Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Gürcüstan – Burcanadzenin üzərində yeni “məxməri inqilab” planı görünür…

Gürcüstan – Burcanadzenin üzərində yeni “məxməri inqilab” planı görünür…

Qafqaz uğrunda gedən geosiyasi rəqabətin son dövrlərdə kəskin xarakter aldığı daha aydın şəkildə müşahidə olunmaqdadır. Belə görünür ki, Moskva bölgəni Qərbə güzəştə getmək niyyətində deyil. Qərb isə regionun Rusiyanın təsir dairəsindən çıxması üçün fəaliyyətini genişləndirir. Hazırda tərəflərin əsas çəkişməsi Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan Gürcüstanda özünü göstərir.
Bilindiyi kimi, Kreml burada işğal olunmuş ərazilərdə hərbi qüvvələrinin sayını artırır. Eyni zamanda, Moskva Rusiyameylli hakimiyyətin qurulmasında da fəaliyyət dairəsini genişləndirir. Belə görünür ki, Rusiya artıq Gürcüstan dövlətinin başında görmək istədiyi şəxsi də müəyyənləşdirib.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Tiflisdə Rusiyanın yeni işğalçı siyasəti barədə artıq həyəcan təbili çalınır. Gürcüstanin ədliyyə naziri Teya Tsulukiani bildirir ki, Rusiyanın bütün fəaliyyəti Gürcüstanın Avropaya inteqrasiyasına mane olmağa yönəlib. Onun sözlərinə görə, hazırkı dövrdə Gürcüstanı Avropaya inteqrasiyadan geri döndərmək mümkün deyil: “Gürcüstanın işğalı davam edir. İşğalın məqsədi bizim Avropa haqqında düşünməyimizə mane olmaqdır. Bu artıq mümkünsüzdür. Biz öz qərarımızı vermişik”. Amma Moskvanın bütün bunlara qarşı əks gedişləri var. Kreml Gürcüstanın eks-spikeri Nino Burcanadze vasitəsilə Tiflisdə siyasi prosesləri də öz nəzarətində saxlamağa çalışır. Bu arada isə sabiq spiker bu günlərdə yenidən Moskvaya səfər edəcəyəni açıqlayıb. Nino Burcanadzenin sözlərinə görə, Rusiyaya edəcəyi səfərlər bundan sonra daha da artacaq: “Bu səfərlər 2016-cı il Gürcüstanda keçiriləcək parlament seçkisinə qədər və ondan sonra da çoxalacaq. Bizim siyasətçilərin işləməli olduğu istiqamətlərdən biri Rusiyadır. Burada daha çox problemimiz mövcuddur. Mən hakimiyyətə gəlsəm, Gürcüstan üçün həyati əhəmiyyətli Gürcüstan-Rusiya münasibətlərinin həllinə başlayacam. Təəssüf ki, Tiflis Rusiya ilə danışıqlara başlamaq istəmir. Mən Moskvadan qayıtdıqdan sonra onlar hələ də mənimlə görüşmürlər. Onlara Rusiyanın danışıqlara başlamağa hazır olması ilə bağlı informasiya verəcəkdim”. Qeyd edək ki, Burcanadze ötən ay da Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Burcanadze həmin səfəri zamanı Krımın Rusiya torpaqları olduğunu bəyan etmişdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə bildirir ki, hər dəfə Burcanadze Moskvaya səfər edəndən sonra Gürcüstanda dəhşətli şeylər baş verir. Onun sözlərinə görə, Gürcüstana Rusiyanın təsiri artır”:Mən təkcə sərfəli işğaldan bəhs etmirəm. Bizim əvvəllər heç eşitmədiyimiz və görmədiyimiz qeyri-hökumət təşkilatları və insanlar yağışdan sonra göbələk kimi ortaya çıxıb. Onlar televiziyalara müsahibələr verir, ekspert olur və çox yüksək maaşlar alırlar. Gürcüstanda rəsmi şəkildə Rusiyayönlü partiyalar mövcuddur. Məhz Burcanadzenin Moskvadan qayıtmasından sonra Cənubi Osetiya sərhədləri dəyişdi. Bizim ölkədə artıq bir neçə kütləvi informasiya vasitəsi də Rusiyanın təsiri altındadır”. Tinatin Xidaşeli vurğulayır ki, Qərb ictimaiyyətinin və NATO-nun fəal dəstəyi olmasa, Gürcüstan bir dövlət kimi yox ola bilər. Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi NATO-ya üzvlük üçün ölkəyə ən yaxın sammitdə “yol xəritəsi” verilməsində təkid edir:

“Ölkə nəhəng çağırışlar qarşısında durub, Rusiya təcavüzü həm Ukraynada, həm də işğal altındakı Abxaziya və Cənubi Osetiyada gündən-günə güclənir”. NATO isə, bu çağırışlara cavab olaraq, hələlik Tiflis yaxınlığında – Krtsanisi milli təlim-məşq mərkəzinin ərazisində NATO-nun təlim-tədris bazasını açıb. Gürcüstanın NATO-ya üzv olmağa səy göstərməsi haqda tədbirlər paketi 2014-cü il sentyabrın 4-5-də NATO-nun Uelsdə keçirilən sammitində qəbul olunub. Mərkəzin açılması ilə bağlı sənəd tədbirlər paketinə daxildir. Həmin sənədə əsasən, mərkəz alyans və NATO-nun müttəfiq dövlətləri hərbçilərinin təlim keçməsi üçün nəzərdə tutulub. Amma Rusiyanı dayandırmaq üçün bu kifayət etmir. Moskva həm hərbi, həm də siyasi müstəvidə Gürcüstana təsirlərini artırmaqdadır. Hazırda əsas diqqət gələn il keçiriləcək parlament seçkilərinə yönəlib. Qərb burada sabiq prezident Mixeil Saakaşvilinin rəhbəri olduğu siyasi qüvvələrin yenidən təşəbbüsü ələ almasını istəyir. Belə olarsa, Gürcüstanın 11 müxalifət partiyası 2016-cı ilin oktyabrında keçiriləcək parlament seçkisində iştirak etməyəcək. Bunu Gürcüstanın Demokratik Hərəkat Partiyasının liderlərindən olan Georgi Axvlediani də təsdiq edib. Onun sözlərinə görə, bu qərarın qəbul olunmasına əsas səbəb indiki hökumətin hələ də seçki sistemində dəyişiklik etməməsidir”:Gürcü Arzusu” Partiyası hələ bu sözü Saakaşvili prezident olan zaman vermişdi. Onlar majoritar seçki sistemini dəyişib, seçki komissiyalarındakı kvotanı ləğv edəcəklərini bildirmişdilər. Lakin “Gürcü Arzusu” Partiyası heç bir islahat aparmadı”.
Seçkidən imtina edən 11 partiyanın heç biri 2012-ci ildə keçirilən seçkilərdə 5%-lik baryeri aşa bilməyib. Demokratik Hərəkat Partiyasının rəhbəri Nino Burcanadzedir. Hazırda Rusiya məhz ona yaxın olan partiyaların hakimiyyətə gəlməsi istiqamətində fəaliyyətini genişləndirir.

Nahid SALAYEV

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın