Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / İqtisadçı Səfər Mehdiyevi “yıxıb-sürüdü”

İqtisadçı Səfər Mehdiyevi “yıxıb-sürüdü”

“Mən deyəndə ki, Gömrük Komitəsinin əsas problemi bu işin fəlsəfəsini bilməməkdir – məni qıyayanlar tapılırdı, hər şeyi bəsit pul hərisliyi ilə izah etməyə çalışırdılar. Məsələ tək pul qazanmaq hərisliyi deyil, doğrudan da, bu adamlar Gömrük nədir, niyə yaranıb, necə işləməlidir – bu məsələlərdən bixəbərdilər, hətta Gömrük işçilərinin nədən rütbəli olduqlarını belə bilmirlər, düşünürlər ki, Gömrük orqanları cəzalandırma orqanıdır”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Ekspert Gömrük Komitəsinin sədrinin son günlərdə mətbuatda yer alan qalmaqallı açıqlamalarına münasibət bildirib. 

“Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev keçən il qəbul edilən məntiqsiz, mənasız bir qərara – vətəndaşların 1000 dollara qədər xaricdən aylıq mal sifarişi haqqını 300 dollara nədən endirdikləri ilə bağlı şərh verib, sitat: “İşbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü”.

Hörmətli Səfər müəllim, soveti çox yaşamamısınız, amma sovet düşüncəsi canınızdan çıxmayıb, “işbaz” sözü əla sözdü, işini sevən, iş görmək istəyən deməkdir. Kimsə pul qazanmaq istəyirsə onun qarşısını mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə almaqdansa, vətəndaşlara şərait yaratmaq lazımdır ki, həm özləri qazansın, həm də dövlətə vergi-rüsum versin. Gömrük Komitəsinin iş fəlsəfəsi daxili istehsalçını qorumaq, daxili istehsalçıya dəstək olmaq, ölkədə iqtisadi aktivliyin artmasına, işsizliyin azalmasına yardımçı olmaqdır. Vətəndaşlar xaricdən sifariş etdikləri məhsullar daxildə istehsal olunurmi?! Yox, olunmur. Vətəndaş bu sifarişləri pul qazanmaq üşün edirsə, bu qəbahətdirmi, cinayətdirmi?! Yox, deyil. Vətəndaşlar özləri pul qazanırsa, bu dövlətin sosial yükünü azaldırmı?! Bəli, azaldır”, – deyə N.Cəfərli Səfər Mehdiyevi tənqid edib. 

İqtisadçı bildirib ki, Gömrük Komitəsi bu işin fəlsəfəsini bilsə, şəxsi maraqlarını kənara qoysa, tam tərsini etməli idi:

“Yaxşı, Gömrük Komitəsi kolxoz təfəkkürünü kənara qoysa, bu vəziyyətdə nə etməli, normalda hansı təşəbbüslə çıxış etməli idi?! Gömrük Orqanı bu işin fəlsəfəsini bilsə, şəxsi maraqlarını kənara qoysa, tam tərsi, fiziki şəxslərin aylıq mal sifarişi limitini 300 yox, 3000 dollara qədər artırılmasını dəstəkləməli, dövriyyədən rüsum və vergi tutulmasını təklif etməli idi. Məsələn, Əbdül dayı, və ya Məsmə xala ayda 3000 dollarlıq mal sifariş edir, bu zaman dövriyyədən 5% rüsum, 5% də vergi ödəyir, başqa bütün növ ödənişlərdən azad edilir”.

“Beləliklə, 3000 dollara 300 dollar dövlətə xeyir verən Əbdül dayı, Məsmə xala gətirdiyi malı sataraq həm özü qazanır, deməli dövlətin sosial yükünü azaldır, həm daha ucuz qiymətlərlə bazara çıxaraq rəqabət yaradır, qiymətlərin ucuzlaşmasına səbəb olur, həm də dövlətə xeyir verir, rüsum-vergi ödəyir. Bu yolla minlərlə vətəndaş özü-özünü dolandırır, böyük, məmurlara bağlı şırkətlər də özünə çəki-düzən verib qiyməti şişirtmirlər, rəqabət artır, beləliklə də bütün ölkə vətəndaşları qazanır.

Bu sadə məntiqi anlamaq üçün Gömrük Komitəsə pulsuz-parasız mühazirələr deməyə hazıram. Sovet buralardan çıxsa da, bəzi qurum və məmurların canından sovet hələ çıxamayıb…”, – deyə Natiq Cəfərli vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …