Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Gülnarə Kərimovanın daha 6 adamı həbs olundu, ABŞ da “düyməyə basdı” – FOTO

Gülnarə Kərimovanın daha 6 adamı həbs olundu, ABŞ da “düyməyə basdı” – FOTO

Özbəkistanda prezident İslam Kərimovun yaxın ətrafından daha 6 nəfər xüsusi xidmət orqanları tərəfindən həbs edilib.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun özbək xidməti məlumat yayıb.
Gülnarə Kərimova ötən ilin fevralından Daşkənddə ev dustağıdır və onun heç kimlə əlaqə saxlamasına imkan verilmir.
Xəbərə əsasən həbs edilən şəxslər arasında “Coca-Cola” şirkətinin Özbəkistan filialının keçmiş baş meneceri və Kərimovanın keçmiş maliyyə müşaviri də yer alır.
2014-cü ilin əvvəllərində Gülnarə Kərimovanın “boy-frendi” Rüstəm Madumarov və prezidentin qızının biznesini idarə edən Qayane Avakyan da daxil olmaqla onun bir qrup adamı həbs olunmuşdu.
Lakin Daşkənddəki son həbslər barədə məlumat bir qədər dolaşıq vəziyyət yaradır. Çünki bu yaxınlarda Gülnarə Kərimovanı həbs edən və döyən xüsusi xidmət zabitləri, o cümlədən prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Hayot Şərifxocayev cəzalandırılmışdı. Onların bəzilərini həbs ediblər, bir neçəsini işdən çıxarıblar və mülklərini buldozerlərlə dağıdıblar.
Müşahidəçilər hesab edirdilər ki, prezident İslam Kərimov onun bir vaxtlar sevimli varisi hesab olunan qızına qarşı həddən artıq qəddarlıq edən məmurları cəzalandırmaq qərarına gəlib.
Bir çoxları isə Gülnarə Kərimovanın ev dustaqlığından azad oluna biləcəyini təxmin edirdi. Ancaq son həbslər Özbəkistan xüsusi xidmət orqanlarının Gülnarə ilə barışmaq niyyətində olmadığını göstərir.
Orta Asiya mənbələrinin digər məlumatında deyilir ki, 2012-ci ildə Gülnarə Kərimova tərəfindən açılan “City Makon” ticarət-əyləncə mərkəzi hərraca çıxarılır. Kompleksin dəyəri 4 milyon dollara yaxındır. Mərkəz 2013-cü ildə Gülnarə Kərimovanın digər kommersiya obyektləri ilə birlikdə bağlanmışdı.
G.Kərimovaya qarşı təqiblər təkcə Özbəkistan xüsusi xidmətləri tərəfindən aparılmır. ABŞ hakimiyyəti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Şəbəkəsi OCCRP-in apardığı jurnalist təhqiqatının nəticələrinə əsasən Avropa ölkələrində  Gülnarə Kərimovanın benefisiarlarının 1 milyard dollarlıq bank hesablarına və prezidentin qızının Cenevrədəki villasına həbs qoyulması üçün tələb göndərib.
Söhbət İsveçin telekommunikasiya şirkəti “TeliaSonera” ilə Özbəkistan prezidentinin qızı arasında korrupsiya sövdələşməsinə dair araşdırmadan gedir.
“The Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ hakimiyyəti 5 Avropa ölkəsində G.Kərimovaya bağlı “Takilant LTD” şirkətinin hesablarında olan 640 milyon dolların həbsinə sanksiya verib.
Ötən ay isə G.Kərimovanın 300 milyon dollara yaxın puluna həbs qoyulub. ABŞ Ədliyyə Nazirliyi Cenevrə gölü sahilində yerləşən və Gülnarə Kərimovaya məxsus olduğu bildirilən villaya da həbs qoyulmasını istəyir.
Qəzet məsələ ilə bağlı G.Kərimovanın vəkili Qreqor Manjadan şərh almaq istəyib. Lakin vəkil bildirib ki, bu günə qədər müdafiə etdiyi şəxslə görüşə bilməyib və Özbəkistan hakimiyyəti onun G.Kərimova ilə görüşmək üçün etdiyi müraciətlərə cavab vermir.

 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın