Çərşənbə , Fevral 1 2023
Ana səhifə / İqtisadiyyat / İdxal az olarsa, basılmaz Vətən – TƏHLİL

İdxal az olarsa, basılmaz Vətən – TƏHLİL

İkinci Dünya müharibəsindən sonra ərzaq təhlükəsizliyi mövzusu qlobal miqyasda heç vaxt bu il olduğu qədər ciddiləşməmişdi. Ölkəmizdə bu məsələ gələn il də diqqət mərkəzində olacaq. Bunu növbəti ilin dövlət büdcəsi layihəsindən də sezmək mümkündür.

2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı üçün 1 milyard 202 milyon 100 min manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 204 milyon 800 min manat (20,5%), keçən ilin icra göstəricilərinə görə isə 291 milyon 700 min manat (32,0%) çoxdur. Qeyd olunan vəsaitin 52%-nin, yəni 625 milyon 200 min manatının ölkədə bilavasitə ərzaq təhlükəsizliyi məqsədilə xərclənməsi nəzərdə tutulur. Söhbət bunu təmin etmək üçün tələb olunan tədbirləri həyata keçirməkdən gedir.

Əslində İlham Əliyevin hakimiyyətinin ilk günlərindən ərzaq təhlükəsizliyi prioritet məsələlərdən olub. Ötən dövr ərzində bu sahədə ciddi addımlar atılıb və tədbirlər görülüb, hökümət konkret siyasət həyata keçirib. Bununla belə, məsələ o qədər incə və mürəkkəb xarakter daşıyır ki, bir onillik ərzində onu həll etmək mümkün deyil. Heç bir ölkə bəyan edə bilməz ki, ərzaqla özünü tam təmin edir. Bu mümkün deyil. Hərçənd, elə mühüm ərzaq məhsulları var ki, qlobal təzyiqdən sığortalanmaq baxımından onlara tələb məhz daxili imkanlar hesabına təmin edilsə, yaxşıdır.

Bu baxımdan, Azərbaycanın böyük valyuta ehtiyatlarına malik olduğu halda, daxili istehlak bazarında ən çox tələb edilən istehlak məhsulları üzrə idxaldan asılı olması təəssüf doğurur. Bu məsələ ciddi yanaşma tələb edir. Daxili istehlak bazarımız kütləvi tələbat malları üzrə idxaldan asılı olduğundan, xarici təsirlər bizə daha tez və güclü sirayət edir. Dünyada hansısa məhsul bahalaşan kimi dərhal bizdə əks olunur. Yəni, idxal inflyasiyası baş verir. Cari ildə ölkəmizdə ərzaq inflyasiyasının rəsmi olaraq 20%-i aşması bunun nəticəsidir.

Ümumiyyətlə, əvvəlki illərdə də ölkəmizdə qeydə alınan bütün inflyasiya göstəricilərində idxal mühüm rol oynayıb. Odur ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmini məsələsində ilk növbədə ərzaq buğdası sahəsində idxaldan asılılıq səviyyəsini azaltmaq ümdə və ciddi vəzifə sayılır. Ərzaq təhlükəsizliyi stategiyasında bu, prioritetdir.

İdxal olunan buğdadan asılılığı azaltmaq və yeni tənzimləmə mexanizmləri yaratmaq hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək sahəsində tədbirləri həyata keçirmək məqsədilə gələn il Dövlət başçımızın “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanı ilə 180 milyon manat sərf etmək nəzərdə tutulur. Bu vəsait baş verə biləcək hər hansı fors-major hallarından yaxa qutarmağa kömək edə biləcək.

Neçə illərdir ölkədə taxılçılığın inkişafı, ərzaq buğdası tədarükü, istehsalı sahəsində məhsuldarlığa nail olmaq üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilsə də təəssüf ki, hələ istənilən nəticə yoxdur. Çünki yerli istehsal xarici istehsalla müqayisədə baha başa gəlir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsində buna ciddi fikir verilməli, yerli istehsal ucuzlaşdırılmalıdır.

Yuxarıda qeyd etdim ki, gələn ilin büdcəsindən kənd təsərrüfatına ayrılacaq 1 milyard 202 milyon 100 min manat vəsaitin 52%-i, yəni 625 milyon 200 min manatı ölkədə bilavasitə ərzaq təhlükəsizliyi üçün xərclənəcək. Bu zaman işğaldan azad olunmuş ərazilərdən yeni torpaqları əkinə cəlb etmək əsas vəzifələrdən sayılır. Bu potensialdan geniş istifadə həqiqətən önəmlidir. Çünki orada böyük su ehtiyatları, əkin üçün yararlı münbit torpaqlar var. Həmin resursları dövriyyəyə cəlb etməklə buğda istehsalında böyük imkanlar əldə etmək mümkündür.

Bütün bunlar reallaşdırılarsa ərzaqlıq buğda sarıdan xaricdən asılılıq səviyyəsi 20%-dək enə bilər. Ümumiyyətlə, yerli istehsalın ucuz başa gəlməsinə nail olsaq, ərzaq təhlükəsizlyi məsələsinin təmini sahəsində istehlak bazarının xarici məhsullardan asılılığına getdikcə son qoya bilərik.

2023-cü ilə gəldikdə, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün tədbirlər məqsədilə 180 milyon manat vəsait hələ ki az deyil. Əsas odur, büdcədən ayrılan pul təyinatına uyğun xərclənsin.

Pərviz Heydərov

Həmçinin oxuyun

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

Bu mövsümdə Nərə balığının qiyməti iki dəfə bahalaşıb.Neftçala rayonundan Qaynarinfo-ya verilən məlumata görə, hazırda dünyada …