Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / İqtisadiyyat / İqtisadiyyat tam sabitləşib, amma rahatlanmaq olmaz – TƏHLİL

İqtisadiyyat tam sabitləşib, amma rahatlanmaq olmaz – TƏHLİL

Bu ilin birinci yarısı arxada qalıb: ölkənin sosial-iqtisadi inkişafının ilk 6 ayına dair yekunlar ortada, qarşıda duran vəzifələr bəlli. Gözlənildiyi kimi, bir sıra mühüm göstəricilərdə irəliləyiş var və iqtisadiyyatımız bütövlükdə 2-3 il öncəki böhranlı vəziyyətdən əvvəlki dövrə qayıtmaq üzrədir. Bu da həm xarici mənfi təsirlərin dayanması, həm də hökumətin həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Ümumiyyətlə, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında dövlət başçısı qeyd etdi ki, göstəricilər əvvəlki illərdə və bu il aparılan islahatların gözəl nəticələr verdiyini sübut edir: “Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülüb. Artıq gözəl nəticələr var”.

Yeri gəlmişkən, keçən il ərzində sosial-iqtisadi inkişafın yekunlarına dair yazımda qeyd etmişdim ki, 2017-ci ildə iqtisadiyyatda bərpa meyilləri başlandığından, 2018-ci il ərzində artımın da bərpası üçün şərait yaranacaq. İlin ilk yarısında ümumi daxili məhsul istehsalının (ÜDM) 1,3%, qeyri-neft sektorunun 2%, sənaye istehsalının 1%, qeyri–neft sənayesinin isə 8,8%, kənd təsərrüfatının 7,6% artması bu fikrimin doğru olduğunu göstərdi. Sözün qısası, ÜDM-in 2016-cı ildə 3,1% azalmasından sonra 2017-ci ildə 0,1% artması və bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağı ilə əlaqədar, daha yüksək nəticə əldə olunacağını vəd edir.

Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişaf davam edir. Və hökumətin qeyri-neft məhsulları ixracını getdikcə genişləndirmək istiqamətindəki tədbirləri dayandırılmayıb. 2018-ci ildə qeyri-neft sektorunda 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı artım proqnozlaşdırılır. Düzdür, neft sektorunda azalma bunun müsbət təsir imkanlarını məhdudlaşdıracaq. Söhbət, ÜDM istehsalının yüksəlməsi tempindən gedir. Ancaq, qeyri-neft sektorunda artım bunun əks-təsirini aradan qaldıracaq.

Bəli, ölkə iqtisadiyyatı sabitlik relsindədir. Qalır, sürətli inkişaf relsinə qədəm qoymaq. Bunun üçün isə təkrar edirəm, hər cür əsas var.

Lakin, sabitlik hələ dayanıqlıq demək deyil. 2014-cü ilin yayına qədər – neftin dünya bazarında qiyməti düşənədək makroiqtisadi göstəricilərimizdə böyük sabitlik müşahidə edirdik. Ümumiyyətlə, 2014-cü ilin ikinci yarısına kimi Azərbaycan iqtisadiyyatında heç bir problem görünmürdü. Həm makroiqtisadi göstəricilər, həm də ölkədə iqtisadi artım səviyyəsi elə vəziyyətdə idi ki, sanki möhkəm dayanıqlılıq mövcud idi. Neftin dünya bazar qiymətlərinin düşməyə başlaması ilə çox qısa müddət ərzində həmin sabitlik laxladı. Başqa sözlə desəm, 2014-cü ilin yayından neftin qiymətinin dünya bazarlarında ucuzlaşmasından dolayı yaranan probləmlər ölkə iqtisadiyyatının tam möhkəm və dayanıqlı şəkildə olmadığını göstərdi.

2015-2016-cı illər ərzində devalvasiyaların yaşanması, ölkənin valyuta ehtiyatlarının bir qisiminin valyuta bazarının tənzimlənməsi məqsədilə istifadəsi nəticəsində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının 11 milyard dollardan çox vəsait xərcləndi. ÜDM-də azalma qeydə alındı. Hələ yaxşı ki, valyuta ehtiyatlarımız və hökumətin atdığı bir sıra addımlar sayəsində makroiqtisadi sabitlik tam əldən getmədi. Belə ki, makroiqtisadi sabitliyi tam itirmədən vəziyyətdən çıxa bildik. Ona görə ki, əvvəla, 2016-cı ilin ikinci yarısından etibarən neftin dünya bazar qiymətləri sabitləşdi. İkincisi, hökümət qeyri-neft sektoruna dair atılan addımları sürətləndirdi.

Qeyri-neft sektorunun məhsullarının istehsalını genişləndirmək məqsədilə dəstək xarakterli müəyyən tədbirlər və işlər görülməyə başlandı. Ölkə iqtisadiyatının gələcək inkişafı ilə bağlı ayrı-ayrı istiqamətlər üzrə Strareji Yol Xəritələri hazırlandı. Dövlət başçısının qeyri-neft sektoru ilə bağlı həyata keçirdiyi tədbirlər daha da genişləndi.

Ümumiyyətlə, açıqlamalarımda dəfələrlə bildirmişəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər qısa müddət ərzində nəticə verə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır. Həmin vaxtı qısaltmaq üçün isə görülməli ilk iş maliyyə şəfaflığını yaradılması və sahibkarlığın inkişafının təmin olunmasıdır. Bu işlər 2016-cı ildən sonra cənab Prezidentin biləvasitə şəxsi təşəbbüsü ilə daha da sürətləndi.

Odur ki, 2017-ci ildən artıq, ölkəmizin iqtisadiyyatında stabillik müşahidə edilir. Və bu stabillik davam etdiyi üçün artıq, müəyyən artımların qeydə alınması labüd xarakter daşıyır. Bu səbəbdən də ilk 6 ay ərzində həm ÜDM istehsalında, həm qeyri-neft sektorundakı istehsalın artım tempində, həm manatın məzənnəsində keçən ildən başlanan sabitlik daha da möhkəmlənib və bayaq da qeyd etdiyim kimi, irəliləyişlər var.

Dünya neft bazarında qiymətlərin hələ bir müddət yüksək olacağı gözlənilir. Ötən ay buna əsaslanaraq dövlət büdcəsinin gəlir və xərcləri artırıldı. İlin sonunadək valyuta bazarında sabitliyin qorunub saxlanacağı gözlənilir. Bununla əlaqədar olaraq inflyasiyanın da birrəqəmli səviyyədə təşkil edəcəyi ehtimalı var.

Lakin yenə də qeyd edirəm: qeyri-neft sektorunun hazırkı inkişaf səviyyəsi mövcud sabitliyin dayanıqlıqla əvəzlənməsi üçün yetərli deyil. Hələ çox işlər görülməlidir. Yaxşı olardı, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı istiqamətində hökumətin başlatdığı səylər davam etdirilsin. Əks halda, mövcud sabitlik çox nisbi olaraq qalmağa davam edəcək və iqtisadiyyatımız xarici şokları təhlükəsindən qurtulmayacaq. Çünki hökumət özü də gördü ki, nə qədər möhkəm makroiqtisadi dayanıqlıq mövcud olsa da bu, bilavasitə konkret xammal ixracı üzərində köklənibsə, qısa zaman ərzində əldən gedə bilər.

Pərviz Heydərov

Həmçinin oxuyun

Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir

Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir. APA-nın məlumatına görə, Vergilər Məcəlləsinə …