Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İpoteka da sosial evlərdən sərfəli çıxdı – ŞƏRH

İpoteka da sosial evlərdən sərfəli çıxdı – ŞƏRH

Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, ev alması üçün hazırda Azərbaycanda 2 üsul var.

Bunlardan biri artıq uzun illərdir verilən  ipoteka kreditləridir. Digəri isə hökumətin yeni sosial evlər layihəsidir. Sosial evlər layihəsi hazırlanan zaman bu təklifin uğurlu olacağı deyilsə də, sonradan açıqlanan şərtlər və qiymət bu vasitə ilə ev almaq istəyənlərin ümidlərini puça çıxartdı. Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sosial evlərin elə ilk satışında ədalətli ola bilmədi  və nəticədə ilkin mərhələdə satıldığı deyilən 260 mənzillə bağlı müqavilələr ləğv edildi.

Məsələnin digər tərəfi isə ipoteka kreditləri ilə “sosial evlər” arasında əslində deyildiyi kimi ciddi fərq yoxdur. Qiymətləri və şərtləri demək olar ki, eynidir. Şərtlər isə əslində “sosial evlərdə” daha çətindir. Nəzərə alsaq ki, ipoteka kreditlərində güzəştli şərtlər də mövcuddur və kredit növünün şərtləri əslində sosial evlərdən daha üstündür.

Qeyd edək ki, “sosial evlər”in satış qiymətləri ƏDV daxil olmaqla 1 otaqlı – 29 925, 2 otaqlı – 47 282 manatdan, 3 otaqlı  mənzillər üçün isə- 65 626 manatdan başlayır. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Ödəniş şərtləri isə bu cürdür: İllik 4 faiz olmaqla 3 aydan 30 aya qədər. İlkin ödəniş isə mənzilin ümumi qiymətinin minimum 10 faizidir.

Sosial evlərdə güzəşt isə yalnız nağd ödəniş edənlər üçün nəzərdə tutulub ki, bu da 1 otaqlı mənzillər üçün 2993, 2 otaqlı mənzillər üçün 4728, 3 otaqlı mənzillər üçünsə 6563 manatdır.
İpoteka kreditlərinin şərtləri isə sosial evlərə tətbiq olunan şərtlərlə demək olar ki, eynidir. Belə ki, adi ipoteka krediti maksimum 150 min manata  qədər verilir. Ödəniş müddəti 300 ay, illik faiz dərəcəsi 8, ilkin ödəniş isə 30 faiz nəzərdə tutulur. Bu növ kreditin verilməsi isə minimum 3 ay iş stajı və sığorta tələb olunur.

Güzəştli ipoteka kreditinin şərtləri isə hətta sosial evlərdəkindən daha əlverişlidir. Güzəştli ipotekada isə maksimum 100 min manat, ödəniş müddəti isə 360 ay nəzərdə tutulur. İllik faiz dərəcəsi 4, ilkin ödəniş isə 30 faizdir. Güzəştli şərtlərlə bu kredit növündən istifadə üçünsə, yalnız 3 ay iş stajı və sığorta tələb olunur.

Qeyd edək ki, ipoteka kreditləri banklar vasitəsilə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına verilir. Aztəminatlı ailələrin mənzilə sahib olması üçün hazırda yalnız bu cür şərtlər mövcuddur.

 

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə şərhində hər iki kredit növünün əlçatan olmadığını və eyni mahiyyət daşıdığını deyib: “Sosial evlər daha çox əlçatan olmalı idi. Amma artıq birinci satış oldu və gördük ki, bu nəinki əlçatan deyil, burada möhtəkirlik, saxtakarlıq var. Ona görə də bu müqayisəni mənasız sayıram. Digər tərəfdən, ipoteka kreditləri doğrudan da mənzilə ehtiyacı olan əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Sosial evlər ödəmə imkanlarına müəyyən qədər uyğun olsa da, onu da əldə etmək mümkünsüzdür. Sosial evlərin satışı günü guya sayt çökdü və bildirişlər bir neçə nəfərə getdi. Sonradan isə evləri öz istədiklərinə verdilər. Hesab edirəm ki, bu qəsdən törədilmiş bir cinayətdir. Amma bunun araşdırılması da ciddi problemlər yaradır. Bütün proseslər internet üzərindən aparılıb. Bunun araşdırılması üçün hər bir ev alan güclü internet mütəxəssisi tapmalıdır.

Praktiki olaraq Azərbaycanda həmin gün baş verən cinayəti sübut etmək mümkün deyil. Hesab edirəm ki, gələcəkdə də satış günü buna bənzər problemlər yaranacaq. Nəticədə sosial evləri haqqı olana yox, özləri kimə istəyir ona verəcəklər. Dünya təcrübəsində ipoteka kreditləri də, sosial evlər də əhali arasında doğrudan da evə ehtiyacı olan, amma kommersiya şərtləri ilə mənzilə sahib ola bilməyənləri evlə təmin etmək proqramıdır. Dünya təcrübəsində sosial evlər ipoteka kreditlərindən daha yüngül şərtlərlə verilir. Digər tərəfdən, sosial ev adı altında tikilən binaların şəraiti o qədər də prestijli deyil. Əsas məqsəd minimum yaşayış imkanı və aşağı qiymətdir. Dünyanın çox az ölkələrində sosial evlərin aylıq ödənişi 100 dollardan çox olur. Hətta 40-45 dollar aylıq ödənişlə sosial evlər təklif edən ölkələr var”.

Akif Nəsirli hesab edir ki, Azərbaycanda sosial evlər layihəsini rekonstruksiya edərək ipoteka kreditlərinə uyğunlaşdırdılar: “Bunun da səbəbi o idi ki, bu layihəni həyata keçirənlər həmin evləri kimə satacaqlarını əvvəlcədən bilirdilər. Yəni, o evlər əslində layihədə nəzərdə tutulduğu kimi, ölkənin imkanları zəif olan əhali qrupuna görə nəzərdə tutulmayıb. Sosial evlər adi qaydada kommersiya məqsədilə satılan evlərə uyğundur. Qiymətləri də təqribən eynidir. Sadəcə olaraq adı sosial evdir. Bu cür sosial ev layihəsi olmur. Təklif olunan qiymətlərlə adi şirkətlər də mənzillər satır.  Bu layihə Azərbaycanda çərçivəsindən, təyinatından çıxarılıb”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …