Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Hökumət nazirləri büdcə ilə istefaya göndərəcək…

Hökumət nazirləri büdcə ilə istefaya göndərəcək…

“Dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək istəyiriksə, nəticə əsaslı büdcəyə keçidi sürətləndirməliyik”. 

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. “Beynəlxalq təcrübə ölkələrin bu modelə keçidi zamanı bir sıra çətinliklərlə üzləşdiyini göstərir. Bunlara büdcə təşkilatlarının sayının çoxluğu, yeni modelin qavranması və əhəmiyyəti ilə bağlı icraçı məmurların məlumatsızlığı, geniş məlumat bazalarının emalına imkan verən informasiya sistemlərinin olmaması və ya bu sistemlərdən istifadə etmək səriştəsində boşluqlar və s. nümunə göstərilə bilər”,- deyə V. Gülməmmədov qeyd edib. 

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya “nəticə əsaslı büdcə” modelini izah edib və bu modeli müsbət qiymətləndirib. 

O, “Bu model müstəqil ekspertlər tərəfindən illərdir səsləndirilən yanaşmadır və nəhayət ki, rəsmi dövlət qurumlarından da bununla bağlı bir mövqe bildirildi. Nəticəyə hesablanan büdcə ayrılan vəsaitlərin iqtisadi pasportunun öncədən hazırlanmasıdır. Yəni zaman kəsimində hansı işlər yerinə yetiriləcək və hansı nəticələr əldə olunacağı bildirilir. Bir nümunədə bunu izah edək ki, oxuculara da aydın olsun. Bizdə 3 dəfə “Regionların inkişafı proqramı” qəbul olunub və büdcə vəsaitlərindən milyardlarla vəsait ayrılıb. Amma bu nəticəyə hesablanmış büdcə (nəticə əsaslı büdcə) zərfi olsaydı, bu ayrılmalardan öncə hədəflər qoyulmalı idi. Məsələn, regionların 1-ci inkişaf proqramından sonra regionların büdcənin formalaşmasında payı, Ümumi Daxili Məhsul (ÜDM) neçə faiz artacaq? Bunlar hədəf kimi qoyulmalıdır. Amma təəssüf ki, bu günə qədər ancaq vəsaitin ayrılması ilə bağlı qərarlar verilirdi. Bunun hansı nəticələr doğuracağı, hansı zaman kəsimində hansı irəliləyişlərə nail olunacağına yönəlik büdcə xərcləmələri ilə bağlı iqtisadi pasport çıxarılmırdı. Nəticə olaraq  3 proqramın qəbulundan bu günə qədər regionların nə büdcənin formalaşmasında payı, nə ÜDM-in səviyyəsi artıb. Hətta bəzən azalma müşahidə olunub. Bu, onu göstərir ki, qəbul olunmuş 3 proqram nəticə əsaslı büdcəyə hesablanmadığı üçün ayrılan vəsaitlər sadəcə regionlarda kiçik işlərə-mərkəzi küçələrin, parkların salınmasına, divarların çəkilməsinə və s. kimi iqtisadiyyatda ciddi nəticə əldə olunmayan məsələlərə sərf olunub. Əgər nəticəyə hesablanmış büdcə xərcləmələrinə keçiləcəksə, büdcədən vəsaitlər ayrılarkən onun nəticələri öncədən bəlli olmalı və elan edilməlidir”,– deyib. 

Ekspert hökumətin nəyə görə indiyə qədər bu modelə keçmədiyini belə izah edib:

“Çünki inkişaf etmiş ölkələrdə həmin layihələrə verilmiş zaman müddəti bitdikdən sonra nəticə əldə edilmirsə, hökumət və ya həmin layihəyə rəhbərlik edən məmur istefaya gedir. Məncə, məhz buna görə Azərbaycanda uzun illərdir nəticəyə hesablanmış büdcəyə keçmirdilər ki, bu, məsuliyyət hissi yaradacaq. Əgər indi keçəcəklərsə, lap yaxşı. Yəni məsuliyyət hissi yaranacaq. Əgər həmin nəticələr əldə edilməsə, o sahəyə rəhbərlik edən məmurlar, nazirlər ya cəzalandırılacaq, ya da siyasi məsuliyyət daşımalı olacaqlar”. 

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …