“Rəsmi məlumata görə, bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Bu məqsəd üçün 374 milyon manat ayrılıb. Belə çıxır ki, Prezident təqaüdü alan insanlara ortalama ayda 142 manat 85 qəpik ödənilib?!”
Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
“Bəyəm, bizdə Prezident təqaüdü bu qədər azdır, ya DSMF yenə rəqəmləri səhv salıb?!
Məlumatda deyilir ki, 462 min nəfərə sosial müavinət ödənilib, bunun üçün 578 milyon manat ayrılıb. Yəni, hər ay adambaşı 178 manat düşür. Ölkədə yaşayış minimumu 246 manatdır, dövlət hansı hesablama ilə 178 manat verir?!
Rəsmi rəqəmlər deyir ki, ölkədə 462 min sosial müavinət alan var, 1,3 milyon təqaüdçüdən 900 min nəfəri minimum təqaüdə yaxın, yəni 300 manat civarında pensiya alır, məmləkətdə median maaşı 405 manat civarındadır. Hökumət isə deyir ki, bizdə əhalinin cəmi 5%-i yoxsuldur. Yəni, əhalinin faiz nisbətinə görə Almaniyadan 2 dəfə, ABŞ-dan isə 4 dəfə az kasıb var”, – N. Cəfərli qeyd edib.
