişdilər.

Əvvəlcə qısa arayış verək. Marja.az-ın məlumatına görə,   yeni vitse-prezident Kənan Təhməz oğlu Nəcəfov1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Digər vitse-prezident Zaur Aydın oğlu Qurbanova gəlincə, o, bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini vəzifəsində çalışıb. Yeni vitse-prezident daha öncə beynəlxalq audit şirkəti olan “Ernst & Young”un Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.

SOCAR-la bağlı daha bir addım isə bu ilin yanvar ayında Müşahidə Şurasının  yaradılması oldu və şirkətin fəaliyyətinə hazırda  Müşahidə Şurası nəzarət edir. Bəs görəsən, bu təyinatlar şirkətin fəaliyyətində nələrisə dəyişdirəcəkmi? Ölkənin ən böyük dövlət şirkətindəki islahatlar necə aparılır və daha hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan UNEC-in professoru Elşad Məmmədov bildirdi ki, kadr dəyişiklikləri ilə yanaşı dövlət şirkətinin menecmenti də dəyişməlidir: “Yeni təyin olunan kadrların SOCAR-ın fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağını demək çətindir. Çünki birinci onların səlahiyyət çərçivəsinin nədən ibarət olacağını baxmaq lazımdır. Digər tərəfdən, onların bu sahədə nə dərəcədə ali səviyyədə menecment bacarıqlarına sahib olması önəmlidir, hazırda bunu bilmirik. Şübhəsiz ki, bu suallara müəyyən dövrdən sonra nisbətən dəqiq cavab tapmaq olar. Mən hesab edirəm ki, hansısa vitse-prezidentlərin dəyişməsindən, Müşahidə Şurasının yaradılmasından daha çox, SOCAR-ın idarəetmə təcrübəsinin, menecmentin  kökündən dəyişməsinə ehtiyac var və buna  istinad etmək doğru olardı. SOCAR ilk növbədə ölkədə mövcud olan təbii resurs potensialının ölkə daxilində emalına nail olmalıdır. Təbii resursların xammal şəklində ixracatından müəyyən dövr ərzində ölkəyə valyuta gəlməsinə şərait yarandığını  etiraf etsək də, anlamalıyıq ki, resursların xammal şəklində ixracı heç vaxt ölkənin dayanıqlı şəkildə inkişafına, rəqabət imkanlarının gücləndirilməsinə şərait yarada bilməz. Çünki nefti xammal şəklində ixrac edirsinizsə, emal şəkli ilə müqayisədə on dəfələrlə ticari cəhətdən dividentləri, iqtisadi resursları daha az alacaqsınız. Mütləq şəkildə SOCAR-ın ölkədaxili emala istiqamətlənmiş idarəetmə menecmentini qurmalıyıq. Əgər ən bəsit, ən sadə neftin emal dərinliyi on dəfəyə yaxın əlavə dəyər verirsə, siz təsəvvür edin ki, xammal şəklində neftin ixracı nə qədər rəqabət imkanlarının zəifliyini şərtləndirir. Ona görə də mütləq şəkildə SOCAR neft emalına istiqamətlənmiş idarəetmə modeli qurmalıdır”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Məmmədov Elşad Yaqub oğlu

Elşad Məmmədov

E.Məmmədov onu da vurğuladı ki, SOCAR xərclər siyasətinə yenidən baxmalıdır: “Köklü şəkildə başqa yanaşma olmalıdır. Aydındır ki, Türkiyə bizim üçün qardaş dövlətdir və onlarla iri investisiya layihələrinin reallaşdırılmasının bir rəmzi mənası var. Amma bu gün dövlət üçün mühüm, sistem əsaslı qurumlar ilk növbədə ölkə daxilinə investisiya qoymalıdır. Bu illər ərzində SOCAR Avropa ölkələrində, Gürcüstanda, digər ölkələrdə iri layihələr reallaşdırdı. Bunlar SOCAR-a nə verdi? Hətta biz görürük ki, SOCAR-ın xarici borclanması az qala Azərbaycan dövlətinin ümumi borcu qədərdir. Ancaq ölkə prezidentinin də dediyi kimi, SOCAR-a dövlət tərəfindən çox böyük təşkilati, maliyyə dəstəyi var. Necə olur ki, təbii inhisarçı olan şirkətin faktiki olaraq dövlətin rəsmi borcu qədər borcu var. Digər tərəfdən, ölkədə neftin emalı ilə bağlı, adicə benzin növlərinin istehsalı ilə bağlı hələ də lazımi səviyyədə istehsal müəssisələri qurulmayıb. Deməli, xərclər siyasətində çox böyük boşluqlar var. Bütün bunlar aradan qaldırılmalı, SOCAR-ın idarəetmə fəlsəfəsi ölkədə neft və qaz üzrə emal proseslərinin qorunmasına yönəlik istehsal prosesi olmalıdır. Ölkədə təbii resursların 80  faizə yaxını xammal şəklində ixrac olunur. Bu, yolverilməzdir, biz hazır, emal olunmuş məhsul ixrac etməliyik. Bu, Azərbaycan iqtisadiyyatının rəqabət imkanlarını dəfələrlə artırır və mən hesab edirəm ki, burada SOCAR açar qurumlardan biridir. SOCAR-ın  məhz formalaşmış trendlər üzrə inkişaf etməsi üçün, investisiyaların prioritet olaraq xaricə yönləndirilməsi siyasətinə yenidən baxmalı, kökündən dəyişdirməlidir. SOCAR daxili bazarda yönləndirilmiş, eyni zamanda ixraca istiqamətləndirilmiş, emal dərinliyinə  malik olan məhsulların  istehsalını dayanıqlı şəkildə ölkədə formalaşdırmalıdır”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …