Ana səhifə / İqtisadiyyat / Hacıbabanın Almaniyadakı restoranı… – Reportaj

Hacıbabanın Almaniyadakı restoranı… – Reportaj

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Borussiya” ilə qarşılaşmasını izləmək üçün klubun Almaniyaya apardığı jurnalistlər sırasında “Qafqazinfo”nun təmsilçisi kimi mən də var idim.

Avtobusla yollandığımız Qəbələdən təyyarə ilə Dortmund Beynəlxalq Hava limanına gedəcəkdik. Əvvəlcə yoxlanışdan biz, daha sonra futbolçular keçdi. Əslində əhval-ruhiyyə heç də pis deyildi. Futbolçular bir yerdə deyib gülür, xoş görünürdülər. Hava gəmisi buludlardan yuxarılara qalxıb Dortmunda yollandı. 4 saat 40 dəqiqəlik uzun bir yolu oynadığımız oyunlarla və xüsusən ATV-nin əməkdaşı İlkin Xəlilovun zarafatları ilə maraqlı keçirdik. Hava limanına enəndən sonra temperaturun şimala daha yaxın olmasına baxmayaraq, daha isti olduğunu hiss etdik. Yoxlanışdan keçdikdən sonra bizi gözləyən avtobusla Dortmunddan 35 km aralıda yerləşən Hagen şəhərinə yollandıq. “Mercure” oteldən məskunlaşdıqdan sonra ilk işimiz almanların yeməyini dadmaq oldu. Həmkarlarımızı “mö” deyib alman ofisianta sifariş etdiyi yeməkdəki qanlı ət elə qanımızı da qaraltdı. “Deyəsən yeməyə heç nə tapmayacağıq” fikri ilə menyuya baxa-baxa alman pivəsinin ləzzətini daddıq. Dünyanın ən gözəl pivəsi almanlarındır fikrinin nə qədər real olduğuna şahid olmaq gözəl hiss idi.

Hagen şəhəri balaca olsa da, dünyanın müxtəlif ölkələrindən burada yaşayanlar var. 200 minlik əhalinin ən azı 30 faizini başqa millətlər təşkil edir. Satıcıların çoxu isə türklərdir. Elə ilk rast gəldiyimiz satıcı da türk idi. Axşam saat 8-dən sonra insan tapmağın çətin olduğu şəhərdə yalnız 1-2 “Kiosk” açıq idi ki, burada da türklərə rast gəlib məlumat aldıq. İlk günümüzün ən maraqlı söhbəti isə Cəmillə oldu. 7 ildir ki, Almaniyada yaşayan qardaş ölkədən olan Cəmil bizə şəhər haqqında maraqlı məlumatlar verdi. Ən diqqətçəkən məqam isə “Hacıbaba” ilə bağlı idi.

Cəmilin verdiyi məlumata görə “Hacıbaba” Hagenin ən məşhur restoranıdır. Həmin restoranın sahibi isə Naxçıvandan olan Hacıbaba adlı şəxsdir. Elə türk qardaşımız da əvvəllər bu restoranda işləyib. Sonradan isə özü üçün “dönərxana” açıb və orada işləyir. Pivə içmək üçün kafe axtardığımızı bilən Cəmil bizə Hacıbabanın yanına getməyi məsləhət gördü. Onun sözlərinə görə Hagendə bütün yollar “Hacıbaba”dan keçir. Cəmil “bizim deyəsən bütün yollarımız naxçıvanlılarla kəsişir” zarafatımıza da xeyli güldü.

Biz isə gec olduğuna görə “Hacıbaba ilə sonra görüşərik” deyib otelə qayıtdıq.

Səhər isə tezdən Almaniyanın ən gözəl şəhərlərindən sayılan Kölnə yollandıq. Bu möhtəşəm şəhərin dəmiryol vağzalından çıxarkən “Kölner Dom” adı ilə məhşur olan möhtəşəm kilsə diqqətimizi çəkdi. Avropanın ən böyük kilsələrindən birinin əzəmətli görüntüsü adamı heyrətə gətirirdi. Köln elə bir şəhərdir ki, keçmişlə gələcəyin sintezi burada möhtəşəm vəhdət təşkil edir. Ucu-bucağı bilinməyən şəhər meydanında isə nə istəsən, tapa bilərsən. Həddən artıq səs-küylü bu möhtəşəm şəhərə heyran olmamaq mümkün deyildi. Geyim və siqaretin baha olduğu Almaniyada pivə elə əsl “su qiyməti”ndə idi. Kölndən Hagenə qayıtdığımız zaman kilsənin yanında insanların çoxluğu diqqətimizi çəkdi. Maraqlandıqda isə Maddonanın bu şəhərdə oldğunu və camaatın ona tamaş etdiyini bildirdilər. Beləliklə, 44 avroya aldığımız 1 günlük qatar bileti ilə yenidən Hagenə qayıtdıq. Bu dəfə səfərimiz isə bütün dünyanın diqqət mərkəzində olan möhtəşəm “Siqnal Iduna Park” və ya başqa adı ilə “Westfalenstadion”a idi. Kənardan o qədər də nəhəng görünməyən arenanın içinə girdikdə boş tribunalar önündə belə adamı vahimə basır. 83 min nəfərlik tutuma malik “sarı-qara”lı stadionun möhtəşəməliyi növbəti gün baş tutacaq oyunun nə qədər çətin olacağının sübutu idi. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransından sonra qaldığımız otelə döndük. Həsrətlə növbəti gün Dortmund şəhərini gəzməyi və oyunun başlamasının gözləyirdik.

Səhər yeməyindən sonra 3 həmkarımla birlikdə 22 avroya bilet aldıq və səfərimiz yenicə qurulmuş, daha çox sənaye şəhəri kimi tanınan Dortmunda idi. Stansiyada işləyən türk “abi”dən yolu soruşduqdan sonra elə onunla birlikdə yol aldıq “Qəbələ”nin meydana çıxacağı şəhərə. Oyun üçün ora gəldiyimizi bilən türk qardaşımız “biletiniz varsa, qatarla pulsuz gəzə bilərsiz” dedikdə boş yerə 22 avronu itirdiyimizi anladıq. Amma görmək istədiklərimizin yanında heç də təəssüf hissi keçirmədik. Dörd günlük səfər zamanı diqqətimizdən suriyalı mühacirlərin dilənməsi də yayınmadı. Hətta onlardan biri də mənə yaxınlaşıb siqaret istədi. Almanları ən çox narahat edən isə suriyalı mühacirlərin gəlişindən sonra ölkədə oğurluq hallarının artması idi. Bizə də xəbərdarlıq etdilər ki, qatarlarda suriyalılar cibgirlərdən ehtiyatlı olun.

Dortmund o qədər də böyük şəhər deyil. Elə Bakının “Tarqovı”sını xatırladan küçələrlə addımlayarkən bu sakit şəhərə tamaşa etmək maraqlı idi. Bir az gəzdikdən sonra artıq biz stadionda nələrin gözlədiyini təsəvvür etmək çətin deyildi. Bütün şəhər “sarı-qaralı” formaya bürünmüşdü. Hər kəs həyəcanla oyunu gözləyirdi. Almaniyada son görəcəyimi yer olan “Siqnal İduna Park”a qatarla yollandıq. Oyuna 2 saat qalmasına baxmayaraq stadionun ətrafında minlərlə adam vardı. Klubun fan-şopuna girmək isə çox qəliz məsələdir. Xüsusən də oyundan öncə. Dünyanın müxtəlif ölkələrindən minlərlə insan “Borussiya”nın köynəklərini və müxtəlif süvenirlərini almaq üçün bura toplaşmışdı.

Oyuna 40 dəqiqə qalmış stadiona girdikdə isə ab-hava sadəcə mükəmməl idi. Azarkeşlər yerini tutmuş və indidən komandanı dəstkləməyə başlamışdılar. 90 dəqiqə ərzində bir dəqiqə olsun belə susmayan fanatların yaratdığı ab-havaya yəqin ki, başqa ölkələrdə nadir hallarda rast gəlmək olar. Gözlədiyimiz kimi, dortmundlular “Qəbələ”ni məğlub etdilər. Hesabın 4:0 olmasının da əhəmiyyəti yox idi. Onsuz da hər kəs əvvəlcədən bu matçda heç-heçənin belə möcüzə olacağını gözləyirdi. Madrid “Real”ını ən güclü vaxtlarda belə burada 4:1 hesabı ilə udan “Borussiya”nın yeni-yeni uğurlar qazanmağa başlayan “Qəbələ”dən açıq-aşkar üstün olması da təəcüblü deyildi. Elə matçdan sonra ukraynalı çalışdırıcı Roman Qriqorçuk da çəkinmədən bunu etiraf etdi. Beləcə “Qəbələ”nin növbəti mərhələ ümidləri böyük ölçüdə bitdi. Cüzi şans qalır və Krasnodarla, PAOK-la mübarizədə bundan istifadə etmək çox çətin görünür.

Noyabrın 6-da isə artıq Almaniya ilə vidalaşmaq zamanı idi. Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim “Hacıbaba” restoranına da baş çəkdik, Hacıbaba müəllimi görə bilməsək də, restoranın həqiqətən gözəl olduğunun şahidi olduq. Möhtəşəm xatirələrlə yadda qalan bu ölkədən ayrılmaq heç də asan deyildi. Amma Bakı vaxtilə saat 13:00-da Dortmund Hava limanından bizi Azərbaycana gətirəcək gəmi yola düşdü. Beləliklə “Qəbələ” klubu ilə getdiyimiz bu möhtəşəm səfər arxada qalsa da, xatirələri uzun müddət unudulmayacaq.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın