Şənbə , Mart 23 2019
Ana səhifə / İqtisadiyyat / Görünməmiş hadisə: bayram yaxınlaşır, amma bahalaşma yoxdur

Görünməmiş hadisə: bayram yaxınlaşır, amma bahalaşma yoxdur

Deyəsən bu ilki Novruz Bakıda son illərdə ilk dəfə bayram ərzaqlarının və çərəzlərinin qiymətlərinin artması ilə müşaiyət olunmayacaq. Əməkdaşlarımız Bakıda açılan bayram yarmarkalarındakı və bazarlardakı qiymətləri müqayisə ediblər. Məlum olub ki, yarmarkalarda doğrudan da nisbi ucuzluqdur, hətta ötən ilki Novruzla müqayisə də qiymətlər aşağıdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə ötən həftənin sonundan Bakıda bayram yarmarkaları fəaliyyətə başlayıb.Üstəlik metro stansiyalarının yaxınlığında da çadırlar quraşdırılaraq Novruzda süfrələrin bəzəyi olan səməni, qoz-fındıq, müxtəlif çərəzlər, bayram şirniyyatları satılır. Hər il olduğu kimi bu il də yarmarkaya çıxarılan məhsulların  bazar qiymətindən ən azı 25-30 faiz ucuz satılacağı vəd edilir.

Qiymət lövhələri

Virtualaz.org xəbər verir ki, qiymətlərə nəzarət məqsədilə yarmarkaların girişində lövhələr qoyulub, satışa çıxarılan məhsulların qiyməti qeyd edilib. Satıcılara süni qiymət artımına yol verənlərin yarmarkadan uzaqlaşdırılacağı ilə bağlı xəbərdarlıq olunub.

Məsələn, lövhələrdə qabıqlı qozun qiyməti 4 manat 50 qəpik, şabalıd 6 manat 80 qəpik, qoz ləpəsi 11 manat 30 qəpik, badam 25 manat, innab 2 manat, ərik qurusu 8 manat 30 qəpik, kişmiş 6 manat 70 qəpik göstərilib.

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı çadır-yarmarkada satıcılar deyirlər ki, göstərilən qiymətdən maksimum 2-3 manat baha satmağa icazə verilir. “Ərik, qoz, fındıq ləpəsini 2-3 manat fərqlə satırıq. Məsələn, qovrulmuş fındıq ləpəsi 12 manatadır, halbuki bazarda 15 manatdan ucuz tapmaq olmur”, -satıcılardan biri deyir.

Aldım qoz, satdım qoz?

Digər satıcı isə söyləyir ki, qoz, fındıq, kişmiş, şabalıd Qəbələdən gətirilib, amma badam xaricdən alındığından nisbətən bahadır. “Badamın kilosunu topdansatış mərkəzlərindən 20 manatdan almışıq, deyirlər ki, elə aldığınız qiymətə də ver”, -satıcı söyləyir və əlavə edir ki, son 2 ildə badamın qiyməti birdən-birə artıb. Çünki xərçəng xəstələrinin ən çox qəbul etdiyi qidaların siyahısındadır.

Səməninin qiymətinə gəldikdə, 8 güşəli ulduz, yaxud buta formasında səməni 20-25 manatdan ucuz deyil, amma 2-3 manata da səməni tapmaq mümkündür.

Çadır yarmarkada məhsul çıxaranların sayı olduqca azdır. Satıcılar deyirlər ki, həftənin birinci günü yarmarkaya çıxmağa icazə verilməyib, yalnız gecə bir neçə nəfərlə əlaqə saxlayıb çərşənbə axşamı gəlmələri tapşırılıb. Satıcılar ciddi cəhdlə and-aman edirlər ki, satılan bütün məhsullar rayonlardan, əsasən də Xaçmaz, Quba, Qəbələ, İsmayıllıdan gətirilib.  

 “Alış-veriş bayram yaxınlaşdıqca qızışacaq…”

Metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında yerləşən “Kənddən şəhərə” yarmarkasında ötən illərlə müqayisədə alış-veriş xeyli zəifdir. Satıcılar bunu yarmarkanın təzə fəaliyyətə başlaması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, satış bayram yaxınlaşdıqca daha çox qızışacaq. Amma bununla belə, bayram bazarlığını indidən edənlərə də rast gəlinir.

Yarmarkada satışa çıxarılan bütün məhsulların qiymətləri girişindəki lövhədə qeyd olunub. Satıcılar deyirlər ki, hətta bəzi məhsulları oradakı qiymətdən də ucuz satırlar. Ümumilikdə bayram yarmarkasında bazardakı qiymətlərdən təxminən 1,5- 4 manata qədər fərq var. Ən çox satılan da Novruz bayramında ən çox tələbat olan məhsullar –qabıqlı qoz və fındıqdır. Bunların qiyməti yarmarkada 5-6 manatdan başlayır. Qoz və fındıq ləpəsi isə daha baha – 7-10 manatdan başlayır, 15-17 manatadək davam edir. Qabığı təmizlənmiş, qovrulmuş fındıq ləpəsi 10-15 manata təklif olunur.

Satıcılar deyirlər ki, ucuz satdıqları məhsullardan biri də şabalıddır. Qəbələ və Zaqataladan gətirilmiş şabalıdın kiloqramı 6-7 manatadır. Göyçaydan gətirilmiş yerli innab 3 manat, Özbəkistandan gətirilmiş innabın kiloqramı isə 6-8 manatdır. Qurudulmuş xurmanın kiloqramı növündən asılı olaraq 3-9 manat arasında dəyişir. Ən ucuzu Qubadan gətirilmiş xurma qurusudur – 3-4 manat. Yer fındığının kiloqramı 5-6 manat, qaysı qurusu 6-7 manat, gavalı qurusu 7 manat, iydə 4-6 manat, kişmişin kiloqramı da ölçüsündən asılı olaraq 7-13 manata satılır.

Yarmarkada ən bahalı məhsul badam ləpəsi və püstədir, müvafiq olaraq 21-23 manata təklif olunur.

Ən çox satılanlar: qabıqlı qoz, fındıq, şabalıd

Satıcılar da yarmarkada qiymətlərin bazardan təxminən 20-30 faiz ucuz olduğunu deyirlər: “Elə məhsul var ki, bazarla müqayisədə 1,5-2 manat, eləsi var ki, 3-4 manat qiymət fərqi var. Məsələn, bazarda 22 manata olan Ordubaddan gətirilmiş qoz ləpəsi yarmarkada 17 manata satırıq”.

Satıcılardan biri 15 və 17 manatlıq qoz ləpəsi arasında tərəddüd edən müştəriyə qiymət fərqini məhsulun görünüşü ilə izah edir: “Qoz ləpəsi var 15 manata, ləpə var 17 manata. Əslində bunların arasında elə bir fərq yoxdur, ikisi də təzə, təmiz, bütöv ləpədir. Fərq ancaq rənginə görədir. Biri ağ ləpədir, digəri qırmızı. Adətən alıcılar rəngi ağ olan ləpəyə üstünlük verirlər…”

Satıcıların sözlərinə görə, yarmarkada demək olar ki, ölkənin əksər bölgələrindən məhsullar satışa çıxarılıb.

“Ən çox qiymət fərqi qoz-fındıqdadır. Camaat bazardan bu qiymətə qoz-fındıq tapa bilmir. Bizdə qabıqlı qoz 5-6 manata satılır. Şabalıd bazarda 9-10 manatdır. Buradakı lövhədə 7 manat yazılıb, amma biz ondan da ucuz – 6 manata satırıq. Qabıqlı badamı heç kim 10 manatdan ucuz tapa bilməz, amma burada 7-8 manata satırıq”, – deyə satıcı Əli bildirir.

Yarmarkada həmçinin kənd toyuğu, yumurta və ət də nisbətən ucuz satılır. Burada qoyun ətinin kiloqramı 10 manata, mal ətinin kiloqramı isə 9 manata təklif olunur. Kənd yumurtası isə 20 qəpikdir.

Satıcıların bəziləri müştəri sayından narazılıq etməsələr də, heç alver edə bilmədiklərini deyənlər də var idi. Məsələn, adını söyləmək istəməyən satıcı deyir ki, kasıblıqdan əhali gen-bol bayram bazarlığı edə bilmir. Edənlər də, ən yaxşı halda 200 qram kişmiş və ya ucuz iydə alırlar: “130 manat maaş alan adam necə bazarlıq etməlidir ki? O maaşla elə ancaq 10 kiloqram ət ala bilərsən. Ona görə də alver yoxdur, müştəri azdır…”

“30 manat pul xərclədim, aldıqlarım torbanın dibində qaldı…”

“Gərək düzünü deyəsən…”

Alıcılar qiymətlərin bazara nisbətən ucuz olmasını desələr də, ümumilikdə qiymətdən narazı idilər: “Gərək düzünü deyəsən, bazardan ucuzdur, xüsusən markretlərdən alış-veriş edənlər üçün lap göydəndüşmə qiymətlərdir. Amma qiymətlər bahadır, pul çatdıra bilmirik. Bu axşam çərşənbədir deyə, uşaqlara xonça düzəltmək üçün xırdavat aldım. Aldıqlarım torbanın dibində qaldı, amma 30 manat pul xərclədim…”, – deyə Məlahət adlı alıcı bildirir.

Hüseyn Cavid prospektində quraşdırılmış bayram yarmarkasından əlavə bir neçə yerdə xırdavat və kənd təsərrüfatı məhsulları satılan kiçik çadırlara da rast gəldik. Bu çadırlarda qiymətlər bazar qiymətlərindən o qədər də fərqlənmədiyindən alıcı gözə dəymirdi. Gələnlərin əksəriyyəti isə qiymətlərlə maraqlanıb uzaqlaşırdılar.

Suraxanı və Xətai rayonlarındakı yarmarkalar isə boşdur, gələn alıcılar geri qayıdırlar. Məlum olur ki, bu yarmarkalar yalnız istirahət günlərində, ayın 16-dan 25-dək hər gün fəaliyyət göstərəcək.

Həmçinin oxuyun

“Banklarda depozitlərlə kreditlər arasında 20 faizədək fərq var”

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 42,6 milyon manat xalis mənfəət əldə edib. Maliyyə …