Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Gömrükdə “new monopoliya”: Poçt göndərişləri niyə saxlanılır?

Gömrükdə “new monopoliya”: Poçt göndərişləri niyə saxlanılır?

Azərbaycanda poçt göndərişlərinin gömrük orqanlarında ləngidilməsi ilə bağlı etirazlar gündəmdədir.

Qaynarinfo xəbər verir ki, bununla bağlı “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu narazılıq bildirib. Onun sözlərinə görə, son vaxtlar xaricdən gələn bağlamalar gömrükdə ilişib qalır:

“Doğrusu, səbəbini bilmirəm. Şəxsən mənə müxtəlif nəşriyyatlardan kitab nümunələri göndərilir, amma gəlib mənə çatmır. Gömrük saxlayıb, deyirlər, gömrük rəsmiləşdirməsi lazımdır. Məncə, bu, heç düzgün iş deyil, hər bir konvertə, bağlamaya görə gömrük rəsmiləşdirilməsi etmək hansı qanunda yazılıb görəsən?”

Qeyd edək ki, şikayətçi olan tək Ş.Xuduoğlu deyil. Onun mövzu ilə bağlı sosial şəbəkədə açdığı postun altında digər vətəndaşlar da belə problemlərlə üzləşdiklərini bildiriblər. Tanınmış jurnalist Pərviz Cəbrayıl qeyd edib ki, poçtda malların gömrükdən buraxılmadığını deyiblər.

Vətəndaşlar yaranmış durumdan narahatdırlar. Qarşıdan Yeni il gəldiyini nəzərə alsaq, göndərişlərin sayının çox olacağı şübhəsizdir. Belə çıxır ki, gömrükdə bilərəkdən, yaxud bilməyərəkdən yaradılan problemlərə görə vətəndaşlar bayram bağlamalarını ancaq bayramdan sonra ala biləcəklər. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov saytın poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən malların gömrük orqanları tərəfindən saxlanılması, buraxılmaması və ya rəsmiləşdirilmə prosesinin yubadılmasına dair sorğusuna cavab verib. O bildirib ki, qurumun aidiyyəti struktur bölmələri gündəlik iş rejimində fəaliyyət göstərir və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallar gömrük qanunvericiliyə əsasən operativ qaydada müvafiq gömrük prosedurlarından keçirilərək qısa vaxt ərzində rəsmiləşdirilir və təhvil verilir.

Qeyd edək ki, bu, heç də yeni problem deyil. Belə ki, iqtisadçı ekspert Nazim Bəydəmirli təxminən bir il əvvəl oxşar porblemlə üzləşməsi haqqında yazmışdı.

“Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib. Bir həftədir anbarda durur. İndicə mənə daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik, çünki Gömrük Komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, sizin bunu mən bəyannamə verib pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz ki, satıcıya çatdıraq ya da ki, 45 gündən sonra bağlamanız məhv ediləcək”, – deyə ekspert bildirmişdi.

Narazılıqların yenidən baş qaldırılması ilə bağlı məsələni şərh edən N.Bəydəmirli problemin nədən qaynaqlandığı haqda danışdı. Onun sözlərinə görə, fiziki şəxslərin ölkəyə sadə bəyannamə ilə 1500 dollara qədər dəyərdə mal gətirmək hüququ var:

“Bunu da karqo şirkətlər gətirirlər və əslində onların gömrük rəsmiləşdirilməsi tələbi saxlanc anbarlarının marağına xidmət edir. Çünki orada bir neçə gün vaxt itkisi gedirsə, bəyannamə verilsə belə, müəyyən məbləğ ödənməlidir. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Mənim sifariş etdiyim telefonu gömrükdə saxlamışdılar, heç bir əsaslanma olmadan. Bu, yeni monopoliya növüdür. Mən hər zaman bunu bəyan edirəm və gömrükdə bu tip problemlərin olduğunu deyirəm. Bu, həm gömrüyün öz işinə yarayır, həm də anbarların. Məsələn, aeroportda insanlar daha çox həmin problemlə qarşılaşırlar, ölkədə bahalıq olduğuna görə insanlar bir çox məhsulları xaricdən almağa üstünlük verirlər. Nonsens odur ki, ölkədə “Elektron ticarət haqqında” qanun var, Nazirlər Kabinetinin qərarı var, bu malları gömrüksüz, rüsumsuz gətirmək imkanı var. Amma gömrük orqanlarının topladıqları rüsumu süni artırmaq üçün belə süni problemlər yaradılır. Bu da insanların kütləvi narazılığına səbəb olur. Bütün dünyada olduğu kimi, elektron ticarətin qaydaları var: yük göndərən tərəf vətəndaşın yaşadığı ünvana çatdırmağa borcludur. Amma daşımalarla məşğul olan şirkətlərə gömrük süni maneələr yaradır, bu da qeyd etdiyim kimi, monopoliyanın bir növüdür.

Türkiyədən, Dubaydan, Çindən, Amerikadan, Rusiyadan və digər ölkələrdən daşıma xidməti həyata keçirən şirkətlərin işini çətinə salırlar, xərclərini artırırlar, nəticədə onlar da həmin xərcləri vətəndaşdan alırlar. Anbarlarda saxlanma haqları da az məbləğ deyil. Bir sözlə, məsələnin kökündə duran Azərbaycanda olan inhisarçılıqdır. Bunu da yaradan Gömrük Komitəsidir. Komitənin bu tip məsələlərdə mövqeyi vətəndaşların xeyrinə deyil, süni baryerlər yaradaraq insanların xərclərini artırmağa yönəlikdir. Bu da bir daha onu sübut edir ki, Gömrük Komitəsi süni qiymət artımı yaradan yeganə dövlət orqanıdır və onun ləğv olunması vacibdir”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …