Ana səhifə / İqtisadiyyat / İran Azərbaycana verdiyi vədi yerinə yetirmir

İran Azərbaycana verdiyi vədi yerinə yetirmir

İran rejimi Güney Azərbaycanda baş verən sel fəlakətindən 2 ay keçməsinə baxmayaraq, hadisənin nəticələrinin aradan qaldırılması üçün heç bir tədbir görməyib.

Teleqraf.com xəbər verir ki, aprel ayında baş verən sel fəlakəti böyük insan itkisinə səbəb olmaqla yanaşı, bölgədə bir çox yaşayış evləri, yol və körpüləri dağıdaraq sıradan çıxarıb.

Son günlərdə təbii fəlakət bölgəsindən xəbər saytlarında yayılan görüntülər sel və daşqınların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində heç bir iş görülmədini, dağılan evlər, yollar və körpülərin bərpa olunmadığını göstərir.

Qərbi Azərbaycan Böhranı İdarəetmə Təşkilatı rəisinin verdiyi məlumata əsasən, Həsən Ruhani hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaiti təmin etməyib, nəticədə bölgədə heç bir bərpa və yenidənqurma işləri görülməyib.

Bildirilib ki, evləri təbii fəlakət zamanı dağılan və ya ziyan görən ailələr hələ də qohumlarının evində yaşamaqdadır. Onlara evlərini bərpa etmək və ya yenidən tikmək üçün dövlət tərəfindən hər hansı yardım ödənilməyib.

Daşqın suları nəticəsində dağılan körpülərdən biri də Urmiyada Gülüstanə körpüsü olub. Zirvə şəhərciyini Silvanaya bağlayan körpü bölgə əhalisinin avtomobillə hərəkəti üçün olduqca mühümdür və əhalinin yarısı bu körpüdən istifadə etməyə məcburdur. Hadisədən 2 ay keçməsinə rəğmən hələ də Gülüstanə körpüsü bərpa olunmayıb, bu məsələ bölgə əhalisinin böyük narahatlığına səbəb olub.

Hazırda çox sayda ağır və yüngül maşınlar dağılmış körpünün üzərindən keçir və hər an bədbəxt hadisə baş verə bilər.

Bu barədə Urmiya Şəhərlərarası Yol İdarəsinin rəisi Sadiq Həbib bildirib ki, Gülüstanə körpüsü artıq bərpa oluna bilməz, o yenidən tikilməlidir.

Bölgəyə gələn hökumət rəsmiləri, xüsusi ilə də seçkilər dönəmində prezidentliyə namizədlər, o cümlədən Həsən Ruhani sel fəlakətinin nəticələrinin qısa müddətdə aradan qaldırılmasına söz vermişdilər. Lakin növbəti dəfə İran rəhbərliyinin Azərbaycana verdiyi vədlərin yerinə yetirilmədinə şahid olduq.

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Mayın 23-də İran Parlamenti Abadlaşdırma Komissiyasının açıqladığı raportda sel fəlakətinin ümumilikdə 8500 milyard rial (450 milyon AZN) ziyan vurduğu bildirilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın