Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / İqtisadiyyat / İki deputat dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi

İki deputat dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi

«Konstitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə bankların, nə də borcluların xeyrinədir. Üstəlik, yanlış qərardır».

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Konstitusiya Məhkəməsinin bu günlər xarici valyutada götürülən kreditlərlə bağlı verdiyi qərarı “Azadlıq” radiosuna şərh edərkən bildirib. Onun sözlərinə görə, zahirən elə görünür ki, qərar bankların mövqeyini müdafiə edir, amma əslində haqqında bəhs edilən problem daha da mürəkkəb hal alıb: «Əvvəl, yəni bu qərara qədər belə idi ki, banklardan, Maliyyə Bazarlarına Nəzarət Palatasından nələrisə xahiş edə bilirdik, borclulara güzəştlər əldə etmək olurdu, tərəflər bir-birilərinə güzəştlərə gedirdilər. Bu qərardan sonra isə «qərar var, ona əməl etməlidirlər» mövqeyi ortaya çıxıb. Borclularda da elə imkan yoxdur ki, borcu qaytara bilsinlər. Odur ki, bu qərara qədər ki, az olan ödənişlər də dayana bilər».

Deputatın fikrincə, bu qərara yenidən baxıla bilər. Bununla bağlı o, həmkarı Əli Məsimli ilə birgə dövlət başçısı İlham Əliyevə müraciət ediblər.

Deputat deyir ki, bu problemin bir həll yolu tapılmalıdır, yoxsa bu uzandıqca, bank sisteminə, bütünlükdə iqtisadiyyata mənfi təsirini davam etdirir.

«Bu bahalanma özü düşündürücüdür»

Deputat son vaxtlar pərakəndə satış obyektlərində bəzi ərzaq mallarının bahalaşmasına da münasibət bildirib. Deputat deyib ki, buna müsbət yanaşmır, çünki ölkə daxilində bahalaşmaya əsas verən hər hansı iqtisadi amil yoxdur: «Belə ki, manatın məzənnəsi sabit olaraq qalır, ölkənin əsas gəlir mənbəyi olan neftin dünya bazarında qiyməti yetərincə qalxıb (neftin bir bareli 90 dollara yaxınlaşır-R), malların ölkəyə gətirilməsində problem yaşanmır. Odur ki, bu bahalanma özü düşündürücüdür».

Amma V.Əhmədov vurğulayır ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutalar dollara nisbətdə dəyər itiriblər. Onun fikrincə, bu, Azərbaycana xaricdən gətirilən hansısa komponentlərdən istifadə edilən məhsulun maya dəyərində müəyyən bahalaşma yarada bilər: «Amma ölkə daxilində istehsal edilən məhsulların bahalaşması və ya baha satılması üçün hər hansı əsas yoxdur».

Neftin bahalaşmasının səbəbləri…

Deputat neftin bahalaşmasına da münasibət bildirib. V.Əhmədov bunu bazarın tendensiyaları ilə əlaqələndirib. Onun fikrincə, bu məsələdə İranın neft satışına embarqo qoyulmasının da təsiri var.

«Əgər dünya bazarında əsas neft ixracatçıları olan ölkələr neftin hasilatını gündəlik tələbata qədər artırsalar, və ya bazarda təklif tələbi üstələsə, neftin qiyməti aşağı düşə bilər. Bunun olub-olmayacağını zaman göstərəcək», – deputat bildirib.

Xatırladaq ki, ötən ay Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı qərar verib. Qərarda yazılıb ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Yəni, problemli kreditlər cari məzənnə ilə qaytarılmalıdır.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə problemli kreditlər məsələsi aktuallaşıb. Ona görə, bəzi borclular krediti əvvəlki məzənnə ilə qaytarmaq istəyirdilər.

Mərkəzi Bankın məlumatına görə, bu il sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 milyard 772.4 milyon manat olub.

VIPedu.BIZ

Həmçinin oxuyun

Dollar kreditləri ilə bağlı vacib yenilik (VİDEO)

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək . …