Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Gömrükdə yığımların artmasını şərtləndirən amillər – ŞƏRH

Gömrükdə yığımların artmasını şərtləndirən amillər – ŞƏRH

Nazirlər Kabinetinin Prezident İlham Əliyevin yanında 2020-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev maraqlı rəqəmlər açıqlayıb.

Komitə sədri bildirib ki, bu ilin 6 ayında Azərbaycanın ticarət həcmi idxal əməliyyatları üzrə 4,9 milyard dollar təşkil edib: “Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 29 milyon dollar azdır. Əgər biz keçən il Dövlət Neft Fondunun gətirdiyi qızılı nəzərə almasaq, ümumi idxalımızda 5,2 faiz civarında azalma tendensiyası gedir. İxrac əməliyyatlarımız isə bu ilin altı ayında 7,686 milyard dollar olub. İxrac əməliyyatlarının azalma tendensiyası 23 faiz təşkil edir. Ümumilikdə qeyri-neft sektoru üzrə ixrac əməliyyatları 911 milyon dollar olub ki, bu da keçən illə müqayisədə 67,5 milyon dollar azdır. Amma idxal və ixracın strukturuna baxdığımız zaman pandemiyadan asılı olaraq müəyyən dəyişikliklərin baş verdiyini görərik”.

S.Mehdiyevin sözlərinə görə, idxalda əsasən 296 milyon dollarlıq mallar, 27-ci qrupa aid olan neft, neft məhsulları, sürtkü yağları və yanacaq vasitələri olub ki, bu da 67 faiz azalma deməkdir: “Keçən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında 66 milyon manat azalma bu pozisiyada olub. İkinci yerdə 86-cı mal qrupunda lokomotivlər, xüsusilə dəmir yolu avadanlıqları 35 milyon manat azalıb və büdcə daxilolmalarında bu mövqe üzərində 89 faiz azalma baş verib. Ümumilikdə nəqliyyat vasitələri, maşın və mexanizmlərin gətirilməsi sahəsində, tütün məmulatlarında da 50 milyon manat həcmində azalma olub. Lakin pandemiya dövründə ərzaq təhlükəsizliyi sahəsində qabaqlayıcı tədbirlər nəticəsində idxalın ərzaq məhsulları üzrə artımı hesabına 34 faizə qədər artım əldə edilmişdir.

Səfər Mehdiyev — Vikipediya

Səfər Mehdiyev

İdxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da sizin kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində apardığınız uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Prezident gömrük yığımlarında artımın əsas səbəbinin şəffaflıq və qaçaqmalçılığa qarşı mübarizə olduğunu vurğulayıb: “Bu sahədə və vergilər sahəsində ciddi islahatlar aparılmasaydı, biz bu vəsaitdən məhrum olacaqdıq. Ona görə mən dəfələrlə demişəm ki, dövlət gəlirləri sahəsində tam şəffaflıq təmin edilməlidir. Sahibkarlar üçün elə bir şərait yaradılmalıdır ki, onlar artıq ağ iqtisadiyyata tam keçid edə bilsinlər. Onlar üçün artıq güzəştli dövr də təmin edilmişdir. Onlarla həm gömrük, həm vergi orqanları məsləhətləşmələr aparıblar, görüşlər keçiriblər, onlara izah edilib ki, dövləti aldatmayın və rahat yaşayın, gecənizi rahat yatın. Ona görə mən bu sahələrdə görülmüş işləri qiymətləndirirəm”.

Rövşən Ağayev: "Yardım alanların siyahısı açıqlanmalıdır" - AzToday

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki, gömrük yığımlarından daxilolmaların artımında bir neçə amil rol oynayır: “Artım göz qabağındadır, amma bu artımın hamısı gömrükdəki şəffaflaşmaya görə deyil. Şəffaflıqla yanaşı, digər səbəblər də var. Çünki 2015-ci ilin 6 ayı üzrə manatın dollar qarşısında məzənnəsi 0.97 manat təşkil etdiyi halda, bu ilin eyni dövründə 1.7 manat olub. Yəni 2015-ci ildə vergiyə cəlb olunan dövriyyə 4.5 milyard manat (4.7 milyard dollar), bu il isə 8.3 milyard manat (4.9 milyard dollar) olub. Göründüyü kimi, təkcə məzənnə hesabına vergi tutulan dövriyyədə 1.9 dəfə artım var”.

Ekspertin sözlərinə görə, 2015-ci ildə vergi daxilolmlalarının idxalın dəyərində payı 16 faiz, bu il isə 24 faiz olub: “Əgər 2015-ci ilin vergitutma əmsalı (təxminən 16 faiz) qalmış olsa idi, hazırda gömrük 1.3 milyard manat yığmış olardı. Yəni məzənnə hesabına büdcənin ekstra qazancları nəzərə alınmasa, sırf gömrükdəki şəffaflaşmalar hesabına yığımların 3 dəfə yox, təxminən 50 faiz genişlənməsi haqda danışmaq olar. Əlbəttə, az artım deyil, amma qiymətləndirmə obyektiv olmalıdır – 3 dəfə artım göstəricisinin hamısını qurumun ayağına yazmaq doğru deyil. Hələ onu da əlavə edim ki, aksizlərin timsalında gömrük vergi yükündə kəskin artım olub. Daxilolmaların artımında vergi yükünün ağırlaşmasının təsirini neytrallaşdırıb, sonra gömrüyün şəffaflaşdırma səylərinin yekun qiymətləndirilməsi aparılsa, daha ədalətli nəticələr görünər”…

Gömrük yığımlarında şəffaflaşma nəticəsində irihəcmli vəsaitlərin büdcəyə təmin edilməsi onu göstərir ki, DGK-nın əvvəlki rəhbərliyi idxal-ixrac prosesində şəffaflığı təmin etməyib. Bu isə hər il yüz milyonlarla manat vəsaitin büdcədən kənara axmasına səbəb olub. Aşkara çıxarılan bu faktlar üzrə DGK-nın əvvəlki rəhbərliyi barədə cinayət işinin qaldırılması mümkündürmü? Sualı cavablandıran hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, idxalın azalması fonunda gömrük rüsumlarının artması xeyli dərəcədə şəffaflıq prosesi ilə bağlıdır: “Bu barədə dövlət rəsmiləri çox danışırlar: həm vergi, həm gömrük sistemində şəffaflaşma var. Amma hüquqi cəhətdən bununla bağlı iş qaldırmaq çox çətindir. Əvvəla, sübut etmək lazımdır ki, əvvəl də bu qədər mal gəlirdi və onun bir hissəsi rəsmiləşdirilmirdi. İkincisi, bu prosesdə kimin məsuliyyət daşıdğını müəyyənləşdirmək  çətin məsələdir. Bu edilməsə, onda bütün gömrük işçilərini məsuliyyətə cəlb etmək lazım gələr: qeydiyyatdan yayınmanın konkret harada, kim tərəfindən edildiyini müəyyənləşdirmək çox çətin işdir. Hətta bu iki işi etmək mümkün olsa belə, qanunsuz əməlin Gömrük Komitəsinin keçmiş rəhbərliyinin göstərişi ilə edildiyini sübut etmək lazım gələcək. Komitənin hazırkı işçilərinin əksəriyyəti elə əvvəlki rəhbərliyin dövründə də işləyirdilər. Cinayət işi qaldırılacaqsa, onların da prosesə cəlb olunmasına ehtiyac yaranacaq.  Demək istədiyim odur ki, belə bir cinayət işinin qaldırılması qeyri-mümkündür”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Əkrəm Həsənov

Ə.Həsənovun fikrincə, məsələyə sistemli baxılmalıdır: “Azərbaycan cəmi 30 ildir müstəqil olub. Bütün dövlətlərin tarixi göstərir ki, ilkin kapital yığımı bu və ya başqa qanunsuzluqlarla müşayiət olunur. Məsələn, ABŞ-da yerli əhalini qırırdılar, ərazilərini zəbt edirdilər, qızıl çıxarırdılar, insanları qul kimi işlədirdilər və sair. Azərbaycanda da dövlət məmurlarının qanunsuz yollarla varlanması prosesi getdi. Bizdə ilkin kapital yığımı dövlət vəsaitlərinin talan olunması, mənimsənilməsi ilə müşayiət olundu. Bizim kimi yeni yaranan dövlətlərin hansında belə olmadı ki? Demək olar ki, hamısında eyni proses getdi. Dövlət zəif olan vaxtlarda məmurların belə korrupsiyalaşmaya meylli olması qaçılmazdır. İndiki halda bizim əsas işimiz maliyyə amnistiyası olmalıdır – bu insanlar qorxmadan yığdıqları vəsaitləri iqtisadiyyata yatırsınlar. Bir də bundan sonra korrupsiyaya imkan verilməsin – məmurlar üçün gəlir bəyannamələrinin təqdim olunması tətbiq edilsin və məcburi xarakter daşısın. Eyni zamanda yalnız rüşvəti alan deyil, verənlər də məsuliyyətə cəlb olunsun. İndiki halda var-dövlət toplayan insanların məsuliyyətə cəlb olunması ölkədə qarışıqlıqlara, qarşıdurmalara səbəb ola bilər”. Musavat.com

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …