Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İranın nüvə strategiyası ilk qələbəsini çaldı

İranın nüvə strategiyası ilk qələbəsini çaldı

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İranın apardığı gərgin müzakirələr sona çatdı. Aprelin 2-də tərəflər bütün məsələlərdə ümumi razılığa gəldi və çərçivə sazişi bağlandı. Yekun sazişin 30 iyuna qədər hazırlanması gözlənilir. Razılığa əsasən, İran uraniumun zənginləşdirilməsi prosesində nüvə silahı hazırlamağa yetəcək olan 3.67% həddini 10 il müddətində keçə bilməyəcək, bunun müqabilində isə illərlə məruz qaldığı sanksiyalardan azad olacaq.

Müzakirələrdə iştirak edən bütün tərəflər çərçivə sazişini sevinclə qarşılasalar da, İsrail və ərəb ölkələri buna şübhə ilə yanaşırlar. Səudiyyə lideri Salman bin Ədbüləzizin indiyə qədər susqunluğunu qorumasına baxmayaraq Obamanın onu daha təfsilatlı bilgi almaq üçün görüşə dəvət etməsi kralın nigarançılığından xəbər verir. Netanyahu isə narazılığını gizlətmək fikrində belə deyil. Məlumata əsasən, İsrailin baş naziri İranla əldə olunan razılaşmasını sərt şəkildə qınayıb və bunu rəsmi Tehranın nüvə prorqramının rəsmən tanınması, legitimləşdirilməsi kimi qiymətləndirib. İsrail lideri həmçinin daha yaxşı anlaşmaya varıncaya qədər Qərb dövlətlərini İrana təzyiq siyasətindən geri çəkilməməyə çağırıb. İsrailin Təhlükəsizlik naziri Yuval Steinitz də aqressivlikdə öz rəhbərindən geri qalmayıb. O, İran nüvə proqramına qarşı əsgəri müdaxilə daxil, bütün seçənəklərin masa üzərində olduğunu bildirib və 1981-ci ildə ölkəsinin İraqın Osiraq atom staniyasını vurduğunu və bu əməliyyatı ABŞ-dan icazə almadan təkbaşına həyata keçirdiyini xatırladıb.

Obama'dan Netanyahu'ya tebrik ve uyarı

İstər hökumət başçısının, istərsə də Təhlükəsizlik Nazirinin bu sərt açıqlamaları İran məsələsinə münasibətdə İsraillə ABŞ arasında dərin bir uçurum olduğunu göstərir. İsrail rəsmi Tehranın nüvə proqramına özünün həyati məsələsi kimi baxır və onun tamamilə tərki-silah olunmasını arzulayır. Əldə olunan razılığın içəriyinə baxanda isə Tel-əvivin bu müzakirələrdən istədiyini əldə edə bilmədiyi anlaşılır. Ən azı ona görə ki, İran hətta bu razışılaşmanın şərtlərini tam mənasıyla həyata keçirsə belə, 10 ildən sonra nüvə silahı əldə etmək hüququ qazanacaq. Bu da həqiqətən Netanyahunun dediyi kimi, İranın nüvə proqramının legitimləşməsindən başqa bir şey deyil.

ABŞ-ın İranla bağlı siyasəti isə onun tərki-silah olunması deyil, nüvə dövlətinə çevrilməsi gerçəyi ilə razılaşmaq əsasına söykənir. Obamanın razılaşma ilə bağlı verdiyi açıqlama da bunu sübut edir. Həmin açıqlamada Obama hakimiyyətə gəldiyi ilk dövrləri xatırladaraq İranın o zaman nüvə silahı əldə etməyin bir addımlığında olduğunu, sanksiyalarla onu bu işdən xeyli yayındırdıqlarını və masaya oturduqlarını bildirərək deyib: “İran ən azı 10 il uranium zənginləşdirməyəcək” ABŞ liderinin bu sözləri həm də İranın 10 ildən sonra nüvə dövlətinə çevrilməsinin etirafı kimi başa düşülməlidir.

 

İranın nüvə gerçəyi ilə razılaşma xəttinə üstünlük verən ABŞ-ın bundan başqa alternativinin olmadığı anlaşılır. Öz mövqeyində dirənən, ən ağır sanksiyalar qarşısında belə geri addım atmayan, əksinə, kifayət qədər uğurlu Yaxın Şərq siyasəti yürüdən rəsmi Tehranla hərbi dildə danışmaqdan başqa yol qalmamışdı. Əfqanıstan, İraq və Suriyada qarşılaşdığı sürprizlər isə rəsmi Vaşinqtonu bu son addımı atmaqdan yayındırır, problemin daha sivil yolla həllinə yönəldirdi. Daha sivil həll yolu sonu görünməyən embarqolar və iqtisadi sanksiyalardan keçirdi.

Dünyanın getdikcə dəyişən geopolitik durumu, xüsusilə, Çin və Hindistanın iqtisadi güc mərkəzi kimi ortaya çıxması isə həyata keçirilən sanksiyaların da nəticəsini heçə endirirdi. ABŞ-ın İranla bağlı mövqeyiylə açıq şəkildə razılaşmayan Çin və Rusiyanın bu sanksiyalardan yararlanıb daha sərfəli şərtlərlə İranla iqtisadi əməkdaşlıqlarını gücləndirmək potensialı ortaya çıxırdı. Sanksiyaların davam etdirilməsi ABŞ-ın qaş düzəltmək əvəzinə göz çıxarması kimiydi. Bütün bunların hamısı isə sadəcə, onun “ərköyün ovladı” İsrailin işinə yarayırdı. Qısası, ABŞ-ın öz milli maraqlarına zərrə qədər xeyri olmayan bu tədbirlər onun özünə yük olmuşdu. Barak Obamanın müzakirələrin nəticələriylə bağlı verdiyi açıqlamada ABŞ-ın Prezidenti və Baş komandanı olduğunu xatırlatması bu mənada təsadüfi deyildi. Sanki bu sözləriylə o, kiməsə nesaj ötürürdü ki, mən sizin yox, “öz xalqımın təhlükəsizliyinə məsuliyyət daşıyıram” və onun milli maraqlarını qorumağa mükəlləfəm.

İranının nüvə ölkəsinə çevrilməsi perspektivində ABŞ və İsrailin mövqeyinin haçalanmasını İsrail analitiklərinin də gözündən yayınmayıb. İsrailli analitik Lara Abut “Şalom” qəzetində dərc olunan məqaləsində yazır: “İranın nüvə proqramının dayandırılması, İran təhdidinə qarşı tədbirlər məsələsində iki ölkənin fərqli yerdə dayandığı, maraqlarının tam olaraq eyni olmadığı və təhdidin ciddiliyini eyni səviyyədə görmədikləri göz önündədir… Odur ki, İran təhdidinə qarşı siyasət formalaşdırarkən bəzi variantlara diqqət yetirilməlidir. İrana qarşı daha sərt siyasətlər fomalaşdırıb ya döyüş vəziyyətinə belə hazır olmalı və ya İran təhdidi ilə yaşamağa öyrəşməliyik. İsrail ilk variantda israr edərkən, Amerika İran gerçəyi ilə yaşamanın mümkün olduğunu düşünür”.

Analitikin fikrincə, rəsmi Vaşinqton nüvə silahına malik İranın zərərsizləşdirilməsinin regional siyasətdə kardinal dəyişiklikdən keçdiyinə inanır. Kardinal dəyişikliklər isə bunlardan ibarətdir-Yaxın Şərq ölkələrinə hüzur gəlməli, yəhudi-ərəb münaqişəsi sona çatmalı, ixtilaflara səbəb ola biləcək siyasətlərdən qaçınılmalıdır. Bu zaman İranın əldə edə biləcəyi nüvə silahları da qorxusuz hala gələ bilər.

ABŞ-ın bölgədəki siyasətinə nəzər salanda yəhudi analitikin irəli sürdüyü fikirlərdə əsla yanılmadığı görünür. Son zamanlar ABŞ-ın yəhudi “ərköyünlüyünə” səbrsiz yanaşması, son parlament seçkisi dövründə Fələstin əleyhinə ağır ifadələr işlədən Binyamin Netanyahuya Obamanın sərt üz göstərməsi bunun ən bariz örnəkləridir. Görünür, müzakirələrlə İranın nüvə silahına sahib olmasının 10 il gecikdirilməsi də ABŞ-ın Yaxın Şərq siyasətinə  çəki-düzən vermək üçün zaman qazanmaq cəhdindən başqa bir şey deyil. Nüvə silahları potensialı isə İranın bölgədə, o cümlədən Azərbaycanda təsir gücünü artmasına xidmət edəcək.

Azərbaycan yaxın gələcəkdə nüvə gücündən də faydalanıb bölgədə yayılma siyasətini genişləndirəcək rəsmi Tehranın qarşısında yalnız “yumşaq silahı” ilə dayana bilər. Bu “yumşaq güc” isə demokratik ənənələrə sahiblik xüsusiyyətidir. Nə yazıq ki, İranın yaydığı şəriətçiliyə qarşı ən təsirli müdafiə sistemimiz olan demokratik ənənələr strategiyamız hələ də tam mənasıyla oturuşmayıb. Bu da azmış kimi, yalnış neft siyasətinin və monopoliyaların getdikcə zəiflətdiyi ölkə olaraq get-gedə beynəlxalq nüfuzunu artıran İran qarşısında dayanmağa doğru sürüklənirik. Ölkə rəhbərliyi bütün bu məqamları nəzərə alaraq öz ənənəvi siyasətində dəyişikliklər aparmalı, yaxın gələcəkdə gözlənilən imtahana hazır olmalıdır.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın