Ana səhifə / İqtisadiyyat / İlham Əliyev: Gələn il daha çox kəndi yeni yollarla təmin edəcəyik

İlham Əliyev: Gələn il daha çox kəndi yeni yollarla təmin edəcəyik

Çalışmalıyıq ki, gələn ilin kənd yolları proqramının tərtibində və təşkilində bütün yerlərdən gələn təkliflər nəzərə alınsın. Mənə artıq ilkin məruzə edilib. Biz gələn il bu ilə nisbətən daha çox kəndi yeni yollarla təmin edəcəyik. Baxmayaraq ki, bu il də yüzlərlə kəndə yol salınıb. Bu proses hələ neçə il bundan sonra da davam etməlidir, o vaxta qədər ki, bizim bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmasın.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

İlin əvvəlində nəzərdə tutulmuş layihələrin hamısının icra ediləcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Bundan əlavə, il ərzində mənim bölgələrə səfərlərim çərçivəsində və yerlərdən gələn təkliflər nəticəsində yeni yol layihələri də icra edilməyə başlanılmışdır. Bunlar daha çox kənd yollarıdır və eyni zamanda, şəhərlərarası yollardır. Onların arasında əvvəlcədən nəzərdə tutulmamış, ancaq builki proqrama salınmış və indi icrası gedən layihələr arasında Qax-Zaqatala-Balakən yolunu qeyd etməliyəm. Bu yolun əsaslı təmiri bu il nəzərdə tutulmamışdır. Ancaq bölgəyə səfərim zamanı bu məsələ qaldırıldı və göstəriş verildi. İndi bu layihə icra edilir. Cəlilabad-Yardımlı yolunun bir hissəsi əvvəlki dövrdə əsaslı təmir edilmişdir. Ancaq bu layihə yarımçıq qalmışdır. Cənub bölgəsinə səfərim zamanı bu məsələ də qaldırıldı və göstəriş verildi. Cəlilabad-Yardımlı yolunun tam istifadəyə verilməsi ilə bağlı bütün lazımi tədbirlər görülüb. Bu, Yardımlıya Bakıdan və digər bölgələrdən ən qısa yol olacaq və bir çox kəndləri birləşdirəcək”.

Turizm məkanı olan Göygöl istiqamətindəki yolun da uzun illər təmirsiz qaldığını xatırladan Prezident İlham Əliyev bildirib ki, indi Göygöl turizm mərkəzinə çevrilib, oraya böyük turist axını var. “Əlbəttə ki, oraya gedən yol tam yüksək səviyyədə təmir edilməlidir. Bu göstəriş də verilmişdir. Eyni zamanda, o bölgədə olarkən bu məsələ də qaldırıldı. Bu yaxınlarda Şamaxı rayonunda olarkən orada da Şamaxını Lahıcla birləşdirən yol haqqında məsələ də öz həllini tapmışdır. Bu yolun bir hissəsi istifadəyə verilib, qalan hissə də bu il və gələn il istifadəyə veriləcək. Lahıc nadir bir yaşayış mərkəzidir. Oraya hər il on minlərlə turist gəlir. İndi Lahıca həm alternativ, həm də ən qısa yol Şamaxı-Dəmirçi-Lahıc yolu olacaqdır. Bu da bir neçə kəndi birləşdirən yoldur”, – deyə dövlətimizin başçısı qeyd edib.

“Biz proqramı tərtib edirik, vəsait ayırırıq. Ancaq il ərzində yeni təkliflər gəlir və bu təkliflər də həmişə təmin edilir”, – deyən Prezident İlham Əliyev bildirib ki, əsas fəaliyyət istiqamətimiz Azərbaycan xalqının maraqlarını təmin etməkdən, xalqı narahat edən məsələlərin öz həllini tezliklə tapmasından ibarətdir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …