Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / İqtisadiyyatı “kölgə”dən çıxaracaq SİSTEM

İqtisadiyyatı “kölgə”dən çıxaracaq SİSTEM

Müasir dövrdə iqtisadiyyatının inkişafına təkan verən amillərdən biri də ödənişlərin nağdsız formada həyata keçirilməsidir. 

Amma Azərbaycanda bunun inkişafından hələ ki, danışmaq mümkün deyil. Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu 2017-ci il yanvarın 1-dən qüvvəyə minib, bununla əlaqədar Vergi Məcəlləsində əlavə və dəyişikliklər edilib. Ötən ilin sentyabrında isə Prezident İlham Əliyev “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edən sərəncam imzalayıb. 

Qeyd edək ki, nağdsız ödənişlərin inkişaf etdirilməsi iqtisadiyyatda olan bəzi neqativ halların qarşısını ala bilər, kölgə iqtisadiyyatının həcminin azalmasına şərait yaradar. Çünki məhz bir sıra qanun pozuntularının baş verməsinə ödənişlərin nağd formada aparılması yol açır. Bu zaman, iqtisadi dövriyyənin bir hissəsi rəsmi qeydiyyatdan kənar qalır. Pul banklar vasitəsi ilə deyil, birbaşa ödənildiyinə görə, bu həm də bank sektoruna ziyan vurur. Bunun da nəticəsində ölkənin investisiya imkanları zəifləyir. Ödənişlərin nağd formada aparılması ticarət və xidmət obyektlərinin gəlirlərini gizlətməsinə şərait yaradır ki, bunun nəticəsində də dövlət büdcəsinin vəsaitləri azalmış olur. Bu isə öz-özlüyündə ölkənin sosial müdafiəsi istiqamətində nəzərdə tutulan layihələrin gecikməsinə şərait yaratmış olur. 

Xatırladaq ki, Prezident İlham Əliyevin yanında keçirilən son sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bu məsələyə də toxunulub, bu sahədə ciddi addımların atılması ilə bağlı tapşırıqlar verilib. Prezident İlham Əliyev qeyd edib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması, kölgə iqtisadiyyatını qidalandırır.

Bəs, ölkəmizdə nağdsız ödənişlərin inkişaf etməsinin qarşısını alan səbəblər hansılardır?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nağdsız ödənişlərin inkişafının qarşısını alan ən vacib məqam odur ki, bu məsələdə maraqlı tərəflərin sayı azdır:

“Bu məsələdə yalnız dövlət maraqlıdır. Digər qüvvələrinin maraqlı olmamasının əsasında kölgə iqtisadiyyatının mövcudluğu dayanır. Nağdsiz ödənişlərin genişlənməsi kölgə iqtisadiyyatının, korrupsiyanın qarşısını alır, şəffaflığı stimullaşdırır. Azərbaycan iqtisadiyyatında “bulanıq suda balıq tutan”ların sayı kifayət qədər çoxdur. Ona görə də nağdsız ödənişlərin genişlənməsi mümkün olmur. O artıq sonrakı məsələdir ki, ölkədə maarifləndirmə aşağı səviyyədədir, əhalinin böyük əksəriyyəti nağdsız ödənişləri necə etməli olmaları, bundan hansı dividentləri əldə edəcəklərindən xəbərsizdilər. Bundan başqa ölkədə əhalinin banklara etibarı aşağı səviyyədədir. Psixoloji olaraq əhali kartındakı 10 min manatı daha etibarsız sayır, nəinki cibindəki 200 manatı. Vətəndaşlar kartına yüklənən məbləği dərhal nağdlaşdırmağa çalışır. Çünki kartdakı pula etibar etmirlər. Qeyd edim ki, kartdakı pulların itməsi kimi hadisələr demək olar ki, hər gün baş verir. Təqaüd, əmək haqqı, gediş haqqı kartları ilə bağlı kifayət qədər dolaşıqlıq yaranır. Bu da əhalinin onsuz da banklara az olan etimadını bir qədər də azaldır”.

Akif Nəsirli deyir ki, ölkədə post-terminalların az olması, bütün satış mərkəzlərində kartla ödəniş imkanlarının olmaması ölkədə nağdsız ödənişlərin genişlənməsini əngəlləyir: 

“Əslində, nağdsız ödənişlərin genişlənməsi daha çox əhaliyə, cəmiyyətə xeyirdir. Çünki nağdsız ödənişlər nə qədər artacaqsa, şəffaflıq bir o qədər artacaq, kölgə iqtisadiyyatı bir o qədər azalacaq. Bu istiqamətdə mən ölkə Prezidentinin çağırışlarını alqışlayıram və arzu edirəm ki, bu çağırışlar bütün qurumları hərəkətə gətirsin”.

İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin inkişafı istiqamətində bir sıra stimullaşdırıcı tədbirlərin görülməsi mümkündür: 

“Ötən il nağdsız ödənişlərdə ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı məsələ gündəmə gəldi, amma həyata keçirilmədi. Nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı kompleks tədbirlər görülməlidir. Əgər nağdsız ödənişlərlə bağlı güzəştlər var, amma əhalinin bundan xəbəri yoxdursa, bu güzəştlərin əhəmiyyəti olmur. Və ya post-terminalları olan mağazaların sayı məhduddursa, bundan azsayda adam istifadə edəcək. Digər tərəfdən isə, əsasən, ölkədə şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azaldılması istiqamətində işlər aparılmalıdır. Çünki əsas maneə bunlardır. Büdcə vəsaitlərinin korrupsiyaya uğrayan hissəsinin hamısı nağdlaşdırılaraq korrupsiya yeminə çevrilir”.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …