Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Gömrükdən kim daha çox pul yığıb: Mehdiyev, yoxsa Bağırov?

Gömrükdən kim daha çox pul yığıb: Mehdiyev, yoxsa Bağırov?

Yola saldığımız 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686,5 milyon dollar olub. 
Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara əsasən, ötən il ərzində Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği 5 milyard 653,1 milyon manat (3 milyard 325,3 milyon dollar) olub. Nəticədə toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 6,3%-nə bərabər olub.
Məlumat üçün qeyd edək ki, ötən ilin iyul ayında Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik olub. Hazırda sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ötən ilin iyul ayının sonundan etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. İlin ilk 7 ayında isə Komitəyə rəhbərlik Səfər Mehdiyev tərəfindən həyata keçirilib.
Aylar üzrə toplanan gömrük vergi və rüsumlarının məbləğinə baxdığımız zaman belə görünür ki, ilin ilk 7 ayında, yəni Səfər Mehdiyevin Komitəyə rəhbərlik etdiyi dövrdə daha az vəsait toplanıb.
Belə ki, ötən ilin ilk 7 ayında ümumilkidə 30 milyard 58,9 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 5,9%-i səviyyəsində – 1 milyard 776,6 milyon dollar (3 milyard 20,3 milyon manat) gömrük vergi və rüsumları yığılıb.
Ötən ilin son 5 ayında isə ümumilkidə 22 milyard 627,6 milyon dollar ticarət dövriyyəsi olub və bu məbləğin 6,8%-i səviyyəsində – 1 milyard 548,7 milyon dollar (2 milyard 632,8 milyon manat) gömrük vergi və rüsumları toplanıb.
Ən yüksək gömrük vergi və rüsumları ötən ilin dekabr ayında toplanıb. 2022-ci ilin dekabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 3 milyard 413,9 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 9,7%-i həddində (332,4 milyon dollar) olub.
Ən az gömrük vergi və rüsumları isə oktyabr ayında yığılıb. Oktyabr ayında ticarət dövriyyəsinin ümumi həcmi 6 milyard 455,3 milyon dollar olub və toplanan gömrük vergi və rüsumları bu məbləğin 3,8%-i həddində (246,6 milyon dollar) olub.

Həmçinin oxuyun

Elektrik enerjisini xarici ölkələrə 9,6 qəpiyə, özümüzə isə 10 qəpiyə satırıq

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 718 milyon 122,16 min kVt/saat elektrik enerjisi …