Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / Gorus-Qafan yolunun Azərbaycan iqtisadiyyatına faydası nə ola bilər? – ŞƏRH

Gorus-Qafan yolunun Azərbaycan iqtisadiyyatına faydası nə ola bilər? – ŞƏRH

“Cənubi Qafqaz həssas bölgədir və orada davamlı sülhün və dayanıqlı iqtisadiyatın formalaşması üçün kommunikasiyaların bərpası, xüsusən də paralel bərpası çox vacibdir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Gorus-Qafan yolunun Azərbaycan iqtisadiyyatına faydalarından danışarkən  deyib. Onun sözlərinə gərə, Gorus-Qafan yolu xüsusən də keçmiş SSRİ dövründə regionda daha çox istifadə olunan nəqliyyat layihələrindən biri olub:

“Bu, sərnişin yükdaşımalarında regional olaraq xüsusi paya malik olub. Bu baxımdan yolun istifadəyə verilməsi və açılması təbii ki, regionda kommunikasiyaların bərpası baxımından vacibdir. Çünki kommunikasiyaların bərpası həm də bütövlükdə regiona daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda iqtisadi əlaqələrin güclənməsi və xüsusən də region üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək. Digər tərəfdən nəzərə alaq ki, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Şərq-Qərb nəqliyyat dəhlizinin məhz həmin ərazi və region üzrə genişləndirilməsi müşahidə olunacaq. Bu da region üzərindən daşınan yüklərin həcmini artmasına imkan verəcək və daha çox yüklərin Cənibi Qafqaz üzərindən Asiya və Avropaya daşınmasına zəmin yaradacaq”.
Deputat Azərbaycanın kommunikasıyaların paralel bərpasında maraqlı olduğunu vurğulayıb:
“Azərbaycan bütövlükdə regionda davamlı iqtisadi inkişaf, eyni zamanda dayanıqlı sülh üçün bu istiqamətdə əməkdaşlığı nümayiş etdirib. Eyni zamanda, xüsusən də 44 günlük savaşdakı zəfərimizdən sonra regionda formalaşmış reallıq ondan ibarətdir ki, region ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması və sülh müqaviləsi ilə yeni kommunikasiyaların açılması fonunda əməkdaşlıq mərhələsinə qədəm qoyur. Düşünürəm ki, aparıcı ölkələr, Avropa Birliyi, eləcə də ABŞ bu istiqamətdə regional fəaliyyətini daha da gücləndirməlidir. Çünki regionun inkişafı birmənalı şəkildə kommunikasiyaların paralel bərpasından keçir”.   

Həmçinin oxuyun

Manatla krediti olanların nəzərinə – FƏRMAN

Sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyaların verilməsinin müddəti uzadılıb. Bu, …