Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / İllərlə artıq hesablanmış pensiyalara görə alınmış rüşvətlərin hesabını kim verməlidir…

İllərlə artıq hesablanmış pensiyalara görə alınmış rüşvətlərin hesabını kim verməlidir…

Azərbaycanda pensiya amnistiyasının tətbiqinə başlanılıb. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, pensiyaların hesablanmasında əsas səhvlər 2020-ci ilə qədər olub və pensiyaçılara artıq ödəmələr olub: “2020-ci ildən sonra avtomatlaşdırılmış pensiya təminatı genişləndiyinə görə səhv hesablamalar çox azdır. Pensiyaçıların 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq və onlara amnistiya tətbiq olunacaq. Ancaq bu amnistiyanın nə qədər pensiyaçını əhatə edəcəyi proses zaman məlum olacaq”.

Qeyd edək ki, Milli Məclis 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Dəyişiklik artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Əvvəlki qanunvericiliyə əsasən isə, artıq ödənilən bütün məbləğ bütün illər üzrə geri tutulurdu.

Artıq ödənilmiş pensiyalar müvafiq sahə məmurlarının səhvi, cinayəti və ya rüşvətxorluğuna görə yaranıb?

İqtisadçı ekspert Elçin Qirbanov “Bakı-Xəbər”ə bildirdi ki, 2020-ci ilin əvvəlindən pensiya təminatları, 2020-ci ilin sentyabrından isə müavinətlərin, hələ 2016-cı ilin əvvəlində sosial yardımların mərkəzləşdirilmiş qaydada verilməsinə başlanıb:

“Dəyişiklikdə nəzərdə tutulan geri ödəmələrin son üç il dövrü əhatə etməsi debitor və kreditorlarla bağlı iddia müddətinə müvafiq müəyyən edilib.  Pensiya və digər müavinətlərlə bağlı səhv ödənişlərin qaytarılması yeni təcrübə deyil. Belə hallarda pensiyaçı və ya müavinətçinin aldığı aylıq vəsaitdən dövri şəkildə tutulmalar  bölüşdürülməklə həyata keçirilir. Yəni pensiyaçının aldığı vəsait tam şəkildə tutulmur. O ki qaldı artıq ödəmələrin səbəbinin məmurların səhvi, cinayəti və rüşvətxorluğu nəticəsində yaranması barədə sualınıza, qeyd etməliyəm ki, sözügedən qurumda belə problemlər həmişə olub. Əvvəlki dövrlərdə də korrupsiya hüquqpozmaları ilə bağlı  hadisələrin əksəriyyətinin bu sistemdə baş verdiyi heç kəs üçün gizli deyil. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin araşdırmalarında və cinayət işlərində belə nümunələr çoxdur. Mən onların ayrı-ayrılıqda statistikası barədə danışmaq istəmirəm. Onlarla vəzəfə səlahiyyətlərindən sui istifadə edən, vəzifə səlahiyyətlərini aşmaqla fiziki və hüquqi şəxslərin, habelə dövlətin qanuni mənafeyinə külli miqdarda zərər vuran məmurlar həbs olunub, cəzalandırılıb, vizifəsindən azad edilib”.

Ekspert bildirir ki, onun  özü  də adı keçən qurumun “N” adlı regional idarəsində auditor kimi  yoxlamada olib: “ Etiraf etməliyəm ki, 2020-ci ilə qədər izafi dərəcədə nöqsanlar baş verib. Idarə daxilində mütəşəkkil qrup tərəfindən rüşvət müqabilində ( tamah məqsədilə)  böyük həcmli köçürmələr və əməliyyatlar həyata keçirilib, hansı ki, həmin köçürmələrin əksəriyyətinin qanuni əsası yoxdur. Belə hallar adətən əvvəlki dövrlər üçün qanunsuz aparılan hesablamaların birdəfəyə pensiyaçının və ya müavinətçinin kart hesabına köçürülməsi halları ilə müşahidə olunurdu. Kart vəzifəli şəxs tərəfindən  sövdələşmə əsasında pul vəsaiti  çıxarıldıqdan (mənimsənildikdən)  sonra istifadəçisinə  verilirdi.  Ona görə də aşkarlanmış uyğunsuzluqlara görə artıq ödəmələrin  geriyə qaytarılması məsələsində pensiyaçıların almadığı pulu geri qaytarması problem kimi nəzərə alınmalıydı. Belə də edildi. Təəssüf ki, bəzi qurumlar tərəfindən həyata keçirilən  nəzarət tədbirləri loyal xarakter daşıyırdı. Bunun səbəbi barədə heç nə deyə bilmərəm.

Yeni dəyişikliklərə əsasən, yalnız son 3 ildə ödənilmiş artıq məbləğlərin geri  ( fondun hesabına) qaytarılması həm hüquqi, həm də faktiki baxımdan ədalətli sayıla bilər. Əks təqdirdə kütləvi narazılıq yarana bilər. Vətəndaşların Konstitusiya ilə müəyyən edilmiş  özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ var və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ  təmin edilməlidir. Ona görə də Milli Məclisin 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə aministiyanın nəzərdə tutulması və deputatlar tərəfindən geri qaytarmaların təxminən 85-90 faiz şəxslərə şamil edilməyəcəyi barədə fikirləri həqiqətəuyğundur.   

Qeyd etmək ladzımdır ki,  2020-ci ildən sonra aparılan islahatlar müəyyən mənada öz müsbət nəticələrini verə bildi.  DSMF-nın Rayon şöbələri regional idarələrlə əvəz olundu və pensiya və digər müavinətlərlə bağlı sənəd mübadiləsi və müraciətlər tam şəkildə elektronlaşdırlaraq mərkəzləşdirildi. Artıq müraciətlərə regionlarda deyil,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mərkəzi idarəsində baxılır. Ona görə də regional idarələrin vəzifəli şəxsləri tərəfindən belə qanunsuz hərəkətlərə yol verilməsi üçün şərait məhduddur. Amma bu o demək deyil ki, qurumun yerlərdəki struktur vahidlərinin fəaliyyəti tam şəkildə şəffafdır.  Hələ araşdırılması davam edən bəzi məqamlar barədə məlumat vermək istəmirəm. Əgər istintaq  həmin faktların doğruluğunu təsdiqləyərsə, onda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …