Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İqtisadiyyat / İlham Şaban: Exxon və Chevron şirkətlərinin Azərbaycandan getməsi iqtisadi maraqlardan doğan qərardır

İlham Şaban: Exxon və Chevron şirkətlərinin Azərbaycandan getməsi iqtisadi maraqlardan doğan qərardır

Qərb mətbuatının bildirdiyinə görə, ABŞ-ın Exxon Mobil və Chevron neft şirkətləri Azərbaycanın ən böyük neft yatağındakı paylarını satmaq niyyətindədir. Bu şirkətlərin Azərbaycanda 25 il işlədikdən sonra əsas fəaliyyətlərini Birləşmiş Ştatlara yönəltmək istədiyi bildirilir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ABŞ-ın aparıcı neft şirkətlərinin Azərbaycanı 25 ildən sonra tərk etmək qərarını, Birləşmiş Ştatların və Qərbin regional enerji layihələrinə dəstəyi və Azərbaycanın enerji siyasəti haqda danışıb.

İlham Şaban Exxon Mobil və Chevron şirkətlərinin paylarını satmaq haqda qərarının əsas səbəbinin siyasi deyil, iqtisadi-kommersiya, investisiya maraqları ilə bağlı olduğunu bildirib. Ekspertin sözlərinə görə, şirkətlər layihədən çıxmaq haqda qərarı “investiyalarla bağlı kapital xərclərinin artırılması məsələsi gündəmə gələn zaman” verirlər.

“Hər bir şirkətin bir mənfəət göstəricisi var. Yəni söhbət məhz iri şirkətlərdən gedir. Onlar neft-qaz şirkəti də ola bilərlər, tikinti şirkəti də, ticarət şirkəti də ola bilərlər. Yəni onlar üçün müəyyən layihələrdə bir göstərici varsa, mənfəət dərəcəsi ondan aşağı düşəndə onlar üçün həmin layihə artıq maraqsız olur. Onlar üçün həmin layihə orta şirkətlər üçün daha maraq kəsb edəndir. Ona görə paylarını satıb, özlərinin masştabına uyğun layihələrə keçid edirlər. Məhz bu səbəbdən də Chevron-un açıqlaması təbii ki, bu şübhələri mən deyərdim ki, alt-üst etdi.”

İlham Şaban Amerikanın iki neft şirkətinin Azərbaycandan getməsinin ABŞ administrasiyasının Azərbacanda enerji siyasəti ilə bağlı mövqeyinə və iki ölkə arasında enerji sahəsində əməkdaşlıq səviyyəsinə hər hansı təsiri ola biləcəyini düşünmədiyini bildirib.

“Bu siyasət Azərbaycandakı Amerika şirkətlərinin sayı ilə qurulmayıb. Ağ Evin siyasəti onların məhz burada olması ilə ölçülmür. ABŞ-ın 20 ildən artıq, yəni Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Azəri-Çıraq-Günəşli ilə bağlı ilk müqavilə imzalananda mövqeyi nə idisə, ondan sonra ixrac-boru kəmərləri-Bakı-Tbilisi-Ceyhan, onun ardınca Bakı-Tbilisi-Ərzurum, ondan sonra Cənub Qaz Dəhlizi-biz gördük ki, daim bu layihələrə dəstək verib.”

İlham Şaban Exxon Mobil və Chevron şirkətlərinin yerini hansı şirkətlərin tuta biləcə haqda sualı cavablandıraraq deyib: “Onların yerini orta Qərb şirkətləri də tuta bilər, Şərqdən olan şirkərlər də tuta bilər, ancaq mahiyyət dəyişmir. Çünki onlar passiv şirkətlərdir, yəni layihənin passiv oyunçuları olaraq gəlirlər. Gəlib kapitalını qoyacaq və burada nümayəndə ilə təmsil olunacaq, rübdə də bir dəfə dividendini alacaq. Onların heç nəyə təsiri yoxdur. Orada oyun qaydalarını və menecmenti, bütün texnoloji hər şeyi həll edən BP şirkətdir və onun üzərində nəzarəti, ümumiyyətlə hər şeyi edən Azərbaycan Dövlət Neft Şirkətidir. Məsələnin mahiyyəti budur.”

İlham Şabanın bildirdiyinə görə, son 25 ildə Azərbaycan neft sənayesini inkişaf etdirməklə Xəzəryanı ölkələrin irimiqyaslı regional enerji layihələrində tərəfdaşına çevrilə bilib və gələcəkdə bunun qaz sənayesində də baş verə biləcəyini gözləmək olar. O, Birləşmiş Ştatların bundan sonra da regional layihələrə dəstək göstərəcəyini deyib.

“Xəzər enerjisini, Xəzərin neftini, qazını Avropa bazarına çıxarılmasında məhz Azərbaycan, onun infrastrukturu çox əhəmiyyətli rol oynayır. Və Qərbin enerji təhlükəsizliyində də əhəmiyyətə malikdir. Əgər belə bir şey varsa, niyə də dəstəkləməsin.” (amerikaninsesi.org)

Həmçinin oxuyun

Deputat: “Siqaretin qiymətinin artırılması ilə büdcəyə kifayət qədər vəsait daxil olacaq”

“Siqaretin qitmətinin artırılmasında iki məqsəd var. Birinci təbii ki, insanların səhhəti üçün zərərlidir, ikincisi, büdcəyə …