Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / İqtisadi Şura nə etməlidir, necə edəcək – TƏHLİL
Financial accounting stock market graphs analysis

İqtisadi Şura nə etməlidir, necə edəcək – TƏHLİL

Dövlət başçımız İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə imzaladığı məlum sənədin əsas qayəsi odur ki, iqtisadi inkişafa, artıma bundan sonra kompleks, strateji yanaşmaq lazımdır. Ona görə də, ölkədə indiyədək həyata keçirilən struktur islahatları, idarəetmədə yeniliklər sırasında İqtisadi Şuranın yaradılmasını ən mühüm hesab edə bilərik.

Ümumiyyətlə, yeni çağırışlara əsasən sırf bu və ya digər istiqamət və yaxud da makroiqtisadi vəziyyət üzrə balansı qorumaq, ölkə iqtisadiyyatının inkişafına dair daxili valyuta bazarında sabitliyi təmin etmək artıq əsas məqsəd və hədəf sayıla bilməz. Əvvəla, bu sahədə gec-tez ümumi siyasət və kurs formalaşmalıdır, ikincisi də qlobal iqtisadiyyatla və bazarlarla əlaqədar getdikcə, heç nəyi proqnozlaşdırmaq mümkün deyil.

İqtisadi Şuranın yaradılması haqda Fərmanda da qeyd edilib ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin yüksəkliyi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusən bu ilin əvvəlindən başlanan koronavirus pandemiyası və bununla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşdırılması ölkəmizin iqtisadiyyatı qarşısında da yeni strategiya çağırışı qoyub. Bu çağırışlardan biri də məhz qarşıdakı onillik ərzində sosial-iqtisadi rifahı yüksəlmək naminə iqtisadiyyatda azı 2 dəfə artıma nail olmaqdan ibarətdir.

Ancaq bundan ötrü yeni mexanizm, yanaşma tərzi və kurs həyata keçirtmək tələb olunur. Azərbaycanə iqtisadiyyatının inkişafı bundan sonra manat-dollar münasibətinin necəliyindən asılı ola bilməz. 1 ABŞ dolları 2 manat da ola bilər, 5 manat da ola bilər, əsas odur, ölkə iqtisadiyyatı özü-özünü tənzimləyə bilsin. Əhalinin gəlirləri artsın, iş yerlərinin sayının çoxalması fasiləsiz xarakter daşısın, əsas diqqət il ərzində nə qədər yeni daimi iş yerlərinin açıldığı və yaxud da açmaq mümkün olduğu, bundan necə istifadə etmək imkanları və şansları üzərində cəmləşsin. Ölkənin bundan sonrakı inkişaf konsepsiyası və məğzi bundan ibarət olmalıdır.

2014-16-cı illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində Azərbaycan böyük iqtisadi şok yaşadı. İki dəfə devalvasiya baş verdi, ÜDM istehsalı həcmi endi və sair… Xatırladım ki, həmin böhrandan çıxmaq məqsədilə bir sıra qurumlar yaradıldı: Maliyyə Şurası və Maliyyə Bazarlarına Nəzarət Palatası və sair… Bütün bunlar, makro-iqtisadi vəziyyətə nəzarət etmək, prosesləri çərçivədə saxlamaq məqsədi daşısa da, aydın deyildi ki, məsələn, ayrıca olaraq həm Maliyyə Şurası və həm də Maliyyə Bazarlarına Nəzarət Palatası yaratmaq nəyə lazım idi? Bu, paralelçilik idi!

2017-ci ildən vəziyyət düzəlməyə başladıqdan və tənəzzül səngidikdən sonra da bu cür qurumların yaradılmasının nəticə vermədiyi bəlli oldu. Odur ki, Palata ləğv edilərək, səlahiyyətlər Mərkəzi Banka qaytarıldı, indi də Maliyyə Şurası ləğv olunaraq, İqtisadi Şura yaradıldı.

Sözün qısası, hazırda söhbət ümumən ölkə iqtisadiyyatına və burada baş verən proseslərə nəzarət edən vahid qurumdan gedir. Yəni İqtisadi Şura konkret hansısa sahəyə görə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq. Şura qlobal iqtisadi böhranların mənfi təsirlərindən qorunmağın, qarşıdakı 10 ildə ÜDM istehsalını necə artırmağın üzərində işləyəcək.

Xüsusən də quruma rəhbərliyin baş nazirə həvalə olunması, ildə iki dəfə görülən işlərlə bağlı hesabat veriləcəyi ölkə iqtisadiyyatının keyfiyyətli inkişafına zəmanət yaradır. Şuranın həm də məhz indiki şəraitdə yaradılması da müsbət əhəmiyyət kəsb edir, 2020-ci il dünya iqtisadiyyatı, o cümlədən, bizim üçün gərgin il oldu. Gələcəkdə bu cür halların yaşanmayacağına isə zəmin yoxdur.

Sonda bir məqama toxunum. İqtisadi Şuranın diqqət yetirməli olduğu əsas məsələlərdən biri özəlləşdirmə olmalıdır. Bir az əvvəl İnvestisiya Holdinqi yaradılıb. Lakin bu, ilkin işdir. Holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyəti üzrə səmərəliliyin təmini dəqiq və konkret mexanizm tələb edir. Yəni faktiki olaraq, hər şey bundan asılıdır.

Dövlət şirkətlərinin idarəetməsində böyük problemlər var. Faktiki olaraq ən gəlirli sahələr üzrə inhisarçı kimi fəaliyyət göstərən şirkətlərin demək olar, hamısı zərərlə işləyir. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə pul alırlar, bütün işlərini dövlətin hesabına görürlər.

İnvestisiya Holdinqi də bu vəziyyətə son qoymaq üçün yaradılıb. Əsas çıxış yollarından biri özəlləşdirmədir. Yəni, dövlətin payı yüksək olan qurumların çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlbi, eyni zamanda onların idarəçiliyində səmərəsizliyi aradan qaldıracaq.
İqtisadi Şuranın ümumi iqtisadi siyasətin çərçivələrinə dair hazırlayacağı Proqramda bu kimi məsələlər birinci olaraq əksini tapmalıdır.

Pərviz Heydərov

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …