Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Həftəsonu qadağaları biznesə zərər vuracaq – ŞƏRH

Həftəsonu qadağaları biznesə zərər vuracaq – ŞƏRH

Azərbaycanda koronavirus infeksiyasının yayılma sürətinin artması hökumətin karantin tədbirlərini sərtləşdirməsinə səbəb olub. Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkətini, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.

Qərarla məhdud sayda yerlərdə işin davam etdirilməsinə icazə verilir. Əvvəlki dövrdən fərqli olaraq həftəsonu qadağaları aptek və ərzaq mağazalarını da əhatə edir. Belə ki, fəaliyyətinə qadağa qoyulan sahələr arasında ərzaq mağazaları və apteklər də var –  fəaliyyətinə icazə verilən sahələr sırasında bu iki sahənin adı qeyd olunmayıb. Xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyətinə icazə verilir. Tibbi yardıma ehtiyacı olan sakinlər 103 xidmətindən istifadə edə bilərlər.

Göründüyü kimi, iki sutka ərzində ölkə iqtisadiyyatının 95 faizdən yuxarısının cəmləşdiyi ərazidə demək olar ki, bütün sahələr üzrə fəaliyyətlər dayandırılacaq. Bu isə nəinki qadağanın qüvvədə olduğu ərazidə, bütün ölkə boyu iqtisadiyyata – sahibkar və fermerlərə zərər vuracaq. Belə ki, hazırda ölkədə tez xarab olan giləmeyvələrin yığımı və satışı dövrüdür. Azərbaycanda ailə təsərrüfatları bazarlığı adətən qeyri-iş günləri olan şənbə-bazara salırlar. Hələ sovet dövründən formalaşan bu adətə uyğun olaraq rayonlardan Bakı, Sumqayıt və böyük şəhərlərə əsas meyvə-tərəvəz tədarükü məhz bu günlərdə həyata keçirilir. Həmin günlərdə pərakəndə satış mərkəzlərinin fəaliyyətinin qadağan olunması o deməkdir ki, artıq rayonlardan tədarük də aparılmayacaq. Bu isə fermerlərin məhsulunin zay olmasına gətirib çıxaracaq.

Digər tərəfdən, ərzaq mağazalarının, topdansatış bazalarının da bağlı olması stokda qalan meyvə və giləmeyvələrin, bəzi tərəvəzlərin, həmçinin istifadə müddəti bitmək üzrə olan digər məhsulların zay olmasına və sahibkarların ziyana düşməsinə səbəb olacaq. Bu fəaliyyət sahələrində, ümumiyyətlə, ticarət və istehsal sektorunda işin dayanması həm də satış dövriyyəsinin azalması ilə sahibkarların zərər çəkməsini şərtləndirəcək.

Bundan əlavə, qadağa müddətində tədarüklərin fasiləsizliyinin pozulması ölkənin ən çox əhalisi olan şəhərlərinin məhsulla təchizat zəncirində qırılmalara, bu isə bazarlarda qıtlığa və qiymət artımına səbəb ola bilər.

ASAN Radio

Operativ Qərargah və Nazirlər Kabinetinin karantin tədbirlərini sərtləşdirmək qərarı, əlbəttə, əhalinin sağlamlığının qorunması baxımından zəruri və məcburi bir addımdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, hökumətin bu addıma gedərkən sahibklarla dəyən zərərin kompensasiya olunması amilini də nəzərə alması gərəkir. Sərt karantin tədbirlərinin qüvvədə olduğu 18 mart-20 aprel tarixlərindəki məhdudiyyətlərə görə dövlət tərəfindən sahibkarlara yönəlik xüsusi dəstək proqramları hazırlanaraq həyata keçirildi.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, indiki halda da iqtisadiyyatın dəstəklənməsi üçün tədbirlər həyata keçirməlidir: “Bu qərarın nə qədər məntiqəuyğun olması bir ayrı mövzudur. Çünki ticarət müəssisələri, kafe-restoranlar yenicə açılmışdı. Bu açılımların hansı nəticəyə gətirəcəyi əvvəlcədən hesablanmalı, modelləşdirilməli, nəticələrin ölkənin imkanları ilə nə qədər uzlaşağı müəyyənləşdirilməliydi. İndiki qərar göstərir ki, belə modelləşmə, hesablamalar aparılmayıb. Bütün dünyada hökumətlər əllərindəki imkanlarla yarana biləcək vəziyyəti əvvəlcədən qiymətləndirir, alimlərin, həkimlərin, sosioloqların rəylərini nəzərə alaraq açılım qərarları verirlər. Azərbaycanda yoluxmanın belə kəskin artması göstərir ki, Azərbaycanda belə hesablama aparılmayıb. Buna görə isə qərarların qəbulunu həyata keçirən qurumlar məsuliyyət daşıyır. Düşünürəm ki, indiki qərarlar yanlışdır. Çünki dünya təcrübəsi də göstərir ki, belə qadağalardan sonra daha böyük qələbəlik yaşanır və yoluxma daha da artır”.

Natiq Cəfərli: “Birjalar və bazarlar hazırda gözlənti halındadırlar”

İqtisadçı-ekspert Natiq Cəfərli

Sahibkarlara dəstək verilməsinə gəlincə, ekspert bunu zəruri sayır: “Ümumiyyətlə, dünyada hökumətlər iki dəstək proqramı qəbul edirlər: birincisi, məhdudiyyətlərə görə iqtisadiyyata dəyən zərərin qismən kompensasiya edilməsi, sahibkarların, əhalinin dəstəklənməsi üçün, ikincisi isə pandemiyanın yaratdığı böhrandan sonra iqtisadiyyatın yenidən bərpası üçün. Azərbaycanda birinci mərhələ üzrə pis-yaxşı tədbirlər paketi qəbul olundu, icra edildi. Amma iqtisadiyyatın yenidən işə düşməsini təmin edəcək ikinci paketdən, ümumiyyətlə, söhbət getmir. Vətəndaşın və biznesin fəaliyyətinə qadağa qoyulursa, bunun məsuliyyəti bu təbəqələrdə deyil. Dövlət belə qərar qəbul edirsə, dəyən maddi ziyanla bağlı kompensasiya da ödəməlidir. Bu baxımdan, bizdə iki məsələ açıq qalır: həftəsonu qadağalarına görə biznesə dəstək verilməsi və iqtisadiyyatın çarxlarının yenidən dönməsi üçün tədbirlər həyata keçirilməsi. Dünya təcrübəsi göstərir ki, iqtisadi aktivliyin bərpa olunması üçün dövlətin uzunmüddətli və böyük dəstəyini nəzərdə tutan proqramların həyata keçirilməsi zərurətdir. Azərbaycanda da ən azı ilin sonunadək belə proqramlar hazırlanıb icrasına başlanmasa, həm vətəndaşın, həm biznesin vəziyyəti getdikcə ağırlaşacaq. Bu isə ümumilikdə ölkədə sosial vəziyyətin pisləşməsinə gətirib çıxaracaq. Əslində hökumət biznesə dəstək verməklə özünə və vətəndaşlara dəstək vermiş olur: biznesin fəaliyyətinin bərpası büdcəyə ödəmələrin artması, eyni zamanda əhalinin gəlirlərinin bərpası deməkdir. Buna görə bir çox ölkələrdə dövlət birbaşa əhaliyə pul payladı. Bunu elə-belə etmirlər, bilirlər ki, əhalidə pulun olması istehlakın artması, istehlakın artması isə iqtisadi aktivliyin bərpa olunması deməkdir. Bu gün Azərbaycanda özəl sektorda 700 minə yaxın insan çalışır. Biznesə dəstək verilməsə, bu qədər insanın gəlirinin azalması istehlakın azalması deməkdir. Təəssüf ki, Azərbaycan hökuməti hələ iqtisadiyyatın bərpası ilə bağlı hansısa proqram hazırlamayıb”. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …