Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İqtisadiyyat / İqtisadiyyatı içəridən yeyən “qurdlar” – Prezidentin son xəbərdarlığı kimlərədir?

İqtisadiyyatı içəridən yeyən “qurdlar” – Prezidentin son xəbərdarlığı kimlərədir?

Azərbaycanda iqtisadi-sosial inkişafın qarşısında duran əsas problemlər sırasında inhisarçılıq, məmurların biznes maraqları, bir də onların doğurduğu korrupsiya, kölgə iqtisadiyyatıdır. Bu problemlər ölkənin uzun illər boyu əldə etdiyi külli miqdarda neft gəlirlərinin iqtisadiyyatın real inkişafına deyil, korrupsiyanın çiçəklənməsinə gətirib çıxarıb. Dünyada gedən proseslər göstərir ki, yaxın onillikdə neft əsas yanacaq növü statusundan məhrum olacaq. Ekoloji təmiz yanacaq növlərinə keçidin dəfələrlə sürətlənməsi neft hasil edən ölkələr üçün ən ciddi siqnaldır: iqtisadiyyatlarını neftdənkənar relslər üzərinə çıxarıb, gəlirlərini diversifikasiya etmələri üçün.

Son 2 onillikdə daim gündəmdə olsa da, hələlik Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrində ölkənin makroiqtisadi dayanıqlığını təmin edəcək inkişafa nail olunmayıb. Bu istiqamətdə atılan addımların gözlənilən effekti verdiyini təəssüf ki, söyləmək mümkün deyil. Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdəki  çıxışında Prezident İlham Əliyev  artan iqtisadi göstəriciləri qeyd etməklə yanaşı, bu sahədə bir sıra neqativ halların hələ də mövcud olduğuna deyib: “Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar – strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu əsasdır”.

Yada salaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki nitqində də bu barədə danışıb: “Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”.

İqtisadçıların fikrincə, həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kölgə iqtisadiyyatının həcmi xeyli azalıb. Xüsusilə son dövrlərdə 200 mindən çox yeni əmək müqaviləsinin bağlanması kölgə iqtisadiyyatının ümumdaxili məhsuldakı payının azalmasına imkan verib. Kölgə iqtisadiyyatının miqyasının azaldılması büdcə gəlirlərinin əsas artım mənbəyi hesab edilir. Ona görə də dayanıqlı inkişafın təminatı üçün real iqtisadiyyata maksimum yaxınlaşmaq lazımdır.  Amma Prezidentin son çıxışı da təsdiq edir ki, kölgə iqtisadiyyatı hələ də var və bu, həm cəmiyyəti, həm də hökuməti narahat edəcək səviyyədədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, şəffaf iqtisadi münasibətlərin qurulması, kölgə iqtisadiyyatının miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar büdcə gəlirlərinin artımına səbəb olub: “Belə ki, rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir, leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə çalışır. Təhlillər göstərir ki, kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin “ağarması” prosesi sürətlənib. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsal və ticarət göstəricilərində, ticarət əməliyyatlarındakı sənədləşmə səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verir. 2021-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyənin 27,4 faiz, ƏDV üzrə dövriyyənin 27,8 faiz, elektron qaimə faktura üzrə dövriyyənin həcminin isə 24 faiz artması həmin sektordakı şəffaflaşmadan xəbər verir”.

Vergi xidmətinin məlumatına əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 283 minə yaxın artıb: “İslahatların aparıldığı qeyri-neft özəl sektorda bu göstərici 233 mindən çoxdur ki, bu, ötən müddət ərzində 43,2 faiz artım deməkdir. 2021-ci ildə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı cəmi əmək müqavilələrinin 45,9 faizini təşkil edib. Bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 7,4 faiz çoxdur. Qeyri-neft özəl sektorda əmək haqqı fondu əvvəlki ilə nisbətən 11,5 faizdən çox artıb. Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi qeyri-büdcə təşkilatlarında məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların hər il davamlı şəkildə artmasında özünü göstərir. Məsələn, 2021-ci ildə bu göstəricilər üzrə artım 15,3 və 17,7 faiz təşkil edib”.

Rövşən Ağayev: “Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub”  » Reyting.az

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, hökumət kölgə iqtisadiyyatına qarşı mübarizənin effektivliyini göstərmək üçün əmək müqavilələrinin sayındakı artımı misal gətirirsə, o zaman qeyri-rəsmi məşğulluğun səviyyəsini də açıqlamalıdır: “Heç bir rəsmi sənəddə Azərbaycanda qeyri-formal məşğulluğun payı və mütləq ifadədə sayı ilə bağlı heç bir rəqəm səsləndirilmir. Halbuki mübarizə proqramı elan edilirsə, onun effektivliyini göstərmək üçün bir baza və hədəf göstəricisi mütləq olmalıdır. Bugünlərdə yüksək vəzifəli məmurlardan biri bildirib ki, qeyri-formal məşğulluqla mübarizə tədbirləri çərçivəsində əmək müqavilələrinin sayı 400 min artıb. Qeyd edim ki, bu statistika uzun müddətdir səsləndirilir və xüsusən də 2017-ci ildə təsdiqlənən qeyri-formal məşğulluqla mübarizə üzrə Tədbirlər Planının icrasının, özəl sektorun (iqtisadiyyatın qeyri-neft seqmenti üzrə) 2019-cu ildən əmək haqqına görə gəlir vergisindən azad edilməsinin nəticə verdiyini nümayiş etdirmək üçün istifadə edilir. O zaman belə bir suala da aydınlıq gətirmək lazımdır: əmək müqavilələrinin sayı 400 min artıbsa, son 4 ildə muzdla işləyənlərin sayı niyə cəmi 150 min nəfər artıb? Hələ o başqa məsələ ki, bu 150 min nəfərlik artımın da hamısını mübarizə və güzəşt tədbirlərinin nəticəsi kimi təqdim etmək məntiqli görünməz. Çünki ondan əvvəlki 5 ildə də elə muzdlu işçilərin sayı plansız və güzəştsiz 150 min nəfər artmışdı.

O məmurun başqa bir məlumatı da bu olub ki, həmin dövrdə əmək haqqı fondu da 2.2 dəfə artıb. Amma nə məsələdirsə, dəfələrlə bu rəqəmi səsləndirsələr də, istinad dövrünün başlanğıcında və hazırda əmək haqqı fondunun mütləq ifadədə nə qədər olduğunu demirlər. Halbuki milli hesablar statistikası 2018-2021-ci illər üzrə iqtisadiyyatda formalaşan əmək haqqı fondunun təxminən 50 faiz və ya 7 milyard manat artaraq 15 milyard manatdan 22 milyard manata çatdığını göstərir”.

Ekspertin sözlərinə görə, kölgə iqtisadiyyatının əsas fəsadı olan qeyri-rəsmi məşğulluğa qarşı mübarizə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ciddi müsbət təsir göstərməlidir: “Dövlət Sosial Müdafiə Fondu öz gəlirlərinin mülkiyyət strukturunu, yəni dövlət və özəl sektor üzrə bölgüsünü açıqlamır. Amma dolayı göstəricilər əsasında hesablama göstərir ki, 2023-cü ildə fondun gəlirlərinin təxminən 70 faizi məhz dövlət sektorundan formalaşacaq. Daha dəqiqi, proqnozlaşdırılan ümumi 6.26 mlrd. manat mədaxilin 1,783 milyard manatı büdcə təşkilatlarının, 1,467 milyard manatı büdcə transfertinin, 1.2 milyard manata yaxını isə publik hüquqi şəxslər də daxil olmaqla, dövlət sektoruna aid müəssisələrin hesabına formalaşacaq. Nəzərə alsaq ki, Azərbaycanda özəl sektorun ÜDM-də payı 80 faiz göstərilir, onda Pensiya Fondunun gəlirlərində özəl sektorun payı dövlət sektorundan xeyli çox olmalı idi”.

R.Ağayev bildirir ki, məmurların gəlir bəyannaməsi təqdim etmələrinin təmin olunması korrupsiyaya qarşı mübarizənin ən effektiv alətlərindən biri hesab olunur. Uzun illərdir ki,  Azərbaycanda bu məsələ həllini tapmır, üstəlik, məmurlarla bağlı əvvəl açıq olan bir çox məlumatlar qapadılır: “İndi xəbər tutmuşam ki, normativ hüquqi aktların internet resurslarındakı ictimaiyyətə açıq rəsmi bazasında dövlət qulluqçularına təyin olunan əmək haqqı məbləğlərinin açıq informasiya kimi yayılmasına son verilib: Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında Prezidentin 13 mart 2018-ci il tarixli 3787 saylı Sərəncamının sonunda qeyd edilib ki, sənədə əlavələr dərc edilmir. Halbuki ondan əvvəl 2008-ci ildə təsdiqlənən və 2018-ci ilə qədər qüvvədə olan bütün vəzifələr üzrə maaşların məbləği ictimaiyyət üçün açıq idi. Polisin, hərbçilərin maaşları dövlət və hərbi sirrdir deyə açıqlanmır. Bəs mülki dövlət qulluqçularının maaşları niyə? Biz də uzun illərdir özümüzü yoruruq ki, məmurların gəlir-əmlak bəyannaməsi olsun”. Musavat.com

Həmçinin oxuyun

Dollar bahalaşır: Manat ucuzlaşacaq? – Ekspert danışır

Bu il ABŞ Mərkəzi Bankının (FED) faizlərini son 40 ildə ən sürətli şəkildə artırması, eləcə …