Bazar ertəsi , May 23 2022
Ana səhifə / İqtisadiyyat / İqtisadçı: “Xalq Bank” bu gün sözün əsl mənasında anti-xalq bankıdır”

İqtisadçı: “Xalq Bank” bu gün sözün əsl mənasında anti-xalq bankıdır”

“Xalq Bank”ın müştəriləri 24.150 milyon manat məbləğində krediti 1 ildən çoxdur qaytara bilmir. Bu barədə bankın açıqladığı maliyyə hesabatında qeyd olunub. Hesabatdan məlum olur ki, yuxarıda göstərilən məbləğdən 22.112 milyon manatı biznes kreditlərinin, qalanları isə daşınmaz əmlak və istehlak kreditlərinin payına düşür. 

Problemli kreditlər barədə Demokrat.az-a açıqlama verən bank işləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bildirib ki, prinsipcə bütün banklarda problemli kreditlər var və o, həmin banklar üçün təhlükəlidir. Çünki problemli kreditlər qayıtmırsa, o zaman bank da öz öhdəliklərini yerinə yetirmir, əmanətləri qaytara bilmir:

“Nəticədə həmin banklar müflisləşir. Biz son 6 ildə Azərbaycanda xeyli bankların müflisləşdiyinin şahidi oluruq.  Lakin “Xalq Bank”ı belə bir təhlükə gözləmir. Çünki “Xalq Bank” Azərbaycanın ən zalım, ən qəddar bankıdır. Bu, sözün əsl mənasında heç bank da deyil. Ümumiyyətlə, “Xalq Bank” müştəriləri ilə qanunun dili ilə danışmır. Onun öz müştərilərinə qarşı çox sərt metodları, xeyli qanunsuz əməlləri var. Heç kəs də, bu banka heç nə edə bilmir. Məhkəmə işləri ilə maraqlansanız görərsiniz ki, Azərbaycanın ən böyük bankları olan “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bank”nın məhkəmələrində belə uduzma halları var. Amma “Xalq Bank”da yoxdur, çünki hamı bu bankdan qorxur. Onun arxasında duran kimdisə, hamı sözün əsl mənasında ondan çəkinir. Adi bir şeyi deyim. 2015-ci ilin fevral ayında devalvasiya oldu. Dollar Azərbaycanda 0,75-dən  1,05 manatadək qalxdı. Yadınızdadırsa, ondan sonra bir sıra banklar müştərilərinin xarici valyutada olan kreditlərini manata çevirməyə başladılar ki, müştərilər ödəsinlər. “Xalq Bank” yeganə bank idi ki, devalvasiyadan sonra sahibkarların iri kreditlərini manatdan dollara keçirdi. Yəni, təsəvvür edirsiniz də, bu, nə deməkdir? Hamı deyirdi ki, dollar qalxacaq, yeri gəlmişkən qalxdı da. Hamı panika içində idi. Dollar kreditlərini heç kəs ödəmir və banklar deyirlər ki, gəlin yenidən müqavilə bağlayaq, keçirək manata. “Xalq Bank” isə iri kreditlərini manatdan dollara çevirir və həmin sahibkarlar gəlirlər “quzu” kimi müqavilə imzalayırlar. Bu, bir faktdır. Belə şeylər çox olub. Bunu ya axmaq adam edir, ya da insanı zorla məcbur edirlər. Təbii ki, görün “Xalq Bank”ın əlində necə alətləri var ki, bunu zorla edib. Sahibkarlar nədən qorxublar ki, bir neçə milyonluq kreditlərini dollara çeviriblər? Maraqlısı budur”. 

Ekspertin sözlərinə görə, “Xalq Bank”ın qanunsuz əməlləri bitmək bilmir və bu bankla bağlı bir çox xoşagəlməz faktlar mövcuddur: “Ona kiminsə borcu varsa, “canını alacaq”. Onsuz da o, müxtəlif yollarla bunu edəcək, amma əlbəttə ki, bu bankın axırı yoxdur. Çünki ölkə dərəbəylik deyil, əvvəl-axır bu banka qarşı da ölçü götürüləcək. Yəni, demirəm ki, bağlanacaq, işlək bankdır. Sadəcə onu qəddar, zülmkar, zalım sahibinin əlindən alıb, normal sahibkarlara vermək lazımdır. Elə adına uyğun olaraq, xalqa vermək lazımdır, onun qan uddurduğu sahibkarlara vermək lazımdır. Mən istərdim ki, yekunda bu bank bağlanmasın, çünki heç bir bankın bağlanmasını istəmirəm. Ancaq bu bank qanunla işləmir, xalqa zülm edir. O, adına uyğun “Xalq Bank”ı olmalıdır, bu gün isə əslində bu sözün əsl mənasında anti-xalq bankıdır”.

Həmçinin oxuyun

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı 23 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, …