Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Hökumət gizli iqtisadiyyatı nəzarətə götürür – ŞƏRH

Hökumət gizli iqtisadiyyatı nəzarətə götürür – ŞƏRH

 “Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb”. 

Bunu açıqlamasında vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu qrupa makro və mikro iqtisadçılar daxildir: 

“Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik”.

Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına “kölgədənçıxma” halları artmaqdadır: 

“Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə “kölgəyə çəkilməyə” üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır”.

Hazırda kölgə iqtisadiyyatının həcmini necə qiymətləndirmək olar?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, müstəqillik dövrünə nəzər yetirsək, görərik ki, son 2 ildə dinamika üzrə gizli iqtisadiyyatın ən aşağı səviyyəsi bu dövrə təsadüf edib: 

“Gizli iqtisadiyyat elementləri tək Azərbaycanda deyil, bütün dünya iqtisadiyyatında mövcuddur. İnkişaf etmiş ölkələr, eləcə də dünya iqtisadiyyatının flaqmanı ABŞ da bu bəladan əziyyət çəkir. Dövr inkişaf etdikcə, gizli iqtisadiyyat elementləri ilə mübarizə metodlarında da transformasiyalar gedir. Bu gün buna qarşı bir mexanizmlə mübarizə aparılırsa, 3 ildən sonra eyni metodla mübarizə aparmaq mümkün deyil. Yəni həmin mexanizm aktuallığın itirmiş olur. Hazırda kölgə iqtisadiyyatı ilə mübarizə apara biləcək qurumlardan biri Vergilər Nazirliyidir. Son dövrlər Vergilər Nazirliyinin siyasətində birbaşa kölgə iqtisadiyyatının həcminin azaldılmasına şərait yarada biləcək amillər var. Nəticənin effektivliyini müşahidə etmək üçün konkret zaman və məkan lazımdır. Müstəqillik dövrü ilə müqayisədə ən az dinamikanın bu dövrə təsadüf etdiyini görmək olar. Hesab edirəm ki, bir az da effektiv yanaşmalar olsa, kölgə iqtisadiyyatını tam olmasa da, maksimal şəkildə azaldılmasına nail olmaq olar”. 

Kölgə iqtisadiyyatının faizinin yüksək olmasının əsas səbəblərindən biri çirkli pulların yuyulmasıdır. 

Maraqlıdır, bu mexanizmi aradan qaldırmaqla kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatındakı payını aşağı salmaq olarmı?

Ekspert hesab edir ki, kölgə iqtisadiyyatının faizinin yüksək olmasının əsas səbəbi çirkli pulların yuyulması deyil. O hesab edir ki, bu, tarixi bir yanaşmadır: 

“Artıq gizli iqtisadiyyatın özü də iqtisadi nəzəriyyənin hansısa bir bölməsinə çevrilib. Əgər çirkli pul elementləri varsa, burada transmilli şirkətlərin də payı var, eləcə də burada mikro iqtisadi göstəricilər də var. Tutaq ki, hansısa şirkət işçisi ilə əmək müqaviləsi bağlamır. Bu halda, şirkət sosial müdafiə və digər ödəmələri etməkdən yayınır. Bu, avtomatik olaraq gizli iqtisadiyyatın elementinə çevrilir. Əlbəttə, bütün rəsmi vəsaitlər iqtisadi dövriyyəyə cəlb edildikdə makroiqtisadi tarazlıq bərqərar olur, şəffaflıq təmin olur. Eyni zamanda bazar münasibətlərindəki iştirakçılar gələcəyini şəffaf şəkildə qurmuş olur. Bu nöqteyi-nəzərdən daha çox maarifləndirici işlərlə, stimullaşdırıcı proqramlarla, eləcə də Vergilər Nazirliyinin apardığı siyasətlə (bonuslar təklif etməklə və.s) prosesi elə qurmaq olar ki, kölgə iqtisadiyyatı aktuallığını itirsin. Yəni gizli iqtisadiyyat bazar iştirakçısı üçün maraqlı olmamalıdır. Bazar iştirakçısı düşünməməlidir ki, bu gün vergidən yayınmaqla nəsə əldə etmiş olur. Əksinə, o maraqlı olar ki, vergi ödəməklə bonus əldə edəcək. Bu gün vətəndaşlara mağazalarda alış-veriş etdikcə, plastik kartına bonuslar yığılır. Bir müddət sonra artan bonusları dəyərləndirə bilirlər. Yanaşma bu cür metodlarla olmalıdır ki, kölgə iqtisadiyyatı aktuallığını itirsin”.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …