Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / “Hökumət panika yaranmasına imkan verməməlidir” – EKSPERT

“Hökumət panika yaranmasına imkan verməməlidir” – EKSPERT

Son illər neft bazarlarında əməkdaşlıq edən Səudiyyə Ərəbistanı ilə Rusiya arasında baş verən qarşıdurma nəticəsində neftin qiyməti kəskin şəkildə azalıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,31% azalaraq 1 barelə görə 33,36 dollar təşkil edib.

Bəs, neftin qiymətinin kəskin ucuzlaşması beynəlxalq və yerli iqtisadiyyata necə təsir edəcək edəcək? Azərbaycanı növbəti devalvasiya riski gözləyirmi? Mövzuya ekspertlərlə AYNA tutmağa çalışdıq.

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, neftin qiymətinin ucuzlaşması əvvəlcədən bəlli idi: “Dünən bildirmişdim ki, bu gün üçün neft bazarında “qara bazar ertəsi” ola bilər. Çünki 5-ci gün Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft sazişi baş tutmadı. 2016-cı ildən başlayaraq Rusiya ilə OPEC arasında hasilatın azaldılması və qiymətin sabit saxlanılmasına dair saziş var idi və o saziş nəticəsində Rusiya ilə OPEC arasında, ümumilikdə gündəlik 1,7 milyon barel hasilat azaldılmışdı. Koronavirus epidemiyası ortaya çıxandan sonra isə qlobal iqtisadiyyata təhlükələr yarandı. Səudiyyə Ərəbistan da Rusiyaya hasilatın 1,5 milyon barel azaldılmasını təklif elədi. Əgər OPEC və Rusiya arasında bu qərar qəbul olunsaydı, hasilat son 4 ildə 3,2 milyon barel azalmış olacaqdı. Amma Rusiya son anda bundan imtina elədi, hətta, nəinki imtina elədi, eyni zamanda gündəlik 1,5 milyon barel hasilatın azaldılmasından imtina etməklə yanaşı, aprel 1-dən hasilatın 1,7 milyon barel azaldılması sazişindən də geri çəkiləcəyini bildridi. Bu sazişin pozulması da bu gün üçün gözlənilən nəticəni ehtimal kimi ortaya atmışdı”.

“Amma burada önəmli olan məsələ prosesin nə qədər uzun çəkəcəyidir. 2009-ci ildə gördük ki, proses bir o qədər də uzun çəkmədi. 2009-cu ildə neftin qiyməti 31 dollara qədər ucuzlaşmışdı. Amma bir müddət sonra – 2011-ci ildə ABŞ nüvə sazişi ilə bağlı İrana qarşı sanksiyalar tətbiq etməyə başladı və nəticə etibarı ilə neft bazarında qiymətlər yenidən artmağa doğru getdi. Bundan əlavə, 2015-ci ildə də oxşar situasiya baş verdi. Lakin 2015-ci ildə 6 il əvvəlinin əksinə olaraq, ABŞ-la İran arasında saziş bərpa olundu. Yəni 2015-ci ildə də neftin qiyməti uzun müddət aşağı olmadı. Lakin belə bir situasiya ilə yenidən qarşılaşmışıq və 2020-ci ildə vəziyyətin necə olacağı haqqında fikir bildirmək mürəkkəbdir”, – müsahibimiz bildirib.

O, əlavə edib ki, 2018-ci ildə qlobal böhran var idi, amma bu böhran real sektora keçməmişdi: “Sadəcə maliyyə böhranı idi və qısa müddət ərzində hökumətlər maliyyə sektoru ilə qlobal böhranın qarşısını ala bildilər. Amma indiki situasiya çox fərqlidir, çünki qlobal iqtisadi böhran getdikcə dərinləşir. Koronavirusun zərbəsi nəticəsində “təcrid böhranı” yaranıb. Yəni ölkələr arasında əmtəə axınlarının zəifləməsi nəticəsində ciddi şəkildə qlobal böhran meydana gəlib. Ən təhlükəsi də odur ki, qlobal-iqtisadi və real sektor böhranının maliyyə sektoruna keçmək riski var”.

Ağayevin sözlərinə görə, iqtisadi böhran keçən ildən etibarən yaranmağa başlayıb: “Bu böhran, əslində keçən ildən başlamışdı. Belə ki, ABŞ-la Çin arasındakı ticarət müqaviləsi “təcrid böhranı” yaratmışdı. Bunun ardınca isə koronavirus təhlükəsinin ortaya çıxması ilə aparıcı ölkələrin iqtisadiyyatlarının təhlükə altında qalması qlobal böhranın dərinləşməsi riskini artırmışdı. Amma bu risk artmaqda davam edərsə və koronavirusun qarşısı qısa müddətdə alınmazsa və qlobal iqtisadi böhran həm də neft sektoruna keçərsə, neft sektorunun vəziyyəti çox ağır olacaq”.

Ekspert neftin ucuzlaşmasının devalvasiya risklərinə də toxunub: “Əlbəttə ki, neftin bu qiyməti Azərbaycan valyuta bazarında problem yaradır və valyuta tələb-təklifini kifayət qədər azaldır. Amma mən hökumətin 2015-ci ildəki böhrandan müəyyən qədər dərs çıxardığı qənaitəndəyəm. Düşünürəm ki, hökumət panika altında qərarlar verməyəcək. Çünki növbəti devalvasiya Azərbaycan iqtisadiyyatını tam çökdürə bilər. Çünki 2015-ci il devalvasiyasının təsirlərini hələ aradan qaldıra bilməmişik. Lakin bu proses uzun müddət davam etsə, devalvasiya qaçılmaz olacaq. Amma mən düşünürəm ki, yaxın bir həftə ərzində hökumət prosesləri izləməli və məsələyə daha ciddi, daha təmkinli yanaşmaldır. Hətta hesab edirəm ki, neft 40 dollar ətrafında sabitləşə də bilər. Ona görə də yaxın bir həftə ərzində hökumətin panikaya düşməyəcəyi və devalvasiya qərarı verməyəcəyi qənaətindəyəm. Çünki bu, ən doğru qərar olar. Əks halda, bu hadisə ciddi şəkildə iqtisadiyyat üçün problemlər yaradacaq”.

“Bir məqamı deyim ki, neftin qiyməti baha olan valyuta bazarında artıqlıq yaranır. Hökumət də o valyutanı yığır və ehtiyyatlarını artırır. Bu gün isə neftin qiymətinin düşdüyü bir vaxtda şübhəsiz ki, hökumət o ehtiyatların bir hissəsini xərcləməlidir. Çünki buna məcbur və məhkumdur. Həm də hökumət əhali ilə işləməli və panika yaranmasına imkan verməməlidir. Hətta ehtiyac olduğu təqdirdə, 2017-ci ildəki kimi neft fonudunun ehtiyatlarından Mərkəzi Banka valyuta transfer eləmək şərti ilə bazarı kifayət qədər doymuş vəziyyətə gətirməlidir”, – deyə R.Ağayev vurğulayıb.

Azərbaycanın keçmiş Maliyyə naziri Fikrtət Yusifov da neftin ucuzlaşmasına münasibət bildirib: “Qiymətlərin kəskin azalacağı ilə bağlı bir neçə ildir ki, dəfələrlə verdiyimiz proqnozlar bu gün özünü doğruldur. Cari ilin yanvar ayının əvvəli ilə müqayisədə neftin qiymətləri 54%-dən çox və ya 39 dollara qədər ucuzlaşıb. Çox təəssüf edirəm ki, 5 ilə yaxın vaxt ərzində ölkə Prezidentinin iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməklə bağlı qəbul etdiyi önəmli qərarlar yetərincə icra edilə bilmədi. Təbi ki, bu, icraçıların birbaşa məsuliyyəti və günahıdır”.

“2015-ci ilin sonlarından bu günə qədər Prezident real sektorun sürətli inkişafına yönəlmiş zəruri ola biləcəyindən də artıq addımlar atdı. Lakin icraçıların ləngliyi, təşəbbüskarlıqlarının yox səviyyəsində olması gözlənilən nəticələri əldə etməyə imkan vermədi. Elə bu səbəbdən də bu ilin yanvar ayında, ötən ilin yekunlarına həsr olunmuş müşavirədə, Prezident icraçılara “nə üçün qeyri-neft sektorunun inkişaf templəri bizim qəbul etdiyimiz qərarlara adekvat deyil” sualını ünvanladı. Bu sualın cavabı birdir – qərarların icrası yetərli olmadı. Ona görə də Prezident heç kimin gözləmədiyi qeyri-adi bir addım atıb, təşəbbüskar və islahatçı bir nazirin rəhbərliyinə ölkənin iqtisadiyyat, vergi və əmlak məsələlərinin idarəçiliyinə verdi”, – o qeyd edib.

“Bu gün nə etmək lazımdır? Bu gün ölkə iqtisadiyyatının real sektoruna daxili və xarici mənbələr hesabına investisiyaların həcminin dəfələrlə artırılmasına, xarici investisiyaların ölkəyə gəlməsini əngəlləyən bütün məqamların aradan qaldırılmasına, daxili və xarici investisiyaların ölkə iqtisadiyyatının real sektoruna yatırılmasına əngəl törədən məmurların ən sərt formada cəzalandırılmasına, Neft Fonduna son illər ərzində neft qiymətlərinin yüksək olması hesabına yığılmış 10 milyard dollara qədər vəsaitin ölkədə kiçik və orta biznesin inkişafına yönəldilməsinə, ölkədən kapital axınının səbəblərinin 10-cu mərtəbədən deyil, birinci mərtəbədən araşdırılmasına üz tutmaq lazımdır”,- deyə keçmiş nazir söyləyib.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …