Çərşənbə , İyul 8 2020
Ana səhifə / İqtisadiyyat / İqtisadçı “Mərkəzi Bank dövriyyəyə çoxlu pul buraxsın” təklifindən danışdı

İqtisadçı “Mərkəzi Bank dövriyyəyə çoxlu pul buraxsın” təklifindən danışdı

Koronavirus pandemiyasının yaratdığı böhran şəraitində dünyanın demək olar ki, bütün ölkələrində hökumətlər biznes və əhaliyə böyük həcmli dəstək proqramları icra etməkdədirlər. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, qlobal dəstək proqramları ümumilikdə 10 trilyon dollardan yuxarı vəsaiti əhatə edir.

Hökumətlər iqtisadiyyatın əsasını təşkil edən biznesin və ev təsərrüfatlarını dəstəkləmək üçün xəsislik etmədən iqtisadiyyata külli miqdarda pul inyeksiyası edirlər. Bir sıra ekspertlər Azərbaycanda da analoji prosesin başladılmasını, iqtisadiyyatın dəstəklənməsi üçün dövriyyəyə irihəcmli pul vəsaitlərinin buraxılmasını təklif edirlər. Bu, nə qədər realdır? Azərbaycan hökuməti bu yolla iqtisadiyyatın postpandemiya dövründə daha tez dirçəlməsinə nail ola bilərmi?

Təcrübə göstərir ki, iqtisadi böhranlar dövründə Azərbaycanda nə qədər qəribə də olsa dövriyyədə olan pul kütləsinin həcmi azalır. Koronavirus pandemiyası ilə bağlı sərt karantin rejiminin tətbiq olunduğu mart-may aylarında belə azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu il martın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 28 milyard 530,4 milyon manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 86,3 milyon manat və ya 0,3 faiz çoxdur. Geniş pul kütləsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 056,4 milyon manat və ya 16,5 faiz artıb.

Hesabata əsasən, banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) martın 1-nə 9579,2 milyon manat təşkil edib. Bu isə fevralın 1-nə nisbətən 312,5 milyon manat və  ya 3,37 faiz artım deməkdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2 250,7 milyon manat və ya 30,7 faiz artıb.

Bu il mayın 1-nə isə Azərbaycanda geniş pul kütləsinin həcmi (M3) 26 milyard 291,8 milyon manat təşkil edib ki, bu da əvvəlki aya nisbətən 429,4 milyon  manat və ya 1,6 faiz azdır. Banklardan kənarda nağd pul kütləsinin həcmi (M0) mayın 1-nə 8 530,8 mln. manat təşkil edib.

Göründüyü kimi, martın 1-i ilə müqayisədə ölkədə geniş pul kütləsinin həcmi 7,9 faiz azalıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Azərbaycanda bu il geniş pul kütləsinin həcmi (M3) 1,5 faiz azalacaq. Xatırladaq ki, 2019-cu ildə ölkədə geniş pul kütləsinin həcmi 20 faiz artaraq 28 milyard 866,3 milyon manata çatmışdı.

500 avro ilə bağlı problem: Bankların komissiya haqqı nə qədər ...

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, iqtisadiyyata həddindən artıq çox pul buraxanda inflyasiya baş verir: “Dövriyyəyə buraxılan pul kütləsinin arxasında real iqtisadiyyat dayanmalıdır. Belə olmasa, buraxılan pul kütləsi qısa müddətdə kəskin bahalaşmaya səbəb olub. Hökumətlər – Mərkəzi Banklar dövriyyəyə pulu kreditləşmə yolu ilə buraxırlar. Ya banklara ucuz kreditlər verilir, banklar da onu biznesə, ev təsərrüfatlarına verirlər. Ya da Mərkəzi Bank krediti hökumətə verir, hökumət vəsaitləri xərcləyir: sahibkarlara, ev təsərrüfatlarına birbaşa dəstək verir. Hər iki halda ölkənin real iqtisadiyyatı inkişaf etməyibsə, dövriyyəyə buraxılan vəsaitlər inflyasiyaya səbəb olur. Bir sıra ölkələr var ki, iqtisadiyyatları yüksək səviyyədə inkişaf edib, milli valyutaları əsas mübadilə valyutaları sırasına daxildir. Belə dövlətlər rahatlıqla dövriyyəyə böyük vəsaitlər buraxa bilirlər. Onlar hansılardır: ABŞ və dollar, Avropa Birliyi və avro, İsveçrə və frank, Böyük Britaniya və funt-sterlinq. Bu ölkələrin valyutası dünyada dönərli valyuta olduğuna görə dövriyyəyə buraxılan vəsait təhlükə yaratmır. ABŞ-ın dünyada ən yüksək etmiş iqtisadiyyata malik olmaqla yanaşı, dünyada ən çox borcu olan ölkədir həm də. Bu, necə baş verir: dövlət Mərkəzi Bankdan – Federal Ehtiyatlar Sistemindən (FED) pulu alır, iqtisadiyyata buraxır. Yaxud dövlət istiqrazları buraxır, onu bütün dünya ölkələri alır. Bütün dünyada dollar əsas valyuta olduğuna görə problem də yaranmır”.

Ekspertə görə, Azərbaycan Mərkəzi Bankı dövriyyəyə çox manat kütləsi buraxa bilməz: “Hətta indiki şəraitdə iqtisadiyyata zəruri olan həcmdən daha az vəsait buraxılıb dövriyyəyə. Bunun da səbəbi manatın məzənnəsinə olan təzyiqləri azaltmaq məqsədidir. Dövriyyəyə nə qədər çox pul buraxılsa, bir o qədər dollar alışı artacaq. Bu isə neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə dollara olan tələbatın artması, valyuta ehtiyatlarının əriməsi deməkdir. Bu səbəbdən də martdan etibarən banklara 500 dollardan yuxarı xarici valyuta alanlar barədə əlavə məlumatları alınması tapşırılıb. Faktiki olaraq, iqtisadiyyat manatın məzənnəsinin girovuna çevrilib: hökumət dəyən zərərə müvafiq həcmdə yardım edə bilmir, biznes və ev təsərrüfatlarının zərəri getdikcə artır. Vaxtında manatın tam üzən məzənnəsinə keçilsəydi, indi belə vəziyyət yaranmazdı. Rusiya 2015-ci ildə rublu tam üzən məzənnə rejiminə keçirdi, indi hansısa problem yaşamır. Bizdə də belə edilməliydi, təəssüf ki, gecikdik. İndi isə üzən məzənnəyə keçid iqtisadiyyatda ciddi təlatümlərə səbəb ola bilər. Düşünürəm ki, pandemiyanın yaratdığı böhran bitəndən sonra hökumət manatın tam üzən məzənnə rejiminə keçməlidir. Düzdür, devalvasiya baş verəcək, amma bu, çox çəkməyəcək. Proses tam bazar iqtisadiyyatı qanunları ilə getdiyinə görə manat ucuzlaşdığı kimi, bahalaşa da biləcək. Bu zaman əhali əlindəki manatın hamısını dollara çevirməyə çalışmayacaq”.

Həmçinin oxuyun

ADIF-in ölkə Prezidenti qarşısında öhdəliyi ləğv edildi

Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.Dəyişikliyə əsasən, Azərbaycan Əmanətlərin …