Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Heç şübhəsiz, bütün dövrlərin ən populyar mövzularından biri “islahatlar” mövzusudur. Siyasi münasibətlər müstəvisində isə sözügedən mövzu ətrafında hər zaman minlərlə müxtəlif spekulyasiya, manipulyasiya, qərəzli mülahizə və hətta ağlasığmaz şərh dolaşır. Sosial şəbəkələrin şayiə yaymaq kimi tükənməz potensialı sayəsində isə ölkənin hər bir vətəndaşı artıq “islahatlar mütəxəssisi”nə çevrilib. Bəzən “hərşeyşünaslar”ın peşəkarlıqdan uzaq şərhləri əhalinin ictimai şüurunda islahatlar ilə bağlı təhrif olunmuş sosial stereotiplərin formalaşmasına gətirib çıxarır. Mövcud kontekstdə ən böyük problemlərdən biri elə məhz qeyd olunan məsələnin arxasında gizlənir.

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti” sərlövhəli məqaləsində yer alıb.

Politoloqun sözlərinə görə, qlobal xarakterli müxtəlif informasiya texnologiyaları vasitəsilə məqsədyönlü şəkildə əhalinin ictimai təfəkkürünə yanlış stereotip yeridilir ki, islahatlar, ilk növbədə, dəyişikliklər deməkdir. Ancaq unutmamalıyıq ki, istənilən halda, dəyişiklik zamanla olur və hər bir dəyişiklik də inkişaf demək deyil. Bu sadə həqiqətləri anlamaq üçün heç də böyük filosof olmağa ehtiyac yoxdur. Odur ki, keyfiyyətli islahatlar, ilk növbədə, “təkmilləşmə” deməkdir. Əgər biz Prezident İlham Əliyevin islahatlar kursunu təhlil etsək, o zaman aydın şəkildə görə bilərik ki, dövlətimizin başçısının islahatlar siyasətinin prinsipial paradiqması məhz “təkmilləşmə” məfhumudur.

Bəli, “təkmilləşmə” paradiqmalı islahatlar daha mürəkkəb və daha uzunmüddətli olurlar. Elə əsas çətinliklər də məhz qeyd olunan məsələdədir. Ancaq biz unutmamalıyıq ki, yalnız bu cür islahatlar xalqın və cəmiyyətin xeyrinə olanlardır. Çünki “təkmilləşmə” paradiqmalı islahatları xarakterizə edən əsas amil “forma” yox məhz “mahiyyət”dir. Bu cür islahatlar xalqın gələcəyinə xidmət edir. “Forma” xarakterli islahatlar isə daha çox seçkiqabağı kampaniyalar zamanı müxalifətin populist vədlərinə bənzəyir.

İslahatlar gözləntisi kontekstində düşünməyə səbəb ola biləcək bir müqayisə aparaq. Yol qaydalarını bilməyən və ya qaydaları bilərəkdən pozan sürücülər çoxluq təşkil etdiyi şəhərdə avtomobillərin üzərində hansısa dəyişikliklərin aparılması və ya yenilənməsi nəqliyyat ilə bağlı olan problemli məsələlərinin həllinə xidmət edəcəkmi? Əlbəttə ki, yox. İş prosesində kompüterdən istifadə etməyən bir məmurun kompüterinin dəyişdirilməsi onun daha effektiv çalışmasına səbəb olacaqmı? Bu sualların cavabları hər kəs üçün son dərəcədə aydındır.

Buna görə də Prezident İlham Əliyevin “təkmilləşmə” paradiqmalı islahatları dayanıqlı nəticələrin və sabit inkişafın zəmanəti kimi çıxış edirlər. Burada qərəzli demaqoqların “kirli” siyasi fəaliyyətindən fərqli olaraq, işin başında duran əsas amillər pafos, vətənşivənlik və ucuz reytinq deyil. Dövlətimizin başçısının nəticəyönümlü və “təkmilləşmə” paradiqmalı islahatları milli maraqlara və gələcəyə xidmət edir.

“Kirli” siyasət demişkən, gəlin, bizim bəlalı radikallarımızın “islahat” mövzusundan öz məkrli niyyətləri üçün necə istifadə etmələrinə diqqət yetirək. Müxtəlif siyasi texnologiyalar, o cümlədən psixoloji manipulyasiyalar vasitəsilə cəmiyyətin ictimai şüurunda “islahatlar” mövzusu ilə əlaqədar “fantastik” ümid və gözləntilər formalaşdırılır. Daha sonra əsassız və absurd xəyallar həyatda gerçəkləşməyəndə isə vətənşivənlərin qərəzli informasiya manipulyasiyaları hərəkətə keçir. Belə ki, Qərbin sözügedən siyasi texnologiyası vasitəsilə cəmiyyətdə süni və əsassız şəkildə narazılıq mühiti formalaşdırılır. Qeyd olunan siyasi texnologiyanın kökündə bilavasitə bu psixoloji amil dayanıb: özünü doğrultmayan əsassız xəyallar daha sonra şəxsi faciələrə çevrilir. Cəmiyyət müstəvisində sözügedən texnologiyanın istifadə olunması isə daha böyük faciələrə gətirib çıxarda bilir.

Onu da xatırladaq ki, sosial-psixoloji nəzəriyyələrə görə yanlış dəyişiklik istəyi bəzən uzun davam edən sabit mühitdən irəli gələ bilər. Belə ki, əksəriyyətimiz bəzən “dəyişiklik” istəyi səbəbindən evdəki divanın yerini bir neçə dəfə dəyişdirdikdən sonra anlayırıq ki, divanın ən gözəl və uyğun yeri elə öz ilkin yeridir.

“Hamımız təqribən son 3-4 il ərzində ölkəmizdə siyasi partiyalar və siyasi münasibətlər müstəvisində olduqca fəal şəkildə aparılan islahatların şahidiyik. İslahatlar həm qanunverici, həm institusional, həm də ideoloji müstəvidə aparılır. Prezident İlham Əliyevin müxtəlif təşəbbüsləri vasitəsilə siyasi dialoq və əməkdaşlıq mühiti fəal şəkildə təşviq olunur. Ancaq bu təşəbbüslər xain radikalların məkrli təbiət və mahiyyətini dəyişdirə bildimi? Məhz o səbəbdən də siyasi aksiom kimi qəbul etməliyik ki, radikalların qərəz dolu ucuz və zəhərli demaqogiyası sağlam cəmiyyət üçün olduqca təhlükəlidir.

Hər bir vətəndaş bilməlidir ki, “islahat”, sadəcə, inzibati resurs deyil. İslahat “möcüzə çubuğu” da deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən sistemli islahatlar qarşılıqlı prosesdir. Onların sürətli şəkildə həyata keçirilməsi üçün təkcə siyasi iradənin mövcudluğu kifayət etməz. Bu cür islahatların uğur açarı cəmiyyətdə yaşanan həmrəylik mühitindədir. Məhz elə bu səbəbdən də Prezident İlham Əliyevin dövlət siyasətinin əsas və prinsipial şüarlarından biri onun “Biz birlikdə güclüyük” ifadəsidir. Elə buna görə də həmrəylik mühiti hər zaman Azərbaycanın inkişafını istəməyən qüvvələrinin hədəfindədir. Ölkədə təşviq olunan dialoq mühitinin inkar olunmasının başqa səbəbi ola bilməz. Bu sadə həqiqəti unutmayaq”, – deyə məqalədə qeyd olunub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …