Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / İlin 11 ayının iqtisadi yekunu: pandemiya və Vətən savaşının iqtisadi təsirləri

İlin 11 ayının iqtisadi yekunu: pandemiya və Vətən savaşının iqtisadi təsirləri

Böyük iqtisadi təlatümlərlə yadda qalan 2020-ci ilin ilk 11 ayı geridə qaldı. Ötən dövrün iqtisadi yekunlarına nəzər salsaq, bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyat müəyyən qədər zəiflədi, əhalinin sosial durumu, məşğulluğu, real sektorun vəziyyəti ilə bağlı ciddi risklər yarandı. Bununla paralel olaraq, Azərbaycan bu il  həm də böyük Vətən savaşı apardı və qələbə qazandı. Qələbənin nəticələri ilin mərhələdə böyük xərclər, uzunmüddətli dövrdə isə çox böyük iqtisadi imkanlar vəd edir. Artıq 3 ildir sabit saxlanılan manatın məzənnəsi ilə bağlı da hökumət tərəfindən qərarın verilməsi gözlənilir. Bununla yanaşı, dünyada pandemiyanın 3-cü dalğasının başlamasını nəzərə alsaq, dünya neft bazarları ilə bağlı da birmənalı fikir söyləmək çətindir və pozitiv dalğanın nə qədər davam edəcəyi bəlli deyil.

Bəs görəsən, iqtisadçı ekspertlər ilin ötən 11 ayını iqtisadi baxımdan necə dəyərləndirirlər?

Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, cari ilin ilk ayları yaxşı başlasa da, sonra pandemiya bütün gedişatı dəyişdi: “Postdevalvasiyalar dövründə ən ciddi artım sürəti 2020-ci ilin ilk iki ayında müşahidə olunurdu. İqtisadiyyat təxminən 3 faiz ətrafında artım nümayiş etdirirdi. Ancaq pandemiya bu prosesi tamamilə əngəllədi. Hazırda iqtisadiyyat 4 faiz kiçilib. Adambaşına düşən məhsul istehsalı 5 faiz azalıb. Bütövlükdə bəzi sektorda daha böyük kiçilmə müşahidə olunur. Məsələn, turizm sektorunda 55 faizdən artıq kiçilmə var, tikinti sektorunda 10 faiz kiçilmə var. Yəni hətta rəsmi rəqəmlər iqtisadiyyatın resessiyaya daxil olmasını təsdiq edir. Bu, təbii bir prosesdir, pandemiya dövründə bunun əksi mümkün deyildi. Düşünürük ki, real vəziyyət rəsmi rəqəmlərə ifadə olunandan daha ciddidir. Yəni iqtisadiyyatda kiçilmə daha çoxdur. Məşğulluqla bağlı risklər əhəmiyyətli səviyyədə artdı, hökumətin fiskal öhdəlikləri artdı. Bir sıra layihələrin icrasında gecikmələr baş verdi. 2020-ci il iqtisadi baxımdan o qədər də əlverişli olmadı. Ancaq dünya üçün də, Azərbaycan üçün də iqtisadi siyasətin müəyyənləşdirilməsi və qərar qəbul etmə baxımından yeni çağırışlar formalaşdı. Dünya daha təhlükəsiz, inteqrasiya olunmuş, eyni zamanda daha dayanıqlı əsaslarla işləyən iqtisadi mexanizmlər hazırlamalıdır. Bu çağırışlar Azərbaycan üçün də keçərlidir. Biznes üçün yeni çağırışlar yarandı. Onlayn xidmətlərin istifadəsi sferası yeganə istiqamətlərdəndir ki, faktiki olaraq pandemiya dövründə  ciddi artım dinamikası nümayiş etdirdi. Əmək bazarı ilə bağlı yeni çağırışlar yaratdı. Sentyabr ayının 27-də başlayan müharibə  hökumət üçün müəyyən xərc yükü formalaşdırdı. İndiki halda biz onları tam olaraq təhlil edə bilmirik, çünki hələlik məlumatlar ictimailəşdirilməyib. Ancaq istənilən halda bu məbləğin nə qədər olmasından asılı olmayaraq, görünən odur ki, ciddi fiskal risklər yoxdur. Sentyabrın sonuna olan məlumatlar onu göstərir ki,  nəzərdə tutulduğundan daha az büdcə kəsiri yaranıb. Oktyabr və noyabr aylarında da bu istiqamətdə çox ciddi risklərin yaranmasını ehtimal etmək doğru olmaz. Azərbaycan və dünya üçün il pis başladı, iqtisadi baxımdan heç də uğurlu deyildi. Azərbaycanın mövcud riskləri neytrallaşdırma planları da bir o qədər əhatəli və peşəkar deyildi. Buna baxmayaraq, sonu nisbətən yaxşı gəldi. Müharibə hər zaman xərc yükü formalaşdırsa da, torpaqlarımızın işğaldan azad edilməsi orta və uzunmüddətli dövrdə daha ciddi iqtisadi inkişaf üçün əsaslar da yaratdı”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

Manatın məzənnəsi ilə bağlı vəziyyətə gəlincə, R.Həsənov vurğuladı ki, təzyiqlər cari il ərzində mövcud oldu: “Xüsusən də ilin ilk rübünün sonunda manat üçün ciddi təzyiqlər oldu. Daha sonra valyuta bazarlarının kiçilməsi, həm ölkə xaricində hərəkətin məhdudlaşdırılması, ticarət əlaqələrinin məhdudlaşması səbəbindən idxalın azalması və sair faktorlar bazarlarda təzyiqi artırdı. İlin ikinci yarısında büdcəyə əlavə transferin, yəni 850 milyon manat, yəni 500 milyon dollar artırılması aylıq olaraq bazara 80 milyon dollar daxil etmək imkanı yaratdı. Bütün bunlar  müəyyən qədər tarazlığa gətirib çıxarıb. İndiki halda ciddi təzyiqlərin olduğunu düşünmürəm. Sosial faktorları nəzərə alaraq, ola bilər ki, hökumət ilin sonuna qədər devalvasiya ilə bağlı qərar qəbul etməsin. Ancaq növbəti ilin əvvəlində belə bir qərar qəbul edilə bilər. 2021-ci ilin dövlət büdcəsinin layihəsi hələ ki hazır deyil. Bunun da səbəbləri məlumdur. İlin ortalarında proses qaydasında gedirdi, ilkin büdcə məlumatları da açıqlanmışdı. Sonradan müharibə və onun yaratdığı yeni konyuktur situasiyanı dəyişdi. Bu mənada növbəti ilin büdcəsində Qarabağın bərpası, infrastrukturun yenilənməsi və ərazinin hərbsizləşdirilməsi istiqamətində böyük xərc yükü yaranacaq.  Hələ tam olaraq proses başa çatmayıb, ancaq bir neçə sərəncamla  bu istiqamətdə kifayət qədər böyük vəsaitlər ayrılıb. 2021-ci il bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi ilidir. Böyük xərc yükü formalaşacaq və yəqin ki, 5-7 milyard ətrafında olacaq. Bunun bir qismini ola bilər ki, hökumət əvvəlki dövrdəki xərcləri təxirə salmaqla kompensasiya etməyə çalışsın. Ancaq istənilən halda dövlət büdcəsinin kəsiri ciddi şəkildə artacaq. Büdcə kəsirinin bir qisminin kompensasiya aləti kimi hökumət devalvasiyaya gedib, büdcənin valyuta ilə gəlirlərinin manat ifadəsində şişirdilməsi yolunu seçə bilər. Məsələn, Neft Fondundan manatla ifadədə 12, 2 milyard manat transfert nəzərdə tutulmuşdu. Bu, təxminən 7,7 milyard dollar vəsait deməkdir. Əgər məzənnə 1 dollar – 2 manat şəklində dəyişərsə, hökumət Neft Fondundan 7,7 milyard dollar xərcləməklə dövlət büdcəsinə 12,2 milyard manat yox, 15,4 milyard köçürmüş olacaq. Alət olaraq bundan müəyyən qədər istifadə edə bilər, hətta deyərdim ki, etməlidir. Çünki manatın məzənnəsinin son 3 ildə sabit qalması ölkə iqtisadiyyatının region ölkələri ilə, əsas xarici ticarət tərəfdaşları ilə müqayisədə mövqeyini, rəqabət qabiliyyətini zəiflədib. İxracımız elə də böyük olmasa da, ən azından xidmət sektorunda sahibkarlar bundan yararlana bilərlər. Bu mənada manatın bir qədər zəiflədilməsi artıq bir zərurətdir. O cümlədən büdcə ilə bağlı yaranmış vəziyyəti də nəzərə alaraq, hökumət belə bir qərar qəbul etməlidir. Mən hətta bu qərarın qəbul edilməsini müsbət qiymətləndirirəm”.

Neftin qiyməti ilə bağlı proqnoz - İki sahil

Neftin qiyməti ilə bağlı cari ildəki vəziyyətə toxunan iqtisadçı bildirdi ki, bu sahədə əsas açar nöqtə pandemiyanın nə zaman aradan qalxacağı və onun təsirlərinin neytrallaşacağı ilə bağlıdır: “Neftin qiyməti dünya iqtisadiyyatının tam olaraq nə zaman açılacağı ilə bağlıdır. Hazırda dünya bazarında neftin qiymətinə təsir edən faktorlar var. Bunlar yaradılmış faktorlardır. Məsələn, OPEK-in hasilatın azaldılması təklifi ilə bağlı OPEK+ formatı çərçivəsində razılığın əldə edilməsi. Bu, süni yaradılmış şəraitdi, razılaşma əldə edilir, hasilat azaldılır və bunun nəticəsində qiymətin 40 dolların üzərində olmasına şərait yaradılır. Ancaq fundamental əsasların formalaşması dünyanın pandemiya problemini nə zaman həll etməsindən asılı olacaq. Artıq pandemiyanın üçüncü dalğasından söhbət gedir və 3-cü dalğada hökumətlərin necə davranması önəmli olacaq. Hazırda pandemiyanın ikinci dalğası ilə bağlı hökumətlərin qəbul etdiyi qərarlar, xüsusilə də böyük iqtisadiyyatların qəbul etdiyi qərarlar bazara birbaşa təsir göstərir. Bu gün üçün aktual olan məsələ OPEK dövlətlərinin necə davranacağı, OPEK+ formatı çərçivəsində əldə edilən sazişin gələcəyi ilə bağlıdır.  Bu çərçivədə razılaşma olsa belə, çox ciddi qiymət artımından söhbət getmir, neftin 1 barelinin qiymətinin 2021-ci ildə 40-50 dollar arasında formalaşacağı gözlənilir.

Azərbaycan növbəti ilin büdcəsində neftin qiymətini 35 dollardan götürmüşdü, ola bilər ki, yeni büdcə korrektələrində bu yanaşma dəyişsin. Amma istənilən halda Azərbaycan bu istiqamətdə müəyyən bir təhlükəsizlik buferi yaratmağa çalışacaq ki, büdcə qiymət fruktasiyalarından təsirlənməsin”.

OPEK+ razılaşması neftin qiymətini nə qədər artıracaq? | Milli Tribuna

R.Həsənov onu da diqqətə çatdırdı ki, artıq neft bizim üçün çox ciddi iqtisadi alət rolunu itirməkdədir: “2007-2008-ci illərdə biz neftin ixracından 37-38 milyard dollar pul götürürdük. Hazırda bu göstərici 6-7 milyard dollara düşüb, neftin qiyməti normal olanda 8-10 milyard olur.

Eyni zamanda OPEK + formatı çərçivəsində Azərbaycan da öhdəlik götürüb. Bizim hasilatımız həm təbii olaraq azalırdı, həm də öhdəlik götürdük və məcburi azaltmalara da getdik. Növbəti 10 ildə Azərbaycan fiskal baxımdan neft faktorunu neytrallaşdırmağa çalışmalıdır. Neft hələ də əhəmiyyətli rolu öz üzərinə götürüb, 2021-ci ilin büdcəsində gəlirlər 25 milyard nəzərdə tutulurdu, təkcə Neft Fondundan transfert 12,2 milyard manat idi və neft sektorundan 2 milyard manata yaxın vergi toplanması nəzərdə tutulurdu. Yenə də fiskal baxımdan böyük bir yükü neft sektorunun üzərinə qoymuşuq. Orta və uzunmüddətli dövrdə bu yanaşmadan uzaqlaşmaq lazımdır, çünki neft sektorunda  sıçrayışların olacağını gözləmək əbəsdir. Azərbaycanda neft hasilatı heç zaman artmayacaq, qaz gəlirləri də neft gəlirlərini əvəz edə bilməyəcək. Bu məqamları nəzərə alaraq, iqtisadi və fiskal siyasət iqtisadiyyatın resurs asılılığından qurtulması istiqamətində olmalıdır”.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …