Iqtisadiyyat Naziri Cənab Mikayıl Cabbarov belə məsələlərin həllində həmişə obyektivlik nümayiş etdirib. Mikro sahibkarlıq subyektlərinə tətbiq olunan vergi güzəştləri cənab Nazirin yürütdüyü iqtisadi siyasətin tərkib hissələrindən biridir. Antik siyasi elimlərin atası sayılan böyük İskəndərin müəllimi və tərbiyəçisi Aristotel deyirdi ki, ədalət anlayışı dövlətlə bağlı təsəvvürlərlə əlaqəlidir . Onun meyarı olan hüquq ,ictimai və siyasi həyatın nizamlayıcı normasıdır. Dövlət fəlsəfəsinin əsas mahiyyəti onun yaxşı idarə olunmasıdır. Öz məntiqinə və mahiyyətinə görə dövlət xalqın razılşadırılmış və müəyyənləşdirilmiş hüququdur.
Funksional baxımdan isə dövlət ümumi işin hüquqi təşkilidir. Bu isə yalnız hüququn üstünlüyü və qanunun aliliyi prinsipləri əsasında təmin olunur. Cənab Nazir Mikayıl Cabbarov bildiyimə görə peşəkar hüquqşünasdır. Onun beynəlxalq məhkəmələrdəki uğurları ilə qiyabi tanışam. Ona görə də hüquqa ehtiram və sayqınının nə olduğunu digər nazirlərdən və komitə sədrlərindən daha yaxşı bilir. Mən çox vacib və öz həllini xeyli vaxtdır ki, gözləyən kiçik , lakin çox zəruri məsələlərin həllini ölkənin iqtisadi inkişafına bilavasitə məsul olan şəxsin diqqətinə çatdırmağı özümə borc bildim.
Məlum olduğu kimi sahibkarlıq subyektlərinin ( xüsusilə mikro və kiçik) fəaliyyətinə şərait yaratmaq , onlara hər tərəfli dəstək vermək iqtisadi inkişafa və dövlətin məşğulluq siyasətinə bilavasitə müsbət təsir göstərməkdir. Bu həm də dövlət üçün sosial yükün azalmasına şərait yaradır. Onlar üçün hər-hansı maneyə və yüksək risklər dövlət siyasətinə ziddir. Bildiyimiz kimi əmək sosial rifahın əsasıdır. Sahibkarlıq subyekti fəaliyyətini davam etdirə bilmədikdə iş yerləri bağlanır, sosial yük isə artır. Odur ki, bizim əsas hədəflərimizdən biri də belə sahibklarların fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaqdır. Bəs hazırda öz həllini gözləyən hansı problemlər vardır ki, onlara diqqət ayırmaq və müvafiq tədbirlər görmək olduqca zəruri əhəmiyyət daşıyır ? Bunun üçün bir neçə məsələni xüsusi olaraq diqqətə ərz etmək istəyirəm.
Məlum olduğu kimi obyektiv və subyektiv səbəblərdən vergi ödəyicisinin veri borcu yarana bilər . Belə borc yarandıqda beş gün müddətində ödənişin şəxsi vərəqədə görünmədiyi halda sahibkarın bank hesabına sərəncam göndərilir. Bəzi hallarda hesablarda pul vəsaitinin olmaması və ya borcun ödənilməsi üçün hesaba pul vəsaitinin mədaxili , əməliyyat sistemində yaranan yüklənmə, köçürülən pul vəsaitinin gec görünməsi nəticəsində adətən daha uzun vaxta ehtiyac yaranır . Bir sıra hallarda sahibkar borcunu ödəsə də sərəncam əsasında bank hesabından da pul vəsaiti silinir. Beləliklə borc məbləği təkrar ödənildiyi üçün sahibkar borclanır , əsassız maliyyə itkilərinə məruz qalır. Belə sərəncamın göndərilməsi üçün müəyyən edilmiş vaxtın 10 günə qədər uzadılması daha məqsədəuyğun hesab oluna bilər. Ona görə ki, vergi orqanı tərəfindən göndərilən sərəncam sahibkarın hesabının dondurulmasına, əməliyyatlarının isə iflic vəziyyətə düşməsinə səbəb olur. İqtisadiyyatda isə zaman amilinin olduqca böyük əhəmiyyət daşıdığını yaxşı bilirik.Problem heç də bununla bitmir.
Veri qanunvericiliyində sərəncamda göstərilən borc məbləğinin 105 faizi miqdarında dondurulması nəzərdə tutulsada hesabda qalan pul vəsaitindən istifadə etmək mümkün olmur. Bu da sahibkarın fəaliyyətini iflic vəziyyətə salır. Sahibkarların hesabın açılması ilə bağlı banklara müraciətlərinə isə banklar tərəfindən sorğu göndərərək cavab aldıqdan sonra baxılacağı bildirilir. Hesab edirəm ki, belə hallar ədalətli və məqsədəuyğun sayıla bilməz.
Kameral vergi yoxlamaları əsasında hesalanmış vergi məbləği barədə sahibkarların müraciəti (şikayəti) araşdırılmamış hesablanan borc məbləğinin alınması üçün bank hesablarına sərəncam göndərilir. Yəni subut olunmamış vergi borcu barədə belə tələb anoloji qaydada sahibkarlıq subyektinin fəaliyyətini iflic vəziyyətə salır.
Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması üçün sahibkarın bütün bank hesablarına eyni vaxta sərəncam göndərilir. Bəzən çox kiçik borca görə bir neçə banka daxil olan sərəncamlar sahibkarın bütün hesablarını dondurur. Bu isə bank təşkilatlarının inteqrasiyasız fəaliyyət gsötərdiyindən , habelə vergi və DSMF –nun bu kimi məsələlər nəzərə alınmadan fəaliyyət göstərməsindən xəbər verir. Deməli borc tələbinin icrası üçün pul vəsaiti olan bank hesablarından birini seçib göndərmək əvəzinə bütün hesablara eyni vaxtda sərəncam göndərməklə sahibkarın vəziyyəti ağırlaşır. Eyni vergi borcu məbləği ayrı-ayrı bank hesablarından tutula bilir. Zərər qaçılmaz olur. Artıq tutulmuş pul vəsaitinin hesaba qaytarılması isə mümkün olmur. Hesabların dondurulması nəticəsində hesablaşmalarda yaranan gecikmələr səbəbindən digər öhdəliklərin icra edilməməsi iqtisadi aktivliyin səviyyəsini aşağı salır və problemlər başlayır.
2023-cü ildən etibarən qüvvədə olan vergi məcəlləsində vergi borcunun olub-olmamasından aslı olmayaraq banklarda müvafiq hesabların açılmasının mümkünlüyü məqsədilə şəhadətnamə dublikatın alınması məsələsi nəzərdə tutulmur. Amma sahibkarlar hələ də şəhadətnamə dublikat almağa məcbur edilir. Belə hallar da əhəmiyyətsiz maneyə kimi qiymətləndirilməlidir. Ona görə ki, bankda hesab açıldığı təqdirdə borcun alınması daha da asanlaşır.
Bütün bunlar öz növbəsində orqanların perspektivlik üzərindən deyil, operativlik üzərindən fəaliyyət göstərdiyi faktını ortaya qoyur. Əlbətdə ki, əl-əlxüsus da mikro və kiçik sahibkarlarla münasibətdə vergi orqanları istənilən halda daha çox perspektivlik siyasəti üzərindən fəaliyət göstərsələr daha yaxşı olar , nəinki yığımlarda operativlik prinsipi əsasında. Maliyyə riskləri ilə üzləşmiş sahibkarın istənilən halda fəaliyyəti zəifləyir. Bir çox hallarda isə dayandırılır. Deməli gələcək dövr üçün inkişaf və vergi yığımlarının həcmi azalır. Belə halların baş verməməsi üçün perspektivli vergi siyasəti daha məqsədəuyğun sayıla bilər. Biz sosialyönümlü iqtisadi siyasətin həyata keçirlməsi məqsədilə mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafı üçün daha geniş imkanlar yaratmalıyıq ki, məşğulluğun səviyyəsi aşağı düşməsin. Onlar nə qədər inkişaf etsələr bir o qədər sosial yükün azalmasına şərait yaranar. Yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərə , habelə mikro və kiçik saibkarlara vergi güzəştləri və cüzi faizlərlə maliyyə kreditlərinin verilməsi məsələsinə diqqət ayırmalıyıq ki, daha ciddi inkişafa nail ola bilək. Onların sıradan çıxmasına, risklərlə üz-üzə qalmasına yol verməsək inkişaf daha da sürətlənər, sosial rifah daha da yaxşılaşar. Fəaliyyətini dayandıran real sahibkarlıq subyektlərini vergi orqanına dəvət edib dayandırmanın səbəbini soruşmaq, hüquqi və mənəvi dəstək vermək, tənəzülün səbəbini öyrənmək, gərək olduqda müddətli şəkildə vergidən azad edərək,, güzəştlər təqdbiq etmək qeyd- şərtsiz investisiya mühitini yaxşılaşdıracaq. Yetər ki, sahibkar qayğı görsün, onda iam və etibar yaransın. İqtisadi inkişafı tükənə bilən təbii ehtiyyatların əldə edilməsinə deyil, sahibkarlığın inkişafına yönəltməklə böyük uğurlar əldə etmək olar.
Mən sahibkarlıq fəaliyyəti sahəsində yalnız mövcud olan bir neçə incə məsələləri işıqlandırdım. Hesab edirəm ki, ölkə rəhbərliyi və xüsusilə də İqtisadiyyat Naziri Cənab Mikayıl Cabbarov mövcud problemlərin həllinə dair iradə nümayiş etdirərsə əsas problemlər , habelə investisiya mühitinin yaxşılaşdırılması və məşğulluq məsələləri daha yüksək səviyyədə öz həllini tapacaq.
Elçin QURBANOV
İqtisadçı