Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İqtisadiyyat / İranın qaz bazarında oyunçu olması Rusiyaya sərf edirmi – TƏHLİL

İranın qaz bazarında oyunçu olması Rusiyaya sərf edirmi – TƏHLİL

Azərbaycan İran qazının Avropaya çatdırılmasında açar infrastruktura malikdir

İranın nüvə silahı əldə etməsinə mane olmağa çalışan İsrailin təşəbbüsü ilə Rusiya, ABŞ və İsrail təhlükəsizlik şuralarının rəhbərləri arasında görüş gözlənilir. Əsas mövzu İranın nüvə silahı əldə eləməsinə xeyli yaxınlaşması ilə bağlı olacaq.

Bu mövzuda danışan israilli mütəxəssis Mixail Finkel maraqlı bir fikir söyləyib: “Rusiya sırf öz iqtisadi maraqları naminə İranı dəstəkləyir. Burada strateji məsələ rus iqtisadiyyatının sağ qalmasıdır. Bu gün İrana nüvə silahı yarada bilməməsi üçün preventiv zərbə endirilərsə, Avropanın ən böyük qaz tədarükçüsü üçün ciddi problemlər yarana bilər. Bu halda İranda inqilab baş verə bilər. Çünki İran xalqı Xamneyiyə nifrət edir. Ölkədə çevriliş ola, rəhbərlik dəyişə, İran ərazisindəki Azərbaycan torpaqlarından imtina edə, oradakı azərbaycanlılar öz azadlığına qovuşa bilər. İrana yeni demokratik hökumət gələ, sanksiyalar ləğv oluna, Avropa ölkələri ilə əməkdaşlıqlar qurula bilər. Bu halda Rusiyanın qaz biznesi çökə bilər. İranın hazırda sanksiyalarla dolu status-kvosunun saxlanılması Rusiyanın marağındadır. Faktiki olaraq ”Qazprom” hazırda monopoliya yaradıb. İranda hakimiyyət dəyişikliyi Rusiya üçün təkcə qaz deyil, müxtəlif ərazilərdə alıcının itirilməsi ilə nəticələnə bilər”.

İsrailli mütəxəssis nə qədər haqlıdır? İranın qaz bazarında Rusiyaya rəqib olmaq imkanları varmı? Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, İranın belə imkanları var: “Hələ keçən əsrin 80-ci illərində keçmiş SSRİ İranın qaz potensialını özünə ən ciddi təhlükə olaraq görürdü. Buna görə də İranda 1979-cu il çevrilişini dəstəkləyib, ölkənin sanksiyalara məruz qalmasına, təcrid olunmasına rəvac verdi. İndi də İranın sanksiyalardan azad bir ölkə kimi öz qaz sənayesini inkişaf etdirmək imkanı əldə etməsi Rusiyaya sərf etmir”.

Qeyd edək ki, İran özünün elan etdiyi qaz ehtiyatlarının həcminə görə dünya lideridir. Onun təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 34 trilyon kubmetr həcmində qiymətləndirilir. Düzdür, rusiyalı ekspertlər İranın açıqladığı rəqəmləri ciddi şübhə altına alırlar, lakin dünyada qəbul olunan budur ki, cənub qonşumuz qaz ehtiyatlarının həcminə görə ilk sırada dayanır.

İranın, eləcə də dünyanın ən böyük qaz yatağı “Cənubi Pars” yatağıdır. Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatlarına görə, 14 trilyon kubmetr qaz və 18 milyard barel qaz kondensatı ehtiyatlarına malik olduğu təxmin edilən Cənub Pars Təbii Qaz Sahəsi dünyada olan təbii qaz ehtiyatlarının da 8 faizini təşkil edir.

2015-ci ildə – İrana qarşı sanksiyalar yumşaldılmağa başlayanda Tehran qaz ixracı imkanlarını sürətlə genişləndirəcək plan hazırlayıb icrasına başladı. Ölkədə neft-qaz hasilatı ilə məşğul olan şirkətlərə gündəlik hasilatı artırmaq tapşırığı verildi. 

Ümumilikdə, İranda qaz istehsalının (məşəllərdə yanan və neft quyularına vurulan qazla birlikdə) 2020-ci ilə qədər sutkada 1 milyard – 1 milyard 100 milyon kubmetrə (ildə 365-400 milyard kubmetr) çatdırılması nəzərdə tutulurdu. Həmin vaxt İran sutkada 680 milyon kubmetr (ildə təxminən 248 milyard kubmetr) xam qaz və 550 milyon kubmetr məişət qazı istehsal edirdi. İranda istehsal edilən məişət qazının 300 milyon kubmetri (sutkada) “Cənubi Pars”da hasil olunur və bu rəqəmin 2020-ci ilə qədər iki dəfə artırılması planlaşdırılırdı.

52- Cənubi Pars qaz yatağının on dördüncü fazasının dördüncü dəniz  platforması tikintisi - ایران پلتفرم - دستاوردهای جمهوری اسلامی ایران

Hasilatla yanaşı, İran hökuməti ixrac infrastrukturunun yaradılmasına da hazırlaşırdı. Türkiyəyə ildə 10 milyard kubmetr, İraqa 9 milyard kubmetr qaz ixrac edən İranın 2015-ci ildə illik 30 milyard kubmetrlik ixrac müqavilələri vardı. Lakin sanksiyalara görə ixracı təmin etmək mümkün olmurdu. 2018-ci ilədək İran İraqa ixracın artırılması, həmçinin Pakistan və Çinə qaz ixracının təmin olunması istiqamətində aktiv danışıqlar apararaq bir sıra razılaşmalar əldə etdi. Həmçinin ölkə maye qaz istehsalı müəssisələri yaratmaqla maye qaz bazarına da daxil olmağı planlaşdırırdı. Bu məqsədlə illik gücü 10,5 milyon ton LNG istehsalı olan layihə hazırlandı, 2,5 milyard dollar sərmayə yatırıldı. Layihənin 2018-ci ildə yekunlaşması nəzərdə tutulurdu.  İranın digər potensial ixrac istiqaməti Asiya bazarıdır. 2014-2015-ci illərdə İrandan Pakistana “Sülh kəməri” adlandırılan kəmərin çəkilməsi ilə bağlı ilkin razılaşmalar əldə olunmuşdu. Kəmərin genişləndirilməklə Hindistan və Çinə qədər uzadılması müzakirə olunurdu. Lakin sabiq ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyalar bu planın reallaşmasını əngəllədi.

İranın Türkiyə üzərindən Avropaya qaz kəməri çəkmək üçün maliyyə imkanları məhduddur. Bu, ümumiyyətlə, sərfəli hesab olunmur: “Cənubi Pars”dan Türkiyə sərhədinə qədər gedəcək 1850 km uzunluğunda ölkədaxili magistral boru kəmərinin inşasının maliyyə tutumu ilkin olaraq 6 milyard dollar hesablanmışdı. Kəmər boyu qurulmalı olan 17 kompressor stansiyasının köməyi ilə sutkada 110 milyon kubmetr qaz nəqlinin illik xərci isə bir milyard dollardan çox təşkil edə bilər.

Caspian Sea oil exploration operations underway - Tehran Times

Lakin indi vəziyyət kəskin şəkildə dəyişib: Bu ilin avqustunda İran Xəzər dənizində nəhəng qaz yatağı aşkarladığını elan edib. “Khazar Exploration and Production” şirkəti ehtiyatların “Çaluş” yatağında aşkar edildiyini açıqlayıb. Şirkətin baş icraçı direktoru Əli Osulinin sözlərinə görə, ilkin qiymətləndirmə işləri göstərib ki, yatağın ehtiyatları təqribən 3,4 trilyon kubmetrdir. İran mənbələri bildirir ki, “Çalus” yatağının ehtiyatları o qədər böyükdür ki, Avropanın qaza tələbatının 20 faizini təmin edə bilər.

Maraqlıdır ki, İran yeni yatağın işlənməsi və hasilatında Rusiya və Çinin köməyinə ümid edir. Belə ki,  “Qazprom” şirkəti hələ 2017-ci ildə İranda qaz hasilatına sərmayə qoyulacağına dair planlarını açıqlayıb. Rusiya nəhəngi İranda maye qaz istehsalının qurulmasında maraqlıdır. Lakin İranla Rusiya arasında iqtisadi əməkdaşlığa dair beş ilə yaxındır hazırlandığı açıqlanan strateji müqavilə hələ də imzalanmayıb. Çinlə isə belə müqavilə 2021-ci ilin martında imzalanıb və Pekinə İranın neft-qaz və neft-qaz kimya sənayesində ciddi üstünlüklər təmin edir. Bu müqavilə neçə illərdir dondurulmuş İran-Pakistan-Çin qaz kəməri layihəsi üzrə fəaliyyətlərin aktivləşməsi üçün əlverişli zəmin yaradır. Məlumdur ki, İranın əsas qaz yataqları cənub əyalətlərindədir.

Rusiya və Çinin hərəkətləri açıq savaşa gətirib çıxaracaq - Böyük Britaniya

Onlardan ölkənin şimalına kəmərlə qaz nəqli iqtisadi baxımdan səmərəli olmadığına görə İran Türkmənistandan ildə 8-9 milyard kubmetr qaz alır. Xəzər dənizindəki yataqların işlənməsi ölkənin şimal əyalətlərinin qaz təchizatını tam təmin etməyə imkan verər. Eyni zamanda İran cənub əyalətlərindən Çinə, Pakistana, hətta Hindistana qaz nəqli üçün infrastruktur yaratmaq üçün əlavə maliyyə mənbəyi əldə edə bilər.

Sanksiyalar İranın neft-qaz sektoruna xarici şirkətlərin cəlb etməsinə imkan verməyib. 2016-cı ildə ölkə 45 neft və qaz yatağını xarici şirkətlərə təqdim etməklə bu sahəyə 185 milyard dollar invesitisiya cəlb etməyi hədəfləyirdi. Lakin bu, baş tutmadı. Sanksiyalardan sonra Fransanın “Total” şirkəti “Cənubi Pars” yatağında işləri dayandırıb, layihədən çıxdı. Çinin CNPC şirkəti də 2019-cu ildə eyni addımı atmağa məcbur oldu. Lakin 2020-ci ilin sonunda şirkət yenidən yatağa qayıtdı və hətta “Total”ın 50,1 faizlik payını satın almaqla yataqdakı iştirakını 80,1 faizə çatdırdı. İranın Neft Nazirliyi çinlilərə istehsal olunan bütün qazın dəyərinə 9 il 15 faiz endirim tətbiq edib. Bunun qarşılığında Çin “Çalus” yatağının işlənməsinə, həmçinin Türkmənistan üzərindən Çinə gedən qaz kəmərinin çəkilməsi üçün kredit ayıra bilər.

Bir sözlə, Çinin İranın neft-qaz sənayesində işləmək sahəsində geniş təcrübəsi var. BMT xətti ilə İrana qarşı sanksiyalar tətbiq olunduqdan sonra belə Çin İranın neft-qaz sənayesində iştirakını dayandırmayıb.

Rusiya iyunda qaz hasilatını kəskin artırıb

Rusiyanın isə İranda qaz hasilatını artırmaq planlarında iştirakı gözlənilən hesab olunmur. Çünki hər iki variant – İranın həm Avropa, həm də Asiya qaz bazarında oyunçuya çevrilməsi, şübhəsiz ki, birinci növbədə Rusiyaya sərf etmir. Son 20 ildə hər iki istiqamətə ixrac kəmərləri çəkməyə 10 milyardlarla dollar sərf edən Moskva həm Avropa, həm də Asiya bazarındakı hökmran mövqelərinin zəifləməsini qəbullanmaq niyyətində deyil. Rusiyadan Çinə çəkilən “Sibirin gücü-1″ kəməri fəaliyyətdədir, hazırda ”Sibirin gücü-2″ kəmərinin tikintisi həyata keçirilir.

Onu da qeyd edək ki, İranın sanksiyalardan qurtulub qaz ixracına başlamasında Azərbaycanın ciddi rolu ola bilər. Belə ki, İranın şimalından qazın ilkin mərhələdə Avropa bazarına çıxarılması üçün hazır infrastruktur yaradılıb: Azərbaycan qazını Türkiyə və Avropaya daşıyan TANAP-TAP sistemi ilə illik 15 milyard kubmetr qaz nəqli imkanı var. İran ilkin mərhələdə bu infrastrukturdan bəhrələnməklə əldə edəcəyi gəlirləri artıq mövcud olan marşrutla yeni kəmərin çəkilişinə sərf edə bilər. Digər tərəfdən, Azərbaycan Xəzər dənizində qaz hasilatı sahəsində ən müasir texnologiyalara əsaslanan 27 illik təcrübəyə malikdir. Lazım olduqda bu təcrübəni İranla bölüşmək, öz infrastrukturunu nəql üçün təqdim etmək Azərbaycanın da maraqlarında ola bilər. Bunların reallaşması üçünsəTehran hökumətinin Azərbaycanı dost gözündə görərək, əməkdaşlığı dərinləşdirmək üçün real addımlar atması yetərlidir…

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Azərbaycan neftinin “STAR”da emalı səmərəli olmaz”

“STAR” Zavodu 28 fərqli növ xam neftin testini edib, bu neft məhsullarını emal etmək qabiliyyətinə …