Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / “İşğal amili olmasaydı sosial-iqtisadi sahədə əldə olunan uğurlar indikindən daha yüksək olacaqdı”

“İşğal amili olmasaydı sosial-iqtisadi sahədə əldə olunan uğurlar indikindən daha yüksək olacaqdı”

Məlum olduğu kimi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və bunun uzun illər davam etməsi həm də ciddi iqtisadi zərərə səbəb oldu.

İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı böyük işlər görüldü. Regionların sosial-iqtisadi inkişafı və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra proqramlar qəbul edildi. Məcburi köçkünlər üçün çoxsaylı şəhərcik tikildi. İşğal səbəbindən müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırıldı. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı da inkişaf etdi. Sözügedən çətinliklər ölkədəki dinamik iqtisadi inkişafı əngəlləyə bilmədi.

Maraqlıdır, işğal faktı olmasaydı, o zaman Azərbaycan sosial-iqtisadi sahədə daha hansı hədəflərə çata bilərdi?

Məsələyə münasibət bildirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, işğal amili olmasaydı, ölkənin iqtisadi inkişafı daha böyük olardı: “Ölkəmiz müstəqillik əldə etdikdən dərhal sonra mənfur Ermənistan tərəfindən ərazi iddiaları və elan olunmamış müharibə ilə üzləşdi. Müharibə ərazilərimizin 20 faizə qədərinin Ermənistan qoşunları tərəfindən işğalı və 1 milyona qədər məcburi köçkün və qaçqın probleminin yaranması ilə nəticələndi. Bu problemlər yenicə müstəqillik əldə edən ölkəmiz üçün çox ağır yükə çevrildi, faktiki olaraq, ölkəmiz sosial-iqtisadi və hərbi fəlakətlərlə üz-üzə qaldı. Ölkə iqtisadiyyatı görünməmiş dərəcədə iflasa məruz qaldı”.

Ekspertin fikrincə, 1994-cü ildə atəşkəs müqaviləsinin imzalanması ilə müharibənin aktiv fazasına və problemlərin dərinləşməsinə son verildi: “Həmin ilin 20 sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan neftinin hasili və dünya bazarlarına nəql olunmasını nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanması vəziyyəti dəyişdi. Yəni bu, iqtisadi sahədə dönüş yaratmaqla yanaşı, həm də Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün atılan böyük addım oldu. Bunun sayəsində 1996-cı ildən başlayaraq ölkədə iqtisadi tənəzzül iqtisadi artımla əvəz olunmağa başladı. 2005-ci ildən sonra isə ölkə böyük neft gəlirlərinin daxil olması mərhələsinə qədəm qoydu. Bu dövrdən sonra ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya qoyuluşları sayəsində quruculuq işləri geniş vüsət aldı, iqtisadi artım templəri ən yüksək səviyyəyə çatdı. Ötən dövrdə ölkədə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan 3 dövlət proqramı qəbul olunaraq, uğurla icra olunub. Nəticədə ölkə regionlarının siması əsaslı şəkildə dəyişmiş, regionların potensialı iqtisadi dövriyəyə cəlb olunub. Bütün bunlar ölkədə ümumdaxili məhsul istehsalının dəfələrlə artması və dövlət büdcəsinin 20 milyard manatdan çox olmasını şərtləndirdi. Lakin bütün qeyd olunan uğurlar ölkə ərzisinin 20 faizə qədərinin işğal altında olması, 1 milyona yaxın məcburi köçkün və qaçqın probleminin mövcudluğu, faktiki olaraq, müharibə vəziyyətinin davam etməsi şəraitində əldə olundu. Dövlət büdcəsi xərclərinin əhəmiyyətli hissəsinin qeyd olunan problemlərin həllinə sərf olunması ölkənin iqtisadi inkişafına yönəldiləcək vəsaitlərin ixtisarı şərtilə baş verirdi. Bu isə daha böyük iqtisadi uğurların əldə olunması işinin ləngiməsinə səbəb oldu. Əgər ölkəmiz qeyd olunan problemlə üzləşməsəydi, heç şübhəsiz ki, sosial-iqtisadi sahədə əldə olunan uğurlar indikindən daha yüksək olacaqdı. Müharibə nəticəsində ölkə iqtisadiyyatına dəyən zərərlərin həcmi ilə bağlı aparılan qiymətləndirmələr onu göstərir ki, problem mövcud olmasaydı, o halda ölkədə ÜDM istehsalı 100-120 milyard, dövlət büdcəsi isə 35-40 milyard manat səviyyəsində olacaqdı. Bu göstəricilərin əldə olunması isə, ilk növbədə, əhalinin rifah səviyyəsinin indikindən böyük ölçüdə yüksək olmasını şərtləndirməklə, ölkədə dayanıqlı iqtisadi artım təmin olunacaqdı. İşğal olunan rayonlarda resursların iqtisadi dövriyyəyə cəlb olunması ilə ölkə böyük ixrac potensialı əldə edəcəkdi. Həmin rayonların turizm potensialı ölkəyə böyük miqdarda xarici investisiyaların cəlbinə səbəb olacaqdı”.

Ekspet onu da qeyd etdi ki, bütün hallarda, işğal amili olmasaydı, iqtisadi inkişaf daha böyük olardı. (Bakı-Xəbər)

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …